İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya köhnə dünyadır – oyunları təzə, intriqaları köhnədir

Futboldurmu, keçmiş müharibələrin, münaqişələrin günümüzə inikas edən variantıdırmı, bəlli deyil.

Hələ Avstriya-Türkiyə oyunundan əvvəl Türkiyə mediasında belə ifadələrə rast gəlinirdi ki, görək, bu dəfə türklər Avstriya səddini keçə biləcəklərmi.

“Avstriya səddi” dedikdə sultan Süleyman Qanuninin təxminən 500 il əvvəl Avstriya sərhədini keçərək Vyana qapılarına dayanmasını, şəhəri mühasirəyə almasını nəzərdə tuturlar. Türkün sözü, o kuşatma bəhrə verməyib, amma o vaxtdan bəri 5 əsr keçsə də, nə avstriyalılar o haqq-hesabı unudublar, nə də türklər.

Ona görə də nə vaxt Avstriya yığması ilə Türkiyənin milli komandası qarşılaşır, ya da iki ölkənin klub komandaları görüşür, bu mühasirə məsələsi, yəni tarixi müharibə yada düşür.

Belə oyunlar çox prinsipial olur, sanki əcdadların döyüş meydanında yarımçıq buraxdıqları savaşı 11 futbolçu yaşıl meydanda davam etdirib, haqq-hesabı çürütməlidir.

Bu baxımdan dünən əksər futbol bilicilərinin proqnozlarının ziddinə olaraq Osmanlı torunlarının (nəvələrinin) qalib gələcəyini əminliklə deyən bir neçə dost-tanış vardı və onların sözü gerçək oldu. Onlardan biri oyundan qabaq məndən soruşdu ki, Osmanlı imperiyası güclü olub, yoxsa Avstriya-Macarıstan imperiyası. Dedim ki, Osmanlı. O da dedi ki, deməli, türklər qalib gələcək.

Məsələyə bu cür tarixi aspektlərdən yanaşan dostlar deyirlər ki, diqqət edin, 24 komandanın qatıldığı çempionatın son səkkizliyinə hansı komandalar qalıb. Çoxu keçmiş imperiyaların komandalarıdır, deyirlər. İngiltərə - imperiya olub, Fransa – indi də imperiyadır, Almaniya – bir ara bütün Avropanı əsarət altına alıb, Hollandiya – özü balaca ölkə olsa da, okeanın o üzündə müstəmləkələri olub, Portuqaliya – imperiya olub, İspaniya – dünyanın yarısı ispandilli edib, Türkiyə - Osmanlı imperiyasını tanıtmağa gərək yoxdur. Bu sırada yeganə istisna İsveçrədir, o da son bir əsrin ən böyük maliyyə imperiyasını qurub, dünyanın pul-parası onun banklarındadır.

Yəni bu komandaların axıra qalması, ard-arda qələbələr qazanması təsadüfi deyil. Hətta bunu genetik kodlara bağlayanlar var, deyirlər, dünyanın ən çox əhaliyə (1,5 milyard) malik ölkəsi Hindistandır, milyarderləri də hamınınkından çoxdur, amma 22 futbolçu yetişdirə bilmirlər, çünki həmişə başıqapazlı ölkə olublar, döyüşkən olmayıblar, dövlət müstəqilliklərini də döyüşkənliklə yox, döyülə-döyülə qazanıblar. Liderləri Mahatma Qandi deyib ki, yalnız dinc mübarizə olmalıdır.

Futbolda isə dinc, yumşaq mübarizə yerimir, gərək topa girəsən, yeri gələndə rəqibə badalaq vurasan, yoxsa adamın qapısına (Anadolu türkləri qala deyir) top vururlar.
İndi sual çıxa bilər ki, Rusiya da böyük imperiya olub, bəs futbolda niyə zəifdir. Ona görə zəifdir ki, rusların başı silah düzəltməyə, müharibə aparmağa qarışıb, futbola fikir vermirlər. Rusiya hələ də hərbi baxımdan aktiv imperiyadır, nə vaxtsa, gerçək döyüş meydanından çəkilib yaşıl meydanlarda döyüşəcək, ortaya bir şey çıxaracaq.

Bir biz deyilik, o biri ölkələrin şərhçiləri də futbol matçına tarixi münaqişənin davamı kimi baxırlar. Məsələn, imtahan üçün, sabah fransızlarla ruslar qışda futbol oynasalar və fransızlar uduzsa, ruslar deyəcək, qış şaxtası Napoleonun varislərini Moskvadan yenə əliboş göndərdi. Fransızlar udsa, bu dəfə fransız şərhçilər deyəcək ki, qışın şaxtası bu dəfə Moskvanı fəth etməyə mane olmadı.

Bu baxımdan İspaniya-Almaniya matçının nəticəsi maraqlıdır. Prinsipcə, İspaniya udmalıdır. O məntiqlə Türkiyə də Hollandiyanı udacaq. Ancaq İngiltərə və İsveçrənin “savaş”ını bilmək olmaz. İkisi də pullu ölkədir, necə deyərlər, pul bir ingilisdədir, bir də isveçrəlilərdə.

İndi gələk özümüzə, öz genetik kodumuza. Bu məsələ bizdə belədir: babalarımız döyüşkən olub, amma daha çox təkbətək, azsaylı qoşunlarla döyüşlərdə fərqləniblər, birdən-birə meydana yüz min qoşun çıxarmayıblar. Bir də legionerlik keçmişimiz var, əcdadlar böyük imperiyaların tərkibində diviziya, alay düzəldib, ona-buna qarşı döyüblər. Öz milli ordumuz, komandamız tarixdə az olub. Ona görə də kodumuz hələlik zəifdir, amma inkişaf edir, yavaş-yavaş kod yığırıq.

Vaxt gələcək, biz də güclü futbol oynyacağıq. Bu, neçə yüz ildən sonra olacaq, bilmirəm. Kod tam düzəlməlidir.

P.S. Avstriyanın qapısına iki qol vuran Merihin sonda hər iki əliylə “bozqurd” işarəsi verməsi göstərdi ki, bu, təkcə, futbol yarışması deyilmiş, nəsə daha böyük bir şey imiş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR