İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk əbədi dostumuz: Özbəkistan bizim üçün niyə önəmlidir?

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri adi diplomatik görüş deyil. TV Musavata görə bu səfər Azərbaycanın Mərkəzi Asiyada artan siyasi, iqtisadi və strateji rolunun növbəti təsdiqidir.

Səfər çərçivəsində prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirildi. İki ölkə arasında Əbədi dostluq haqqında müqavilə imzalandı. Qarşıya isə konkret hədəf qoyuldu: 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdırmaq. 2025-ci ildə bu göstəricinin 795 milyon dollara çatması həmin hədəfin real olduğunu göstərir. 

Ancaq səfərin əhəmiyyəti yalnız ticarət rəqəmləri ilə məhdudlaşmır.

Azərbaycan Mərkəzi Asiyanın Avropaya açılan əsas qapılarından birinə çevrilir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük əhalisinə, ciddi sənaye potensialına və sürətlə böyüyən bazarına malikdir. Bakı ilə Daşkəndin yaxınlaşması Azərbaycanın bu böyük iqtisadi məkanda mövqelərini gücləndirir.

Burada əsas məsələlərdən biri Orta Dəhlizdir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Xəzər üzərindən Azərbaycan marşrutuna qoşulması ölkəmizin tranzit əhəmiyyətini daha da artıra bilər. Bu, Azərbaycan limanları, dəmir yolları və logistika infrastrukturu üçün yeni yük, yeni gəlir və yeni siyasi təsir imkanları deməkdir.

2025-ci ildə iki ölkə arasında tranzit yükdaşımaların həcmi 1 milyon 400 min tona çatıb. Xəzərdə birgə yük donanmasının yaradılması planı isə bu xəttin ötürücülük qabiliyyətini yüksəldə bilər.

Səfər zamanı bankçılıq, tikinti materialları, yanacaq infrastrukturu, turizm, yaşayış kompleksləri, mədən sənayesi, kənd təsərrüfatı və təhsil sahələrində bir sıra layihələrin təməli qoyuldu. SOCAR-ın Özbəkistanda yanacaqdoldurma məntəqələri açması, Azərbaycan bankının bu ölkədə fəaliyyətə başlaması və “Sea Breeze Uzbekistan” layihəsi münasibətlərin artıq sözlərdən real sərmayələr mərhələsinə keçdiyini göstərir.

Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin və Daşkənddə Azərbaycan Parkının açılması isə bu tərəfdaşlığın yalnız iqtisadi deyil, həm də mədəni və ideoloji əsaslara söykəndiyini göstərir.

Azərbaycanın strateji marağı aydındır: Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında əsas körpüyə çevrilmək, tranzit marşrutlarını şaxələndirmək, Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanı gücləndirmək.

Bu səfərin əsas mesajı da budur: Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yeni Avrasiya xəttinin əsas dayaqlarından biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR