Onlayn ictimai-siyasi qəzet
Son zamanlar idman zallarında məşq edən bəzi gənclərin qəsdən qulaqlarını zədələməsi yeni bir “trend”ə çevrilib.
Musavat.com xəbər verir ki, idmançı görünüşü əldə etmək istəyən gənclərin müraciəti ilə bəzi məşqçilər onların qulaqlarını müxtəlif zərbələrlə zədələyirlər.
Bu “trend”ə qoşulanlardan biri də sosial şəbəkələrdə “Limonçik Əli” adı ilə tanınan tiktoker Əli Həsənovdur. O, idmançı görkəmi əldə etmək üçün qəsdən qulağını zədələyib və prosesi sosial şəbəkədə paylaşıb. Görüntülərdə məşqçinin Əlinin qulağı üzərinə qalın kitabça qoyaraq yumruqla vurduğu və qulağı əzdiyi əks olunur.
Bu cür hallar təkcə bir nümunə ilə məhdudlaşmır. Sosial şəbəkələrdə buna tez-tez rast gəlinir. Bəs bu nə dərəcədə doğrudur və idmançıların sağlamlığı üçün hansı risklər yaradır?

Qol güləşi üzrə dünya çempionu Azər Məhərrəmov Musavat.com-a açıqlamasında bildirib ki, bu cür “özünü idmançı kimi göstərmək” halları hələ sovet dövründə də mövcud olub. Onun sözlərinə görə, həmin vaxt bəzi gənclər qulaqlarını qapı arasına qoyaraq sıxır, məqsədli şəkildə zədələyirdilər ki, idmançı görkəmi alsınlar:
“İdmanda belə fırıldaqlar həmişə olub. Məsələn, bəzi idmançılar əllərinin üstünü mütəmadi gəbəyə sürtürdülər ki, mazol əmələ gəlsin və guya idmançı olduqları görünsün. İndi isə sosial şəbəkələr belə saxta görüntülərlə doludur. Avropa və dünya çempionları kölgədə qalıb, bu cür adamlar ön plana çıxır”.
A. Məhərrəmov vurğulayıb ki, məşq zamanı qulağın zədələnməsi normal hal sayıla bilər, lakin bu, qəsdən edilməməlidir:
“Qulaq məşq zamanı sınarsa, orada maye yığılır. Vaxtında həkimə müraciət olunmazsa, qulaq bükülüb pis forma alır. Müasir dövrdə isə idmançılar dərhal həkimə gedir, maye çəkilir və qulaq deformasiyaya uğramır. Güclü idmançı qulağı bükülən deyil”.
İdmançı gəncləri bu cür davranışlardan çəkinməyə çağırıb:
“Qulaq sınanda toxumalar zədələnir, bu isə ağrı və travma deməkdir. Gənclər qəsdən özlərinə zərər verməsinlər. Tiktokerin qorxa-qorxa qulağını məşqçiyə uzatması göstərir ki, bu nə idmandır, nə də idmançı davranışı. Bu həm fiziki, həm də psixoloji travmadır. Onda gərək boksçular da burun qığırdaqlarını qəsdən sındırsınlar?”.
A. Məhərrəmovun fikrincə, bu cür görünüş arxasında daxili zəiflik gizlənir:
“Bəzən görürsən ki, imkansız adam üzərinə o qədər qızıl taxır ki… Bu da eyni məsələdir. Əgər sən yaxşı idmançısansa, qulağını qəsdən sındırmağa ehtiyac yoxdur. Gənclər ilk növbədə sağlamlıqlarını qorumalıdırlar. Xırda zədə gələcəkdə böyük problemlərə yol aça bilər”.
Şahanə Rəhimli,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ