İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gecə kabuslar görürdüm, xüsusi təyinatlı polislər mənim evimə..."

Avstraliyada yaşayan Dan Saunders dostları ilə əylənməyə çıxdığı gecələrdən birində adi bankomat əməliyyatı zamanı bank sistemindəki texniki nasazlığı təsadüfən aşkar edib.

Musavat.com xəbər verir ki, National Australia Bankın (NAB) məlumat bazasında yaranan texniki problem hesabında cəmi 3 dollar olan gənc üçün gözlənilməz imkan yaradıb.

Saunders bankomatların gecə saatlarında texniki xidmət zamanı şəbəkə ilə əlaqəsinin kəsildiyini anlayıb. Daha sonra öz hesabları arasında qarşılığı olmayan köçürmələr həyata keçirərək sistemdə pulun görünməsinə və nağdlaşdırılmasına imkan verən boşluğu aşkar edib.

Bu üsuldan istifadə edən gənc müxtəlif vaxtlarda hesabına ümumilikdə 1,6 milyon dollar köçürüb. Saunders sonradan həmin anları təsvir edərkən bunun onun üçün olduqca həyəcanverici olduğunu bildirib. Barmenlikdən qısa müddətdə milyonçuya çevrilən Saunders təxminən 4 ay yarım ərzində lüks həyat yaşayıb.

O, şəxsi təyyarələrlə səyahət edib, beşulduzlu otellərdə qalıb və bahalı klublarda böyük məbləğlər xərcləyib.

Gənc yalnız özünə pul xərcləməklə kifayətlənməyib. Yaxın dostlarına bahalı avtomobillər və atlar hədiyyə edib, bəzi dostlarının təhsil borclarını da ödəyib. Lakin asanlıqla əldə etdiyi böyük sərvət bir müddət sonra Saunders üçün ciddi psixoloji təzyiqə çevrilib. Bankın və hüquq-mühafizə orqanlarının onu aşkar edəcəyindən qorxan gənc panik ataklar keçirməyə başlayıb. O, hətta evinə xüsusi təyinatlı polis dəstəsinin basqın etməsi ilə bağlı kabuslar gördüyünü deyib.

Saunders sonda vicdan əzabına dözməyərək vəziyyəti düzəltmək qərarına gəlib. O, birbaşa bankla əlaqə saxlayaraq baş verənləri bildirməyə çalışıb.

Lakin bankdan gözlədiyi reaksiyanı ala bilməyən gənc məsələni ictimaiyyətə açıqlamaq qərarına gəlib. O, hadisəni mediaya danışaraq içindəki yükdən qurtulmaq istədiyini bildirib.

Saunders daha sonra məhkəmə qarşısına çıxarılıb. O, dələduzluq və oğurluqda təqsirli bilinərək 12 ay həbs və 18 ay ictimai iş cəzasına məhkum edilib.

Məhkəmə həmçinin onun banka 250 min dollar təzminat ödəməsinə qərar verib.

Cəzasını çəkdikdən sonra yenidən barmen kimi işləməyə başlayan Saunders hazırda saatda 22 dollar qazandığını bildirib.

Bir vaxtlar milyonlarla dollar xərcləyən gənc indi daha sadə həyatın ona daha çox rahatlıq verdiyini və bunu heç nəyə dəyişmək istəmədiyini deyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR