Onlayn ictimai-siyasi qəzet
Hindistanda 21 yaşlı Surendra Singh Choudhary Madhya Pradeş əyalətinin Rajgarh bölgəsində yerləşən Ajnar çayını öz imkanları ilə təmizləməyə başlayıb. Gənc plastik tullantıları, zibilləri və yosunları çaydan çıxararaq onun görünüşünü əhəmiyyətli dərəcədə dəyişib.
Musavat.com xəbər verir ki, Surendranın apardığı təmizlik işlərinin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra onun fəaliyyəti əvvəlcə hindistanlı sənayeçi Anand Mahindranın diqqətini çəkib. Daha sonra isə gəncin fəaliyyəti Hollandiya mərkəzli The Ocean Cleanup təşkilatının diqqətindən yayınmayıb.
Təşkilatın təsisçisi və CEO-su Boyan Slat gəncə birbaşa müraciət edərək onu komandalarına qoşulmağa dəvət edib və rəsmi iş təklifi irəli sürüb.
Okeanlardakı plastik tullantıların təmizlənməsi istiqamətində fəaliyyət göstərən The Ocean Cleanup 2040-cı ilə qədər okeanlardakı üzən plastik tullantıların 90 faizini aradan qaldırmağı hədəfləyir.
Surendranın təkbaşına başladığı ekoloji mübarizənin belə böyük beynəlxalq təşkilatın diqqətini cəlb etməsi fərdi təşəbbüslərin qlobal miqyasda necə təsir yarada biləcəyini bir daha göstərib.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ