İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsində dönüş anı yaxınlaşır – Bu il savaş bitəcək İDDİASI

Ukrayna müharibəsinin necə bitəcəyi, yekun sülh masasının nə vaxt qurulacağı hələlik məlum deyil. Dəqiq olan odur ki, kağız üzərində hər hansı anlaşma döyüş meydanındakı vəziyyətdən birbaşa asılı olacaq. Müttəfiqləri isə Ukraynanın danışıq masası arxasına məğlub statusda keçməsini istəmirlər və yəqin ki, buna imkan da verməyəcəklər.

“Rusiya-Ukrayna müharibəsi kritik dönəmə keçmək üzrədir. Hansı ki, bu mərəhələdən artıq dönüş imkanı olmaya bilər”.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“Ölkələr arasında cəbhə xətti qanlı şahmat matçının yerinə çevrilir. Hər iki tərəf yer itirmədən üstünlük tapmaq üçün fiqurları hərəkət etdirir. Ukrayna üçün hazırda vəzifə ötən yay uğursuz əks-hücumdan sonra Qərb silahlarının köməyi ilə öz mövqeyini saxlamaqdır. Rusiya çox güman ki, kiçik qazanclar üçün çox sayda əsgəri qurban verərək standart yanaşmasını tətbiq etməyə davam edəcək”, - məlumatda bildirilib.

ZELENSKİ.png (694 KB)

Bu arada Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə taxıl dəhlizi məsələsindəki kimi “ikili zəmanət”li sülh danışıqlarını istisna etməməsi müxtəlif şərhlərə səbəb olub. Hətta ilin sonunadək müharibənin bitəcəyi iddia olunur. Daha bir səbəb kimi isə payızda ABŞ seçkilərində hazırkı prezident Co Baydenin mümkün məğlubiyyəti və Donald Trampın onu əvəzləyə biləcəyi göstərilir.

Belə bir sülh necə təsəvvür edilir? Müharibədə dönüş nöqtəsi nə vaxt, kimin xeyrinə olacaq?

OGUZ.jpeg (277 KB)

Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-ın siyasətinin dəyişəcəyinə inanmır:

“Məşhur bir fikir var: ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq qazanan Pentaqon və silah sənayesi olur. Başqa sözlə desək, ABŞ kimi nəhəng dövlətlərdə bir görünən, bir də görünməyən hakimiyyətlər mövcuddur. Bunun adına bəzən “dərin dövlət” də deyirlər. “Dərin dövlət”lərin adətən 5-10 ilə hesablanmış cari planları, 100 ilə hesablanmış perspektiv planları olur. Rusiyanı çökdürmək Amerika dərin dövlətinin 2030-cu ilə qədərki strateji planına daxildir. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ABŞ-ın bu planı davam etdiriləcək”.

Siyasi şərhçinin fikrincə, Tramp və Bayden nə qədər bir-birinə qarşı kimi görünsə də, əslində eyni ələ oynayırlar:

“Bunu biz hər ikisinin son 8 ildə həyata keçirdikləri siyasətlərdə də görə bilərik. Təsadüfi deyil ki, Trampın hakimiyyəti dövründə dilə gətirdiyi bir sıra məsələlər Bayden tərəfindən danışılmadan həyata keçirilir. Məsələn, Tramp NATO müttəfiqlərindən ÜDM-nin ən azı 2%-i hərbi büdcəyə ayırmasını tələb edirdi. Avropa ölkələri bu tələbləri yerinə yetirməkdən boyun qaçırırdı. Bayden hakimiyyəti dövründə elə siyasətlər həyata keçirildi ki, NATO üzvləri könüllü şəkildə hərbi büdcələrini bu həddə yüksəltdilər. Yaxud, Tramp Avropa ölkələrindən rus qazını və neftini almamağı tələb edirdi. Avropalılar yenə buna qeyri-mümkün tələb kimi baxırdılar. Bayden hakimiyyətə gəldi, Rusiyanı Ukraynaya hücuma təhrik etdi və bütün Avropa ölkələri quzu balası kimi Trampın dediyi məxrəcə gəldilər. Bu gün artıq Rusiyadan ucuz təbii qaz yox, ABŞ-dan bahalı qaya qazı alırlar. Tramp Çinə qarşı vergi və gömrük rüsumu savaşı açmışdı. Avropadan da bunu tələb edirdi. Bayden hakimiyyəti də eyni siyasəti həyata keçirir. Bununla da kifayətlənməyib Ukrayna savaşı çıxarmaqla Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin şimal marşrutunun qarşısını faktiki kəsib. Nəticədə Avropa istəsə də, istəməsə də, bu siyasəti həyata keçirməyə məcbur olub. Uzun sözün qısası, Bayden də, Tramp da eyni medalyonun iki fərqli üzləridir. Prinsipcə, bu iki fərqli üz olmasa, medalyonun özü də olmaz. Uzaq başı onun bir üzünün fotosu ortaya çıxar”.

TRAMPO.jpeg (65 KB)

Heydər Oğuz hesab edir ki, Tramp heç də özünün və bir çoxlarının dediyi kimi sülh göyərçini deyil:

“Əksinə, biz onu ABŞ prezidentləri arasında ən radikal şəxs kimi tanımışıq. Hətta bəzi ABŞ prezidentlərinin atmadığı radikal addımlar ilk dəfə Tramp zamanında atıldı. Məsələn, İranın əfsanəvi generalı sayılan Qasım Süleymani məhz Tramp zamanında qətlə yetirildi. Qüds şəhəri onun dövründə İsrailin paytaxtı kimi tanındı. Bu isə İslam dünyasına savaş açmaq demək idi. ABŞ ordusunun Suriyanın Rakka şəhərində törətdiyi qətlimalar da Trampın hakimiyyəti dövrünə düşürdü. Rakka qətliamında ABŞ ordusu mülki və hərbi hədəfləri ayırd etmədən qarşısına çıxan hər kəsi məhv etmiş, 2 mindən çox insanı öldürmüş, şəhərin altını üstünə çevirmişdi. 2018-ci ildə ABŞ bombarman təyyarəsi Suriyada Vagner qoşunlarına hücum edib, 100-dən çox rus hərbçisini öldürmüşdü və bu, ABŞ-ın birbaşa rus əsgərlərinə ilk böyük zərbəsi kimi tarixə düşüb. Bir sözlə, Tramp hakimiyyətə gələrsə, müharibələrin sona çatacağı fikri doğru deyil. Əksinə bəlkə də Baydendən belə, daha militarist mövqe tuta bilər”.

bayden.jpg (68 KB)

Həmsöhbətimizin fikrincə, Trampla Bayden arasındakı başlıca fərqlərdən biri Çinə və Rusiyaya fərqli yanaşmalarıdır:

“Bayden Çinin böyüməsinin qarşısını almaq üçün Rusiya ilə Avropa arasında savaş çıxararaq “Bir Yol, Bir Kəmər” layihəsinin qarşısını kəsməyə çalışır. Tramp isə birbaşa Çinlə uğraşmağın tərəfdarıdır. Böyük ehtimalla, o, hakimiyyətə gələndə Rusiya ilə uğraşmağı Avropa müttəfiqlərinin ixtiyarına buraxıb, özü daha çox Sakit-Hind okeanı ilə uğraşacaq. Bunun üçün isə Sakit-Hind Okeanı bölgəsində yerləşən dövlətləri daha sıx şəkildə öz ətrafında toplayacaq. Təbii ki, zaman-zaman özü də Avropa cəbhəsinə diqqət ayıracaq. Açığı, mən Trampın hakimiyyəti dövründə Ukrayna-Rusiya müharibəsinin sona çatacağına inanmıram. Əksinə, bu prosesə daha başqa ölkələrin də cəlb olunacağını və müharibə coğrafiyasının genişlənəcəyini düşünürəm”.

Bəs, yeni poliqon dövlətlər hansılar ola bilər?

Heydər Oğuz hesab edir ki, yeni mərhələdə qlobal geosiyasi hesablaşma əsasən 3 cəbhədə davam edəcək – Qərb, Cənub və Şərq cəbhələri:

“Polşa, Rumıniya və Bolqarıstan Qərb cəbhəsində döyüş meydanına çıxa bilər. Şərq cəbhəsində isə böyük ehtimalla Tayvan, Yaponiya, Cənubi Koreya, Filippinlər, Avstraliya, hətta Hindistan da Çinlə münaqişəyə cəlb olunacaqlar. Bizim üçün ən həssas bölgə isə Cənub cəbhəsidır. Bu cəbhədə ərəb ölkələri ilə İsraili eyni məxrəcə gətirən ABŞ İranla da hesablaşmalara başlaya bilər. Yaxın Şərqdə baş verən son proseslər də bunu təsdiqləyir. Təhlükəsizlik damarına basılan Türkiyəni də bu prosesə cəlb etmək planları var. Özü də təkcə ABŞ-ın yox, həm də Rusiya və İranın. Azərbaycan əsilli prezidentin İranda hakimiyyətə gətirilməsi ehtimalı belə, bu baxımdan təsadüfi deyil. Artıq Türkiyədəki Suriya vətəndaşlarının hədəfə alınması ilə getdikcə gərginləşən vəziyyət də qardaş ölkəni kifayət qədər həssaslaşdırır. Türkiyənin Suriya ilə yaxınlaşmasının qarşısını almaq üçün Suriyanın şimalındakı bəzi qüvvələrdən də istifadə olunur. Türkiyə balanslaşdırılmış xarici siyasətlə bu gərginlikləri ötüşdürə bilsə, üçüncü dünya savaşının bizim regionumuza ciddi zərər vurmayacağını düşünürəm”.

MUHAR SON.jpg (89 KB)

O ki qaldı Trampın hansısa bəyanatlarla çıxış etməsinə, Heydər Oğuz belə bəyanatlara çox da əhəmiyyət verilməməsinin tərəfdarıdır:

“Tramp o şəxsdir ki, 2019-cu ildə Suriya barəsində verdiyi qərarı üç gündən sonra dərhal dəyişmişdi. Belə ki, həmin ilin sentyabr ayının 6-da Türkiyə prezidenti Ərdoğanla telefon danışığından sonra rəsmən bəyanat verib ABŞ ordusunu Suriyadan çıxaracağını bildirmişdi. Nəticədə Pentaqon, Dövlət Departamentinin yetkililəri və müxtəlif senatorlar sözügedən qərara qarşı çıxmışdılar. Ayın 9-da isə Tramp növbəti açıqlamasını verib səhv anlaşıldığını, əslində “əsgərlərimizin bir qismini Suriyadan geri çəkməyimizin vacibliyi söyləmişdim”, - demişdi. Onun prezidentliyi dövründə media orqanlarının və ya məhkəmələrin basqıları ilə tez-tez dövlət katiblərini, dolayısıyla xarici siyasətlərini dəyişdirdiyi də bəllidir. Bənzər kadr və siyasət dəyişikliklərini Obama dövründə də görürdük. Bayden administrasiyasından isə heç danışmağa dəyməz. Baydenin verdiyi bir çox bəyanatların Ağ Evin sözçüləri tərəfindən dəqiqləşdirilməsi adi hala çevrilib. Odur ki, ABŞ prezidentlərinin qərarlarının səhihliyinə inanmaq üçün gərək bir neçə gün gözləyib digər dövlət qurumlarının nə dediyinə baxasan. Bütün bunlar ona görə baş verir ki, ABŞ prezident tərəfindən idarə olunmur”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR