Onlayn ictimai-siyasi qəzet
Siyasi şərhçi: “İrana qarşı birbaşa əməliyyatın başlanması Yaxın Şərqdə yeni və daha mürəkkəb gərginlik dalğası yarada bilər”
Venesuelada son aylarda yaşanan proseslər beynəlxalq siyasətdə yeni diskussiyalar doğuraraq diqqəti yenidən ABŞ-nin müxtəlif regionlarda tətbiq edə biləcəyi müdaxilə modellərinə yönəldib. Eyni zamanda Amerika mətbuatında Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən yayılan — İranın ali rəhbəri Əli Xamneyinin zərurət yaranacağı halda Moskvaya sığınacağı barədə iddia — Yaxın Şərqdəkı güc balanslarına dair müzakirələri daha da dərinləşdirib. Bu məlumat İran daxilindəki narazılıqlar, periodik kütləvi etirazlar və Pəhləvilər ailəsinin yenidən gündəmə gətirilməsi fonunda ictimai-siyasi vəziyyətlə bağlı sualları artırır. Xüsusilə də son illər ölkədə baş verən iğtişaşların xarici təsir amili ilə əlaqələndirilməsi, monarxiya dövrünün varislərinin Qərb mediasında daha çox görünməsi və mühacirətdə olan siyasi qrupların aktivləşməsi mövzunun müxtəlif istiqamətlərdən təhlilini zəruri edir.
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Venesuelada baş verən son proseslər ABŞ-nin xarici siyasətində bu tip hadisələrin gələcəkdə də mümkün ola biləcəyini göstərir: “Bu, Vaşinqtonun müəyyən ölkələrin siyasi rəhbərlərinə qarşı birbaşa və ya dolayı müdaxilə variantlarını gündəmdə saxladığını ortaya qoyur. Bu kontekstdə İran məsələsi də xüsusi diqqət tələb edir. Məlumdur ki, ABŞ ilə İran arasındakı münasibətlər heç vaxt qarşılıqlı etimad və ya “sevgi” üzərində qurulmayıb. Əksinə, bu münasibətlər uzun illərdir gərginlik, qarşıdurma və qarşılıqlı təzyiq siyasəti ilə xarakterizə olunur. Üstəlik, bu məsələdə İsrail faktorunu da nəzərə almamaq mümkün deyil.
Digər tərəfdən, İran daxilində və ya siyasi elita ilə bağlı ehtimallar müzakirə edilərkən “Rusiya amili” tez-tez gündəmə gəlir. Bəzi şəxslərin, o cümlədən yüksək vəzifəli fiqurların zərurət yaranacağı təqdirdə Rusiyaya üz tuta biləcəyi ehtimalları irəli sürülür. Rusiya böyük bir dövlət olduğu üçün və İran da regional güc statusuna malik olduğuna görə bu cür ssenarilər nəzəri baxımdan mümkündür. Lakin burada real vəziyyəti nəzərə almaq lazımdır”.
Analitik onu da qeyd edib ki, İran nə siyasi, nə də coğrafi baxımdan Venesuela qədər “əlçatan” və ya müdaxiləyə açıq ölkə deyil: “İranın regional mövqeyi, hərbi potensialı və təsir dairəsi belə bir əməliyyatın yalnız daxili deyil, eyni zamanda regional miqyasda ciddi fəsadlara yol açacağını göstərir. Bu baxımdan, İrana qarşı birbaşa əməliyyatın başlanması bütün Yaxın Şərqdə yeni və daha mürəkkəb bir gərginlik dalğası yarada bilər.
Beləliklə, Venesuela nümunəsi müəyyən presedent yaratsa da, İran məsələsi tamamilə fərqli geosiyasi və təhlükəsizlik ölçülərinə malikdir və bu səbəbdən eyni metodların burada tətbiqi olduqca riskli və çətin görünür”.
Afaq Mirayiq,
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ