İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldə PANİKA: Bakı və Ankara birləşib...

“Türkiyə və Azərbaycan Ermənistanı Rusiyadan və Avrasiya İqtisadi Birliyindən ayırmaq üçün İrəvana "dəstək göstərməyə" hazırdır”.

Bunu rusiyalı politoloq Andrey Areşev "Rossiya Seqodnya" informasiya agentliyində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti tərəfindən elan edilən Avropaya inteqrasiya nəticə etibarilə Türkiyə və Azərbaycanın regionda iqtisadi təsirinin artmasına səbəb olacaq. Nəticədə Ermənistan Avrasiya İqtisadi Birliyindən ayrılacaq.

Rusiyanın narahatlığı əsaslıdırmı? Qarşıdakı illərdə Azərbaycan və Türkiyə Ermənistanı Rusiyadan ayıracaqmı?

ayddd.jpg (260 KB)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, rusiyalı siyasətçilərin narahatlığı Rusiyanın regiondakı təsirinin azalması ilə bağlıdır və müəyyən əsasları var. Lakin Azərbaycan və Türkiyənin Ermənistanı Rusiyadan "qoparması" barədə tezis daha çox siyasi-metaforik xarakter daşıyır:

“Bakı və Ankara Ermənistanın alternativ iqtisadi və nəqliyyat imkanlarını genişləndirə bilər, amma İrəvanın geosiyasi seçimlərini müəyyən etmirlər. Çünki Azərbaycan və Türkiyə Ermənistanın daxili işlərinə, xarici siyasətində hansı istiqaməti seçməsi məsələsinə müdaxilə etmir. “Azərbaycan və Türkiyə Ermənistanı Rusiyadan ayıra bilər” fikrinə gəlincə, "Ayırmaq" ifadəsi bir qədər şişirdilmiş ifadədir.
Andrey Areşevin səsləndirdiyi fikirlər Rusiyada son illərdə formalaşan geosiyasi narahatlığın əksidir. Moskva Ermənistanın Qərbə inteqrasiya kursunu təkcə Ermənistan-Aİ münasibətləri kontekstində deyil, həm də Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının azalması prizmasından qiymətləndirir. Ermənistan uzun illər Rusiyanın regiondakı ən yaxın müttəfiqlərindən biri olub. Ermənistan iqtisadiyyatının mühüm hissəsi Rusiya bazarı, rus investisiyaları, enerji sektoru və əmək miqrasiyasından asılıdır. Ermənistan həmçinin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Moskva ilə sıx inteqrasiyaya malik olub.

Lakin 2020-ci ildən etibarən baş nazir Nikol Paşinyan hökuməti xarici siyasətdə balansı dəyişmək kursu götürüb. Bu baxımdan Moskvanın narahatlığı son seçkilərdən sonra daha da artıb”.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması Ermənistanın alternativ iqtisadi imkanlar əldə etməsinə şərait yarada bilər:

“Türkiyə-Ermənistan sərhədinin açılması, regional nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması, ticarət dövriyyəsinin artması, enerji və logistika layihələrinə qoşulma imkanları, Azərbaycanla sülh müqaviləsindən sonra iqtisadi əməkdaşlığın genişlənməsi kimi amillər Ermənistanın iqtisadi manevr imkanlarını artırar və başqa mərkəzlərdən asılılığını müəyyən qədər azalda bilər.

Lakin bu da Ermənistanın Rusiya bazarına tamamilə ehtiyac duymayacağı demək olmaz. Sadəcə olaraq, əgər Azərbaycanla sülh müqaviləsi imzalanarsa və Türkiyə ilə sərhədlər açılarsa Ermənistanın regional təcridi zəifləyəcək, Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr artacaq, Avropa ilə əməkdaşlıq genişlənəcək. Amma bu, Ermənistanın tam şəkildə Rusiya orbitindən çıxmasına da gətirməyək”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR