İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif Nağı: “Ermənilərlə barışıq məsələsində tələsməməliyik”

“Şuşanın Davos kimi daimi bir məkana çevrilməsini istərdim”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Partiya rəhbəri Ermənistanla aparılan sülh danışıqlarından tutmuş, parlament seçkiləri ilə bağlı planları, həmçinin İrandakı prezident seçkisi barədə proqnozlarını bölüşüb, istəklərini ifadə edib. 

Müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:  

- Akif bəy, Azərbaycan Prezidenti kanadalı diplomatla görüşdə növbəti dəfə bildirdi ki, Ermənistan öz konstitusiyasını dəyişməyincə, sülhün imzalanması mümkünsüzdür. Siz proseslərin növbəti mərhələsində nələr gözləyirsiniz? Necə bilirsiniz, İrəvan Bakının bu tələbini icra edəcəkmi? Yaxud Paşinyana bu addımı atmağa imkan verəcəklərmi?

- Cənab Prezident adətən haqlı və ədalətli mövqeyini ortaya qoyur, sonra isə onu qəbul etdirir. Bu, bir kapriz və ya təkəbbür deyil, məsələnin həllinə istəkdən irəli gələn yanaşmadır. Bir sözlə, mövqe bundan ibarətdir: etirazınız varsa deyin, yoxdursa, əməl edin! Razılaşmasanız, başqa vasitələrə əl atmalı olacağıq. Azərbaycan Prezidentinin məntiqi budur və dəfələrlə bildirib ki, biz ermənilərin daxili işinə qarışmırıq, amma izah edin görək, konstitusiyasında bizə qarşı ərazi iddiası olan ölkə ilə sülh müqaviləsini nə cür imzalaya bilərik? Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Ermənistan rəhbərliyi ardıcıl mövqe tutmur, vaxt qazanmağa, məsələni ertələməyə çalışır. 

Düşünürəm ki, Paşinyan konstitusiyanı dəyişdirmək yox, - bu ifadə cəmiyyətdə qıcıq yaradır, - yeni konstitusiya qəbul etmək yolunu tutub. Ona görə də Azərbaycandan vaxt almağa çalışır. Bu məsələdə xarici amillərin rolu o qədər də ciddi deyil. Rusiya və ABŞ üçün orada hansı konstitusiyanın olacağı önəmli deyil.

 - Sərhədlərin delimitasiya və demarkasiya prosesinin davamında hansı anlaşmaları gözləyirsiniz? Sizcə, növbəti addım nə olacaq: anklav kəndlərin azadlığı, yoxsa...

 - Anklav kəndlərin qaytarılacağından çox danışılır, hətta Zəngəzurda, eyni zamanda Kərki kəndində müəyyən hazırlıq işlərinin aparılmasından danışırlar. Əgər hazırlıq işləri gedirsə, hökmən hərəkətlənmə olacaq. Bu, delimitasiya və demarkasiya ilə bağlı nikbin olmağa əsas verir. Belə görünür ki, Paşinyan hökuməti konstitusiyanın müəyyən dövrə qədər dəyişdirilməməsi, bu məsələdə Azərbaycanın dözüm göstərməsinin müqabilində ərazi güzəştlərinə üstünlük verir. O başa düşür ki, ərazilərimizi də qaytaracaq, konstitusiyasını da dəyişəcək, sadəcə, növbəliliyi istədiyi şəkildə düzməyə çalışır. Delimitasiya ilə bağlı növbəti irəliləyişi Zəngəzur dəhlizi, Mehri istiqamətində, həmçinin Kərki kəndi tərəfdə gözləmək olar.

- Necə bilirsiniz, Zəngəzur dəhlizinin açılmasına, sizcə, hazırda mane olan kimlərdir? Hər halda, bu, cılız Ermənistanın özfəaliyyəti sayıla bilməz. İran, Fransa, ABŞ, Rusiya, ya başqası?

8268cdca-bc71-4d82-acf9-76cf3ffe2e4e.jpeg (132 KB)

“İranda Azərbaycan türkcəsinin dövlət dili funksiyası bərpa olunmalıdır”

- Zəngızur dəhlizinin açılmasında daha çox İran maraqlı deyil. Amma onlar heç kəsə mane olmaq gücündə deyillər. ABŞ bır halda istəkli görünür, administrasiyanın “məsələləri tez həll etmək üzrə mütəxəssisi” Obraynın - yeri gəlmişkən, bu şəxsin adının O’Brayn şəklində verilməsini təqdir etmirəm, qrammatik qaydalarımıza hörmətlə yanaşmalıyıq, bizdə bu cür yazılış yoxdur, böyük, kiçik hərflərin öz yerləri var, - davamlı səfərləri, Zəngəzur dəhlizinə dair açıqlamaları təsadüfi deyil. ABŞ bu dəhlizdən iqtisadi maraqları üçün istifadə etməklə yanaşı, İran və Rusiyaya qarşı ciddi siyasi maraqlar da güdür. Rusiya dəhlizin işə düşməsində maraqlıdır, amma onun nəzarəti altında olmasını şərt olaraq qoyur. Bütün bu tərəfləri Ermənistanla birlikdə, həm də dəhlizin Turan Birliyi üçün oynayacağı rol narahat edir. Bu amillərin təsiri altında proses hələ ki ləngiyir.

- Akif bəy, Türk Dövlətləri Təşkilatının Şuşa sammitindən nə gözləyirsiniz? Qarabağ bəyannaməsi imzalanacaq. Orada hansı müddəaların əksini tapması arzuolunandır?

- Növbəti Şuşa sammiti ilk növbədə Türk-Turan Birliyinin daha uca səslə nümayişi olacaq. Bu istiqamətdə ciddi iqtisadi razılaşmaların olacağı, Zəngəzur dəhlizi ilə bağlı strategiyanın müəyyənləşdiriləcəyi gözlənilir. Eyni zamanda Azərbaycanın  ev sahibliyi edəcəyi COP29-a qardaş dəstəyinin nümayiş etdiriləcəyi də gözləniləndir. Türkmənistan tərəddüdlərinə son qoyarsa, Şimali Kiprin məsələlərinə da baxıla bilər. Təbii ki, ən böyük dəstəyin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə yönələcəyini gözləyirik. Bir istəyimiz də odur ki, Şuşa görüşləri müəyyən periodikliklə daimi fəaliyyət göstərən foruma, məsələn, Davos Forumu kimi bir təsisata çevrilsin.

- Maraqlı təklifdir. Bu arada, Ermənistan-Türkiyə danışıqları ilə bağlı ziddiyyətli məlumatlar yayır erməni tərəf. Sizcə, məqsəd nədir: Türkiyə-Azərbaycan münasibətlərini pozmaqmı? Azərbaycanla sülh müqaviləsi imzalanmadan Türkiyə öz qapılarını Ermənistanın üzünə açarmı?

- Ermənilər çalışır ki, Türkiyə ilə münasibətlərini bizdən ayırıb, ayrı bir prosesə çevirsinlər. Bununla da Azərbaycan -Türkiyə birliyinə, bütövlükdə Turan Birliyinə zərbə vurmaq istəyirlər. Bugünlərdə iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri Kılıçla Rubinyanın  görüşünə xüsusi önəm verməyə çalışırlar. Məncə, bu cəhdlər əbəsdir, üstəlik , Türkiyənin maraqlarına cavab vermir. Ankara başa düşür ki, xoş münasibətlərlə ermənilərin əsassız iddialarına son qoymaq mümkün deyil. Erməni toplumu ancaq güc amili ilə hesablaşır, bunu da Azərbaycan daha yaxşı bacarır.

- Bu günlərin və hətta qarşıdakı iki ayın iki əsas müzakirə mövzularından biri Milli Məclisə seçkilərdir. Partiya olaraq parlament seçkilərində neçə namizədlə iştirak etmək niyyətindəsiniz? Şəxsən siz namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz? Ümumiyyətlə, budəfəki parlament seçkilərindən gözləntiləriniz necədir?

- Budəfəki parlament seçkiləri xeyli məsələlərlə əlaqədar əvvəlkilərdən fərqlidir. Qələbəmiz, ərazi bütovlüyümüzün bərpa olunması ilə yanaşı, bəzi siyasi məsələləri qabartmaq istəyirəm. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilib, yeni siyasi münasibətlər formalaşdırılıb, sağlam siyasi dialoq mühiti yaradılıb. Xarici mərkəzlərin təsiri altında olan qrupların təsir imkanları məhdudlaşdırılıb, düzgün maarifləndirici iş nəticəsində qaragüruhçu siyasi qüvvələr sosial bazalarını itirib. Çox yaxşı nümunədir ki, siyasi partiyaların yenidən qeydiyyatı ilə təmizlik işləri aparıldı, partiyaların sayı yarıdan çox azaldı. Bu praktikanın parlamentə daşınmasının müsbət nəticələri olardı. 

Seçkilərdə təxminən 25 namizədlə iştirak etməyi düşünürük, amma bu rəqəm dəyişilə də bilər. Mən namizədliyimi Qarabağın hər hansı bölgəsindən, həmçinin Bakının rayonlarından verə bilərəm. Hələ ki dəqiq qərarımız yoxdur.

d8ce7873-b4b5-4aae-823d-be360b697670.jpeg (96 KB)

- Akif bəy, bu arada belə iddialar səsləndi ki, Nikol Paşinyan COP29-da iştirak üçün Bakıya gələ bilər. Bu ehtimalı real sayırsınızmı? Qarabağın işğalda olduğu illərdə ermənilərin Bakıya səfərlərinə etiraz edən Akif Nağı və tərəfdarları bu halda Paşinyana hansısa təpki göstərə bilərlərmi?

- Situasiya dəyişib. Əvvəllər biz məğlub durumda idik, ermənilər “xalq diplomatiyası” adı altında Azərbaycanı təslimçi sülhə təhrik etməyə çalışırdı. Biz bunu görür və ermənilərin planlarını pozmaq üçün ən sərt addımlardan, etiraz aksiyalarından da çəkinmirdik. İndi başqa vəzyyətdəyik, ermənilər məğlubiyyətlərini həzm etmək zorundadırlar. Bu mənada Paşinyanın Bakıda tədbirə qatılması bizdən daha çox onlar üçün problemli görünür. Mənim fikrimcə, ermənilərlə nisbətən yaxşı münasibətlərin yaranması, gediş-gəlişlə bağlı tələsməli deyilik. Ermənilərin törətdikləri cinayətlərin ağrı-acısı keçməyib, heç keçən də deyil. Üstəlik, onlardan həmişə pislik görmüşük. Ona görə də bu toplumun varlığını unutmağa, həyatımızdan onları silib atmağa çalışmalıyıq. Şəxsən mənim üçün erməni amili yoxdur, həm tarix, həm də bu günün reallığı baxımından mən onları görmürəm, görmək də istəmirəm.

- Bəs İrandakı prezident seçkisindən gözləntiləriniz nədir? İki namizəddən hansı Azərbaycana və azərbaycanlılara münasibəti dəyişə, həmçinin İranın dünyaya açılımına təkan verə bilər?

- Əlbəttə, Məsud Pezeşkian daha uyğundur. O, haradasa mənim çox illərdir müdafiə etdiyim ssenarinin bir hissəsinə bənzəyir. Mənim mövqeyim belədir ki, İran adlanan dövlətin 100 il bundan əvvəlki Azərbaycan mahiyyəti özünə qaytarılmalıdır. 100 il bundan əvvəl Azərbaycan dilinin 1500 illik mövqeyini ləğv etdilər, yerinə fars dilini gətirdilər. İndi əks-proses üçün Azərbaycan türkcəsinin dövləti dili funksiyası bərpa olunmalıdır. Bununla bağlı ilk addımdan sonra dövlətin xarakteri də dəyişəcək. Pezeşkian daxili və xarici siyasətin bir çox sahələrində yeniliklər vəd edir. Bu, İranın dünya, o cümlədən Azərbaycanla münasibətlərinə müsbət təsir göstərə bilər. 

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2024

05 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR