Onlayn ictimai-siyasi qəzet
Ermənistanın revanşist mövqeli politoloqlarından Beniamin Matevosyan yenidən Azərbaycanla bağlı qorxu ssenarisi irəli sürərək Bakının guya Ermənistana qarşı yeni müharibəyə hazırlaşdığını iddia edib.
Musavat.com xəbər verir ki, Matevosyan bu dəfə Azərbaycan rəsmilərinin Qarabağdakı tarixi-mədəni irslə bağlı mövqeyini və Bakıda keçmiş separatçı rejimin rəhbərləri üzərində aparılan məhkəmə prosesini öz iddialarına əsas kimi göstərməyə çalışıb.
Politoloqun narazılığına səbəb olan məsələlərdən biri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun İrəvanda Matenadaranı ziyarət etməsi və Qarabağda “zəngin erməni izinin” mövcudluğunu şübhə altına almadığını bildirməsi olub.
Matevosyan bundan sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi və Prezident İlham Əliyevi hədəfə alaraq Bakını tarixi saxtalaşdırmaqda ittiham edib.
O, Hikmət Hacıyevin xarici diplomatlarla Qarabağa səfərləri zamanı bölgədəki bir sıra qədim abidələrin Qafqaz Albaniyası irsi kimi təqdim edilməsi barədə danışıb.
Erməni politoloq bununla kifayətlənməyərək Bakıda Qarabağdakı keçmiş separatçı rejimin rəhbərləri barəsində davam edən məhkəmə prosesini də Azərbaycan əleyhinə ittihamlarına daxil edib.
Matevosyan iddia edir ki, Azərbaycan bununla Ermənistanı 44 günlük müharibədə “təcavüzkar dövlət” kimi təqdim etmək üçün hüquqi və tarixi baza hazırlayır.
Onun fikrincə, söhbət artıq yalnız Qarabağdakı keçmiş separatçı qurumdan deyil, birbaşa Ermənistan dövlətindən gedir.
Politoloq daha sonra ritorikanı bir qədər də sərtləşdirərək bütün bunları Ermənistan dövlətçiliyi üçün “ekzistensial təhlükə” adlandırıb və məsələyə Ermənistan Təhlükəsizlik Şurası, parlament, Müdafiə Nazirliyi və hökumətin müdaxilə etməli olduğunu söyləyib.
Matevosyan sonda heç bir konkret sübut göstərmədən belə bir iddia irəli sürüb:
“Azərbaycan metodik şəkildə yeni müharibəyə hazırlaşır və əvvəlcədən bunun üçün “sübut bazası” formalaşdırır”.
Qeyd edək ki, Matevosyan bundan əvvəl də Azərbaycanla bağlı sərt və qorxu yaradan ssenarilərlə çıxış edib. Onun son açıqlamasında da Azərbaycanın yeni hərbi əməliyyata hazırlaşdığına dair konkret fakt və ya məlumat təqdim edilmir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ