Onlayn ictimai-siyasi qəzet
"Budapest Ferenc Liszt International Airport" hava limanında gömrük nəzarətində saxlanıldığını iddia edən türk qadının paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Türkiyəyə qayıtmaq üçün hava limanına gəldiyini bildirən gənc qadın mobil telefon kamerası ilə çəkdiyi videoda çantasının axtarıldığını və gömrük əməkdaşları tərəfindən sorğu-sual edildiyini deyib.
Onun sözlərinə görə, gömrük əməkdaşları yanında nə qədər pul olduğunu, hansı şəhərləri ziyarət etdiyini və Avropada neçə gün qaldığını soruşublar.
Yaşadığı vəziyyətə etiraz edən qadın “Mən sizin ölkənizə girmirəm, çıxıram” sözləri ilə narazılığını ifadə edib. O, gömrük əməkdaşlarının davranış tərzindən də narahat olduğunu bildirib.
Gənc qadın videoda Türkiyə vətəndaşlarının Avropa ölkələrində tez-tez oxşar yoxlamalarla qarşılaşdığını iddia edərək bunun məyusedici hal olduğunu vurğulayıb.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda diqqət çəkib. İstifadəçilər arasında sərhəd və gömrük prosedurları ilə bağlı fərqli fikirlər səsləndirilib. Bəziləri yoxlamaların təhlükəsizlik məqsədilə həyata keçirildiyini qeyd etsə də, digərləri prosesin sərt şəkildə aparıldığını düşünərək qadına dəstək veriblər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ