İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə qərarı Hacı Qalibin darvazası önündə ACIZ qalıb – TƏFƏRRÜAT

“Artıq 9 aydır ki, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı havada qalıb. Ən müxtəlif texniki əsaslarla proses uzadılır. Mülkiyyətçi olaraq hüquqlarımın bərpası faktiki olaraq ləngidilir”.

Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyev deyib.

O, Bilgəh qəsəbəsindəki 20 sot özəl torpaq sahəsi ilə bağlı uzun illərdir mübarizə aparır. İşdə qarşı tərəf keçmiş deputat Qalib Salahzadənin gəlini Xatirə Allahşükür qızı Salahzadədir. Bu torpaq sahəsi ətrafında illərdir davam edən mübahisə ilə bağlı Bakı Apelyasiya Məhkəməsi ötən il iş üzrə Seymur Quliyevin xeyrinə qərar verib və ərazinin boşaldılması üçün 6 noyabr 2025-ci ildə icra sənədi Sabunçu İcra Şöbəsinə təqdim olunub.

Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3148/2025-010 nömrəli, 06.11.2025-ci il tarixli icra sənədinə əsasən Seymur İsrafil oğlu Quliyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsi (DƏDRX tərəfindən verilmiş Çıxarış, reyestr nömrəsi 005013028116, qeydiyyat nömrəsi 1117006984, qeydiyyat tarixi 07.02.2017-ci il, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A №528864 və DƏDRX tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü) cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən boşaldılmalı və Seymur İsrafil oğlu Quliyevə təhvil verilməlidir.

Həmin torpaq sahəsinə maneəsiz gediş-gəliş təmin olunmalı, gediş-gəlişin təmin edilməsi məqsədilə yolun üzərində olan dəmir darvaza, şlaqbaum və digər parklanma avadanlıqlarının yalnız Seymur İsrafil oğlu Quliyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsinə düşən hissəsi cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən sökülməli, ictimai avtomobil yolundan iddiaçı Seymur İsrafil oğlu Quliyevin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsinə iddiaçı Seymur İsrafil oğlu Quliyevə zəruri keçidin verilməsi vəzifəsi cavabdeh Xatirə Allahşükür qızı Salahzadənin üzərinə qoyulmalı, zəruri keçid - Zağulba prospektindən hazırda cavabdehə məxsus torpaq sahəsinə giriş hissəsindən iddiaçının torpaq sahəsinə doğru istiqamətdə, yolun sol tərəfi ilə iddiaçıya məxsus torpaq sahəsinin eni 11 metr olan hissəsindən, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Salahzadə küçəsi, döngə 21, ev 2 ünvanına dair tərtib edilmiş reyestr nömrəsi 6921, inventar nömrəsi 197 olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda təsvir edilən formada və ölçüdə verilməlidir. Artıq 9 aydır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası müxtəlif səbəblərlə uzadılır və mülkiyyətçinin hüquqları kağız üzərində qalır.

Musavat.com xəbər verir ki, iddiaçı Seymur İsrafil oğlu Quliyev ilə cavabdeh Xatirə Allahşükür qızı Salahzadə arasında olan mübahisə Sabunçu Rayon İcra Şöbəsinin icra sənədi ilə icra mərhələsinə keçsə də, real icra tədbirləri hələ ki, baş tutmayıb.

Bakı Apelyasiya Məhkəməsinin 6 noyabr 2025-ci il tarixli qərarına əsasən, Seymur İsrafil oğlu Quliyevə məxsus olduğu təsdiqlənən 20 sot torpaq sahəsi tam boşaldılmalı və ona təhvil verilməlidir. Qərara görə, cavabdeh Xatirə Allahşükür qızı Salahzadə torpaq sahəsini dərhal boşaltmalı və mülkiyyətçiyə təhvil verməlidir. Həmçinin, əraziyə maneəsiz giriş-çıxışı təmin olunmalı, yolun üzərindəki darvaza, şlaqbaum və digər fiziki maneələri sökməli, ictimai yoldan torpaq sahəsinə keçidi bərpa etməlidir. Eyni zamanda keçidin konkret olaraq Bilgəh qəsəbəsi, Salahzadə küçəsi, döngə 21, ev 2 istiqamətindən, texniki pasportda göstərilən ölçü və formada təmin olunması müəyyən edilib. Məhkəmə qərarının maliyyə hissəsi qismən icra olunub. Cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən Seymur İsrafil oğlu Quliyevə 16 min 200 manat məbləğində vəsait ödəyib və bu məbləğ Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülüb. Bundan əlavə, ekspertiza xərcləri üzrə 100 manatlıq ödəniş də tərəflər arasında bölüşdürülüb və icra sənədinə uyğun şəkildə rəsmiləşdirilib. Lakin qərarın əsas hissəsi, yəni torpaq sahəsinin boşaldılması və keçidin təmin edilməsi hələ də icra edilməyib.

Məhkəmə qərarı 5 oktyabr 2025-ci ildə qanuni qüvvəyə minib, icra sənədi isə 6 noyabr 2025-ci ildə Sabunçu Rayon İcra Şöbəsinə təqdim olunub. Həmin tarixdən ötən müddət ərzində qərarın icrası üçün hüquqi əsaslar tam formalaşıb. Buna baxmayaraq, artıq 5 aydır icra prosesi yekunlaşmır. Müxtəlif səbəblər göstərilsə də, nəticə dəyişməyib. Seymur Quliyevin özəl mülkiyyətində olan torpağa gedən yolda quraşdırılmış darvaza yerində qalır, şlaqbaum sökülməyib, torpaq sahəsinə giriş təmin olunmayıb.

Hazırkı vəziyyətə görə Seymur İsrafil oğlu Quliyevə məxsus torpaq sahəsi faktiki olaraq istifadəyə verilməyib, Xatirə Allahşükür qızı Salahzadəyə məxsus fiziki maneələr hələ də aradan qaldırılmayıb. Faktiki olaraq ictimai yoldan keçid bərpa edilməyib. Məhkəmə qərarı tam şəkildə icra olunmayıb. Bu vəziyyət mülkiyyət hüququnun real icrasını faktiki olaraq qeyri-mümkün vəziyyətə salır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məcburidir və icra məmurları tərəfindən dərhal təmin edilməlidir. Belə olan halda Sabunçu Rayon İcra Şöbəsinin icraatında olan bu iş üzrə qərarın 9 aydır tam icra olunmaması ciddi hüquqi suallar yaradır. Xüsusilə icra prosesinin niyə uzandığı, fiziki maneələrin niyə sökülmədiyi, mülkiyyətçinin hüquqlarının niyə tam bərpa olunmadığı kimi məsələlər açıq qalır.

Bakı Apelyasiya Məhkəməsinin qərarı hüquqi qüvvəyə malik olsa da, Seymur İsrafil oğlu Quliyevin mülkiyyət hüququ faktiki olaraq hələ də tam təmin edilməyib. 9 aydır davam edən icra gecikməsi nəticəsində darvaza yerində qalır, keçid bağlıdır və torpaq sahəsi istifadəsiz vəziyyətdə saxlanılır. Hazırkı vəziyyət mübahisəni yalnız tərəflər arasında deyil, eyni zamanda məhkəmə qərarlarının icrası mexanizminin effektivliyi baxımından da aktual saxlayır. Sabunçu İcra Şöbəsi isə icra işini iyunun 30-da həyata keçirəcəyini açıqlayıb. Halbuki məhkəmə qərarının icra müddəti 2 aydır.

Mövzuya qayıdacağıq.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR