Onlayn ictimai-siyasi qəzet
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi və Bakı təşkilatının üzvləri Türk Şəhidliyini ziyarət edib.
Bu barədə Musavat.com-a partiyadan məlumat verilib.
Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad edilməsinin 108-ci ildönümü münasibətilə keçirilən ziyarətdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan igidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.
Partiyanın sədri, Xalq şairi Sabir Rüstəmxanlı çıxışında tarixi məqamlara toxunaraq bildirib ki, Bakının işğal altında olduğu, paytaxtın müvəqqəti olaraq Gəncəyə köçürüldüyü dövrdə Məmməd Əmin Rəsulzadə Türkiyədən hərbi yardım xahiş etmişdi. Ənvər Paşa isə öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun başçısı təyin edərək Bakını xilas etmək üçün göndərmişdi.
Sabir Rüstəmxanlı Nuru Paşanın qəhrəmanlığından, türk əsgərlərinin azərbaycanlılarla çiyin-çiyinə göstərdikləri şücaətdən danışaraq vurğulayıb ki, 15 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu şərəfli səhifəni Nuru Paşanın rəhbərliyi ilə türk əsgərləri və azərbaycanlı döyüşçülər birlikdə yazıblar.
Bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi olduğunu bildirən S.Rüstəmxanlı vurğulayıb ki, 15 sentyabrda hərbi parad keçirilməsi barədə qərar təqdirəlayiqdir: “Ancaq hesab edirəm ki, Azərbaycanın Nuru Paşaya vəfa borcu olaraq Bakıda abidəsinin ucaldılması da mütləqdir”.
13 Oktyabr 2026
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ