İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kaş yaşayardı, daha çox çəkərdi”

Tanınmış hüquqşünas Fərhad Mehdiyev Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həyatını itirən qızı Zəhra Mehdiyeva ilə bağlı növbəti dəfə paylaşım edib.

Musavat.com xəbər verir ki, övlad itkisi ilə üzləşən hüquqşünas ağrının yalnız yaşayanlar tərəfindən dərk oluna biləcəyini vurğulayıb.

“Ağrını başa düşmək olmur, onu ancaq hiss etmək olur, əgər o ağrını yaşayırsansa. Allah heç kəsə yaşatmasın”, - deyə F.Mehdiyev qeyd edib.

Hüquqşünas paylaşımında qəzanın hüquqi aspektlərinə də toxunaraq hadisədə iştirak edən “Mercedes” markalı avtomobilin sürücüsünün mümkün məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, yayılan görüntülərdən hadisənin bütün detalları tam aydın görünmədiyi üçün avtomobilin dayanması ilə qəzanın baş verməsi arasında keçən vaxt araşdırılmalıdır:

“Əgər sürücünün tədbir görməyə vaxtı olmayıbsa, o, baqajı açmalı və avtomobilin arxasında xəbərdaredici nişan yerləşdirməli idi. Əgər avtomobildə yaranan nasazlıq əvvəlcədən təxmin edilə bilən nasazlıq olmayıbsa, həmin şəxs təqsirli hesab edilməyə bilər”.

F.Mehdiyev bildirib ki, sürücünün avtomobildəki nasazlıqdan əvvəlcədən məlumatlı olduğu müəyyən edilərsə, vəziyyət fərqli qiymətləndirilə bilər:

“Bunu ekspertiza müəyyən edir. Əgər sürücü nasazlıq barədə məlumatlı olubsa, yolun sol zolağı ilə hərəkət etməməli, sağ zolaqdan istifadə etməli idi. Bundan başqa, avtomobil dayandıqdan dərhal sonra təxminən 20 metr aralıda xəbərdaredici nişan yerləşdirməyibsə, bu halda onun təqsirli sayılması üçün əsaslar yaranır”.

Hüquqşünas mərhum qızının fəaliyyəti ilə bağlı səsləndirilən bəzi fikirlərə də münasibət bildirib. O, Zəhranın yaradıcılığa böyük maraq göstərdiyini qeyd edib:

“Qızım aktrisa və model olmağa çalışırdı. Mən bu seçimi dəstəkləməsəm də, onun qərarına hörmətlə yanaşırdım. Bununla bağlı nə videolar çəkibsə, yaxşı edib. Cəmi 17 yaşı var idi, çox yaradıcı idi. Kaş yaşayardı, çəkilişlərini davam etdirərdi, daha çox işlər görərdi”.

Xatırladaq ki, Bakı-Sumqayıt magistralında baş verən ağır qəza nəticəsində həyatını itirən 17 yaşlı Zəhra Mehdiyevanın ölümü cəmiyyətdə geniş rezonans doğurub. Hadisənin bütün təfərrüatları üzrə araşdırmalar davam etdirilir.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR