Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin yanvar-noyabr aylarında banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 393.3 milyon manat ipoteka krediti verilib. Teleqraf xəbər verir ki, bu, ötən ilin göstəricisinə nisbətən 2.8 milyon və ya 0.7% azdır.
Hesabat dövründə İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 399.4 milyon manat olub. Ötən illə müqayisədə bu sahədə 19.5 milyon manat və ya 4.7% azalma olub. Yanvar-noyabr aylarında fondun yerləşdirilmiş istiqrazlarının həcmi 550 milyon manat təşkil edib. Bu ötən ilin göstəricisi ilə eyni olub. Cari il ərzində dövlət büdcəsindən fonda 85.2 milyon manat ayrılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə 2.9% azalma qeydə alınıb.

Xalid Kərimli
İqtisadçı Xalid Kərimli mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, fondun resurslarına tələbat həddən artıq çoxdur. Onun sözlərinə görə, sosial ipoteka ilə bağlı elan fevral ayında verilir və dərhal da plan dolur: “Büdcədə təsdiq olunduğu kimi, hər il sosial ipoteka üçün 100 milyon manat ayrılır. Bu məbləğ dövlət büdcəsindən İKZF-ə transfer olunur. Sosial ipoteka cəmi 3,7-4 faizlə verilir, xərci isə bir faiz kimi müəyyənləşdirilir. Faizin aşağı olması tələbatı yüksəldir. Sosial ipoteka üçün müəyyən olunan məbləğ son illərdə demək olar ki, eynidir. İKZF kommersiya kreditlərini dövlət büdcəsindən götürmür. Ya istiqraz buraxıb borc alır, yaxud da əvvəl verdiklərini yığır və büdcə formalaşdırır. Zəmanətdən asılı olaraq, bu növ kreditin faizi 7-8 faiz olur. Buna da tələbat kifayət qədər böyükdür. İKZF-in resurslarına tələbat böyük olduğu üçün 11 aylıq müqayisə ilə demək olmaz ki, fond bu məqsədlə az vəsait xərcləyib. Eyni zamanda portfel genişləndirilir. Son 3-4 ildə verilən kreditlərin həcmi əvvəlki dövrlə müqayisədə çoxdur. Hazırda banklar daxili resurslarla ipotekanı 11-15 faizlə təklif edirlər. Faiz müddətdən asılı olaraq artır. Bir sözlə, müqayisəli statistikada texniki məsələlər fərqlər yarada bilər”.

Rəşad Həsənov
İqtisadçı Rəşad Həsənovun fikrincə, 2020-ci il daxil olmaqla və sonrakı illərdə dövlət vəsaiti hesabına həyata keçirilən ipoteka proqramlarının əhatə dairəsinin kəskin genişlənməsi fonunda 2025-ci ilin 11 ayı ərzində bu istiqamətdə verilmiş kreditlərin 0,7 faiz azalması böyük göstərici deyil. “Yeni Müsavat”a açıqlamasında o, narahatlığa əsas olmadığını bildirdi: “Düşünürəm ki, bu məsələyə bir sıra faktorlar təsir göstərir. Bunlardan biri bazarlarda qiymətin dəyişməsi məsələsidir. Bizə müraciət edən şəxslərin əhəmiyyətli hissəsi onlara ayrılmış vəsaitə bazarda mənzil tapa bilmədiklərini və nəticədə həmin kreditdən imtina etdiklərini bildirirlər. Bu, texniki prosesdir və zaman tələb edir, banklar tərəfindən vəsaitlərin yerləşdirilməsi prosesinin gecikməsinə gətirib çıxarır, yəni birbaşa ayrılmış vəsaitlərin həcminə bu və ya digər şəkildə mənfi təsir göstərir. Ötən dövr ərzində qiymətlər kəskin şəkildə bahalaşıb, vətəndaşların ehtiyacını qarşılayacaq evlərin ipotela proqramı çərçivəsində əldə edilməsi imkanları məhdudlaşıb. Digər tərəfdən dövlət vəsaiti hesabına ayrılan güzəştli ipotekaların həcminin 8 faiz azalması da ümumi məbləğin kiçik də olsa, aşağı düşməsinə gətirib çıxarıb. Müəyyən sosial qrup var ki, onlar artıq gözləmə mövqeyinə keçməyə üstünlük verib, çünki düşünür ki, qiymətlər kifayət qədər yüksəkdir və mövcud bazarın real şərtlərinə uyğun deyil. Bu sosial qrup hesab edir ki, yaxın illərdə, ən azı növbəti 1-3 il ərzində daşınmaz əmlak bazarında qiymətlər aşağı düşə bilər. Fiskal xərcləmələrin daralması da daxil olmaqla, sosial qrup öz mövqeyini müəyyən edir. Bütün bunlar bu və ya digər şəkildə ümumi həcmə təsir edir. Bütövlükdə ipoteka hökumətin əlində tikinti sektorunun dəstəklənməsi üçün alət kimi istifadə olunsa da, son illərdə digər istiqamətlərdə böyük vəsaitlər ayrılır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə kifayət qədər böyük vəsait ayrılır. Bu da ipoteka kreditləşməsinin əhatə dairəsinin genişləndirilməsi yolu ilə tikinti bazarının dəstəklənməsi prioritetini müəyyən qədər zəiflədən faktordur. Hökumətin indiki şərtlər daxilində, xüsusilə qiymətlərin kəskin şəkildə artması tendensiyasının davam etdiyi halda ipoteka bazarının genişlənməsində maraqlı olmadığını düşünürəm”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ