İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan son məlumatlar: etirazlarda 20-dən çox adam ölüb, minlərlə insan həbs edilib

İranda baş verən genişmiqyaslı etirazlar nəticəsində ən azı 20 nəfər həyatını itirib, ötən günlər ərzində ümumilikdə 51 nəfər yaralanıb. Human Rights Activists News Agency (HRANA) bildirir ki, yaralananların əksəriyyəti rezin güllələr və odlu silah qəlpələrindən zərər görüb. Ölənlər arasında bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşının olduğu bildirilir.

Musavat.com yerli mediaya istinadən xəbər verir ki, etirazçılardan 990 nəfər saxlanılıb. İnsan hüquqları müdafiəçiləri hesab edirlər ki, həqiqi rəqəm bundan çox ola bilər. Son 8 gün ərzində etirazlar ən azı 222 yaşayış məntəqəsində baş tutub.

Qeyd edək ki, İranda etirazların əsas səbəbi xalqın milli valyutanın dəyərsizləşməsindən narazı qalmasıdır. İnsanlar iqtisadi vəziyyətin ağır olduğunu, inflyasiya və yoxsulluğun gündəlik həyatlarını çətinləşdirdiyini bildirir. Hökumətin idarəetmə metodları və vətəndaş hüquqlarının məhdudlaşdırılması da geniş narazılığa səbəb olub. Etirazçılar arasında vahid şüar yoxdur, lakin onlar həm iqtisadi çətinliklərdən, həm də siyasi və sosial ədalətsizliklərdən narazıdırlar. Təhlükəsizlik qüvvələri etirazları sərt şəkildə yatırmağa çalışır və bunun üçün odlu silah, rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edirlər. HRANA bildirir ki, etirazçılar hələ də küçələrdədir və vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, Milli Təhlükəsizlik üzrə Ali Şura fövqəladə iclas keçirib, mümkün eskalasiya riskləri, xarici təhlükələrə cavab variantları müzakirə olunub. Rəsmi Tehran toplantının nəticələri ilə bağlı hələ ki, açıqlama verməyib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR