Onlayn ictimai-siyasi qəzet
Bu, müharibənin çopur və eybəcər sifətinin bir şəklidir. Yüzlərlə insan rahat ev-eşiyini, komfortli şəraitini qoyub, bu sığınacağa yerləşib.
Bura Ukraynanın Kiyev şəhəridir. Kiyevlilər, xarkovlular, lvovlular 4 il 5 aydır bu vəziyyətdədirlər. Son aylarda Odessa və Krivoy-Roq şəhərinin sakinləri də onlara qoşulub.
Dünənə qədər moskvalılar sığınacaq nədir, bilməzdilər, artıq onlar da belə yerlərdə daldalanır, bombordman dalğasının səngiməsini gözləyilər.
Bunları bura toplayan ölüm-itim qorxusudur. Yüzlərlə adam bu, nisbətən abad sığınacağa ona görə sığınıb ki, bir çovumuş qəlpəyə, düz evin ortasından içəri girəcək 7 metrlik raketə qurban getməsinlər.
Göründüyü kimi, yaşlılar və uşaqlar yatışıb, böyüklər telefonla vaxt keçirir, bir tərəfdə əzizinə sarılaraq intizar çəkənlər var.
İki ailə də ümumi sığınacağın içində özlərinə çadır qurub. Hər kimlərsə, görünür, rahatlıqlarına düşkün adamlardır, öz auralarında olmaq istəyirlər.
Bu yerdə “ellə gəllən qara gün toy-bayramdır” deyiminin və ya “pis günün ömrü az olar” zərbül-məsələnin hikməti sıfırlanıb. Bu necə “pis gün”dür ki, 5-ci ildir uzanır, gedir, sonu görünmür. Gün ildən uzun olarmı?
Hələ müharibə aparan liderlərin açıqlamalarından belə anlaşılır ki, bunlar yeni-yeni qızışırlar.
Krivoy-Roqda bir ailədən ikisi uşaq, dördü yetkin, altı adam ölüb, amma bu, artıq statistikadır, bir ailənin faciəsini ürəyinə salan yoxdur. Çünki bir deyil, yüz deyil, min deyil, on minlərlə insan bu müharibənin qurbanıdır.
Böyük şairimiz Hüseyn Cavidin tarixi misralarının yeri hər gün gəlir: “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”.
Ukraynada qan izi kəsilmir, qan seli iz qoya-qoya axır və onun qarşısına bənd ata biləcək dahi yoxdur.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ