İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcü arzusunun ispan öküzünün buynuzuna ilişməsi

 

Bilirəm, bu yazını oxuyanların bir çoxu deyəcək ki, ilin-günün bu vaxtında, gündəmin dəyişmiş dönəmində heç futbolun yeridirmi.

Guya ki, futboldan yox, məsələn, yanacağın qiymətinin dəyişməsindən yazanda nə olacaq ki? Bir qiymət ki dəyişdi, yazmağın, pozmağın xeyri yoxdur. Qiymət də bayraq kimidir, bir kərə yüksəldisə, enməz. O qan təzyiqi deyil ki, aşağı salmaq mümkün olsun.

Bu, müvəqqəti gündəmdir, bir-iki günə dəyişəcək. Məsələn, müğənnilərdən biri maşınını, biri ərini, biri sponsorunu, daha biri duet ortağını dəyişəcək, bir də görəcəyik, gündəm dəyişib, onu müzakirə edirik.

Bax, məsələn, Baləli məşhur “Elfida” mahnısı oxuyub, daha dəqiqi, mahnının sözlərini özünəməxsus tərzdə qiraət edib, dünən N qədər adam bu barədə status yazmışdı.

Rəqqasə Renkanın Amazon qadınları geyimində at belində verdiyi pozalar da gündəmi dəyişdirəcək gücdəydi, sadəcə, camaatın başı başqa şeylərə qarışdı, fikir verən olmadı. Roza isə təzəbəyin behini qaytarıb, alqış olub. Görürsünüz, yaxşı iş belədir. Yoxsa başqa vaxt omba-bomba söhbətləri medianı başına götürürdü.

Ən etibarlısı isə budur, sabah bir tanınmış adam çıxıb desə ki, qadınlar futbolu kişilər qədər yaxşı oynamır, çünki Allah onlara güclü ayaq əzələsi verməyib, bu söhbət azı 3 gün gündəmdə qalacaq.

Ona görə də futbol daha maraqlıdır. O gün İtaliyanın ələnməsi tamaşasevər xalqımıza ləzzət eləmişdi. Çünki İtaliya milli yaxşı oynamırdı, çempionatı yola verirdi. İtalyanların oynadığı oyuna lap çoxdan anti-futbol deyirlər. Oyuna baxıb qurtarana qədər adamın ürəyi üzülür. Topu nə qədər geriyə ötürərlər?

Amma dünən axşam Slovakiya millisinin İngiltərə yığmasına uduzması yaxşı olmadı. Türkün sözü, slovaklara yazıq oldu.

Fikir verdinizsə, “Slovakiya millisi” və “İngiltərə yığması” söz birləşmələrindən istifadə elədim və bu, təsadüfən belə olmadı. Altında mənalar var.

Slovakiyanın milli komandasının hamısı slovaklardır, əsl milli komandadır. Amma İngiltərə komandasının üzvlərinin hamısı ingilis deyil, çoxu ordan-burdan İngiltərəyə gəlmiş mühacirlərin züryətidir. Fransa, Belçika, Hollandiya komandaları da eləcədir. Almaniya və İsveçrə yığması da o cürdür.

Bu, irqçilik və ya şovinistlik deyil, faktdır ki, bu ölkələr başqa xalqların istedadlı oğlanlarından özləri üçün, öz faydalarına yararlana bilirlər. Belçika və Fransa yığmaları oynayanda fikir verərsiniz, meydanda ən azı 17-18 qaradərili oyunçu olacaq. Sanasan, Afrika kubokunda Kamerunla Seneqal oynayır, ya da Nigeriya və Niger.

Xüləs, qayıdaq İngiltərənin oyununa. Qaradərili “ingilsilər” qara qəpiklik oyun oynamadı. Slovaklar sonuncu dəqiqə bəxtsizliyinə uğramasalar, indi növbəti mərhələdə idilər. Bir az bəxtləri gətirmədi, daha çox isə öz ağıllarının üzündən oldu. 1:0 elə bir hesabdır ki, ona güvənən, onu qorumağa çalışan 100 komandanın 95-i axırda meydançada üzüquylu qalır. 11 qapıçı ilə oynamağı italyanlardan başqa dünyada yaxşı bacaran yoxdur, onlar da, bildiyimiz kimi, ələnib getdilər.

Bir az əlacsızlıqdan, bir az da Qafqaz təəssübkeşliyinə qısılaraq azarkeşlik etdiyimiz Gürcüstan millisi isə İspaniya ilə oyunun əvvəlini yaxşı başlamışdı, bir qol vurub, daha doğrusu, ispanların özlərinə öz qapısına qol vurdurub irəli çıxmışdılar. Axırı yaxşı gəlmədi. (Yeri getməmişkən deyim ki, bu çempionat avtoqollarla yadda qalmaqdadır, 7-8 qol olub, bir o qədəri ya dirəkdən dönüb, ya da dirəyi, tiri yalayıb keçib). İspanların qapısına qol vurmaq, hesab edin ki, korridada qara öküzə qırmızı mələfə göstərmək kimi bir şeydir. Bərk qızışırlar. Dünən gecə də elə oldu. Gürcülərin arzusu ispan öküzünün buynuzuna ilişdi. O səbəbdən gürcü futbolçular Avropada tarix yaza bilmədilər.

Əslində Portuqaliyanı məğlub etmələri gürcü futbolunun tarixinə qırmızı sətirlərlə düşsə də, hamı bilirdi ki, bu, elə-belə qələbədir, portuqallara lazım olsa, gürcülərin qapısına 3-4 dənə vurardılar – ispanlar kimi.

Yenə qonşularımız gözəgörünməzə şükür etsinlər ki, müstəqillik qazanandan bəri heç olmasa bir dəfə Avropa çempionatına qatıldılar. Biz isə hələ çox dəyişməliyik. Futbolumuzu, lazım gəlsə, tənzimləməliyik, Təcrübə göstərir ki, Lazımı uzun müddət tələb edəndə, axır bir gün gəlir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR