İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ  

Bakıda müəllimləri işə qəbul etdirmək, sertifikasiya nəticələrinə təsir göstərmək və iş yerlərini dəyişdirmək vədi ilə dələduzluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Məlahət Mustafayeva 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Digər təqsirləndirilən şəxslər – 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova və Tahirə Şamilova isə 5 il müddətinə şərti cəzaya məhkum ediliblər. Onların hər birinə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülmüşdü. İttihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə çalışan Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə əlbir olaraq bir sıra müəllimləri və vətəndaşları aldadıb. Onlar zərərçəkmişlərə Elm və Təhsil Nazirliyində yüksək vəzifəli tanışlarının olduğunu bildirərək müəllimlərin işə qəbulunu, sertifikasiya imtahanlarında yüksək nəticə əldə etməsini, iş yerinin dəyişdirilməsini və hətta ali məktəblərə qəbulunu təşkil edə biləcəklərini vəd ediblər.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər Azərbaycan dili və ədəbiyyat müəllimi Sona Rəhimliyə onu 88 saylı məktəbə işə düzəldəcəklərini bildirərək 16 min manat tələb ediblər. Bu məbləğin 10 min manatı əvvəlcədən alınıb, qalan hissəsinin isə iş düzəldikdən sonra ödənilməsi razılaşdırılıb. Lakin vəd yerinə yetirilməyib.

Eyni üsulla digər müəllimlər də aldadılıb. Belə ki, Nuridə Hüseynovanın işə qəbul olunacağı vədi ilə ailəsindən 16 min manat, rus dili müəllimi Ayna Bayramovadan 15 min manat, texnologiya müəllimi Şirin Qafarovanın işlə təmin edilməsi adı ilə onun ailəsindən 10 min manat, tarix müəllimi Nəsimi Kərimovun iş yerinin dəyişdirilməsi üçün isə 12 min manat alınıb. Cinayət işi materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər bir neçə nəfəri də ali məktəblərə qəbul etdirmək adı ilə aldadıblar. İstintaqla müəyyən edilib ki, zərərçəkmişlərə vurulan ümumi maddi ziyanın məbləği 160 min 500 manat təşkil edib.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR