İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamil Şahverdidən Çingiz Abdullayevə sərt ittiham: “Bu mədəniyyətsiz xalqın Xalq yazıçısı olmaq necə?”

Rəşid Behbudovun kürəkəni, Space TV-nin keçmiş rəhbəri Kamil Şahverdi Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan cəmiyyəti ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Kamil Şahverdi sosial şəbəkə hesabında paylaşdığı yazıda Çingiz Abdullayevin Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı medianın və cəmiyyətin marağını “mədəniyyətsizlik” kimi qiymətləndirməsinə münasibət bildirib.

O, Çingiz Abdullayevə müraciət edərək Polad Bülbüloğlunun evlənməsi ilə bağlı xəbərin ölkə mediasında və sosial şəbəkələrdə geniş yayılmasını xatırladıb.

“Çox hörmətli Çingiz müəllim, sizin əqidə dostunuz Polad Bülbüloğlunun evlənmək xəbərini Azərbaycanda demək olar ki, bütün KİV-lər paylaşdı. Sosial şəbəkələrdə on minlərlə paylaşım oldu. Yüz minlərlə insan şərh yazdı. Ümumilikdə götürəndə milyonlarla insan bu məsələyə münasibət bildirdi. İki-üç gündür ki, bu xəbər gündəmdən düşmür”, – deyə Şahverdi qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin məsələyə böyük maraq göstərməsi diqqətdən kənarda qala bilməz.

Kamil Şahverdi sosial şəbəkələrdə Polad Bülbüloğlunun ünvanına yazılan rəylərin böyük əksəriyyətinin mənfi olduğunu iddia edib:

“Əgər fikir verdinizsə, şərhlərdə Polad Bülbüloğluna müsbət rəy yazanların sayı sıfıra bərabərdir. Necə deyirlər, elin gözü tərəzidir”.

Şahverdi Çingiz Abdullayevin “Xalq yazıçısı” statusuna da toxunaraq onun Azərbaycan xalqını “mədəniyyətsiz” adlandırmasının qəbuledilməz olduğunu bildirib.

“Siz Xalq yazıçısı olaraq bütün milləti mədəniyyətsiz adlandırırsınız. Bəlkə 18 il mədəniyyət naziri işləmiş, indi də Milli Məclisdə Mədəniyyət komitəsinin sədri olan əqidə dostunuzdan soruşasınız, bu mədəniyyətsiz xalqı mədəni etmək üçün nə etmək lazımdır”, – deyə o yazıb.

Kamil Şahverdi həmçinin Çingiz Abdullayevə Polad Bülbüloğlu ilə bu məsələ barədə fikir mübadiləsi aparıb-aparmadığını soruşub:

“Siz görüşəndə heç bu məsələni müzakirə etmisinizmi? Ana diliniz olan rusca da olsa, heç fikir mübadiləsi aparmısınızmı?”

Şahverdi yazısını daha sərt sualla yekunlaşdırıb:

“Bəs bu mədəniyyətsiz xalqın Xalq yazıçısı olmaq necə…”

Qeyd edək ki, Çingiz Abdullayev daha əvvəl Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı xəbərlərin geniş müzakirəyə çıxarılmasını tənqid edib. Xalq yazıçısı jurnalistlərin bu mövzuya marağını “mədəniyyətsizlik” kimi qiymətləndirərək, Polad Bülbüloğlunun şəxsi həyatına hörmət edilməsinin vacibliyini vurğulayıb.

Kamil Şahverdi isə son paylaşımında bu fikirlərə etiraz edərək, cəmiyyətin mövzuya marağının səbəbləri ilə bağlı Çingiz Abdullayevə bir sıra suallar ünvanlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR