İnsanlara hürriyət, millətlərə istiqlal!

Dronlardan qorxub Soçidən qaçdılar 

Rusiyada hər il keçirilən nüfuzlu “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısı Ukrayna dronlarının hücum təhlükəsi səbəbindən Soçidən Moskva vilayətinə köçürülüb.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, “Valday”ın illərdir ənənəvi olaraq keçirildiyi Soçidən imtina edilməsinin əsas səbəbi son dövrlərdə Ukrayna pilotsuz uçuş aparatlarının Krasnodar diyarına hücumlarının intensivləşməsidir.

FT-yə danışan iki mənbə tədbirin yerinin dəyişdirilməsində Rusiya prezidentinin təhlükəsizlik xidmətinin israr etdiyini bildirib.

“Valday”a dəvət edilmiş təxminən 120 nəfər tədbirin başqa məkanda keçiriləcəyi barədə hələ avqustda məlumatlandırılıb. Halbuki ilkin dəvətnamələrdə toplantının Soçidə keçirilməsi nəzərdə tutulurdu.

Rusiya rəsmiləri və “Valday”ın təşkilatçıları məkanın dəyişdirilməsinin səbəbini ictimai şəkildə açıqlamayıblar.

Klubun ənənəvi yekun siyasi çıxışının və uzun sual-cavab sessiyasının bu dəfə də toplantının son günündə keçirilməsi nəzərdə tutulur.

FT diqqət çəkir ki, Rusiya rəhbəri ötən ilin oktyabrından bəri Soçiyə səfər etməyib.

Bu il isə Soçi və Krasnodar diyarının Qara dəniz sahillərinə dron hücumları nəzərəçarpacaq dərəcədə artıb. Son hücumlardan birində Soçidə biri uşaq olmaqla beş nəfərin yaralandığı bildirilir.

“Agentstvo”nun hesablamalarına görə, may ayının əvvəlindən bəri Krasnodar diyarının Qara dəniz sahillərinə hücumlar nəticəsində ölən və yaralananların ümumi sayı təxminən 170 nəfərə çatıb.

Beləliklə, artan dron təhlükəsi artıq təkcə hərbi və enerji obyektlərinə deyil, Rusiyanın ən tanınmış beynəlxalq siyasi tədbirlərindən birinin keçirilmə planına da təsir göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR