İnsanlara hürriyət, millətlərə istiqlal!

Fıştırıqlı köşə

“At suyu görür, su da atı, fıştırıq nəyə lazımdır?”
(Azərbaycan ata sözü)

Öncə 18 sentyabr – Milli Musiqi Günü münasibətiylə bütün zəhmətkeşlərimizi, o cümlədən manısları təbrik edirəm. Ölkəmizdə 300-dən çox orta musiqi məktəbi var. Konservatoriya, Filarmoniya, orkestrlər, qruplar, şadlıq sarayları, konsert salonları... Uzun sözün qısası, biz musiqili xalqıq.

18 sentyabr Üzeyir Hacıbəylinin doğum günüdür, elə bu münasibətlə musiqi bayramını bu günə salmışıq, məncə Üzeyir bəy hazırkı musiqili həyatımızı görsəydi, doğulmağına peşman olardı. Ya da olmazdı – kimə hansı variant lazımdırsa, seçsin. Bizim köşədə plüralizm və tolerantlıq ruhu hökm sürür.

Ta musiqi dəqiqələridirsə, çoxdan ağlımda qalan iki temanı bölüşüm. Biri “Matanı” mahnısıyla bağlıdır. Bildiyiniz kimi, bu, milli rəqslərimizdən biri idi, son illərdə ona maraqlı sözlər də yazılmışdır: “Ay matanı, matanı, matanı, Dərdimə dərd qatanı”. Xalqımız bunu toylarda sevərək oynayır. Matanı havası olan xalqa batmaq çətindir. Bəlkə heç lazım deyil. Ya da mümkün olmaz. (Bax: yuxarıdakı abzasın son cümləsi – Z.H.)

İkincisi də köhnə mahnılarımızdan biridir: “Fərhad qaya çapanda, Yadına Şirin düşər”. Fikrimcə, şair burada Fərhadın ruhuna neqativ münasibət sərgiləmişdir. Necə yəni yadına düşər? Yazıq Fərhad qayanı çapıb süd arxını elə Şirin üçün çəkmirdimi? Fərhad bəyəm Şirini unutmuşdu? Sanki, misal üçün, bizim yol idarəsi Biləcəriyə asfalt döşəyir, birdən yadına düşür ki, burdan camaat da keçməlidir. Bu nə məntiqsiz söhbətdir?

Ona görə də, hesab edirəm ki, birinci kurs tələbələrinə “şram” atacağı ilə hədələyən tələbənin İncəsənət Universitetinin teatr fakültəsindən qovulması düzgün addım deyildi. Bəlkə o, artistlik edirmiş? Rol oynayırmış? İstintaq bunu araşdırmamış uşağı qovublar. Axırda heç kim artist olmaq istəməyəcək. Sözgəlişi, başqa artisti də rolda soyunduğu üçün qınayırmışlar.

Bizdə belədir, geyinəni də qınayırlar, soyunanı da. Ortaq məxrəcə gəlməkdə çətinlik çəkirik. Ateist bloqerlərin həbsxanaya salınması da təxminən bu temanın davamıdır. Əslində, bizdə dindar dustaqlar çoxdan var idi, balans üçün ateist dustaqlarımız da olmalıymış. Yəni, sayın hökumətimiz hamıya eyni gözlə baxır. Bu saat türmədə ac müxalifətçi ilə villasının sayını itirən icra başçısı yanaşı kamerada əyləşir. Deputatla seçici, müəllimlə şagirdi, həkimlə pasiyenti, köşə yazarıyla oxucusu və sairə həmçinin. Müsəlmanla ateisti də yuxarıda yazdım.

Açığı, bu “ateistlər” adı verilən yoldaşların bir-iki süjetini tapıb baxmışdım. Münasibətimi bildirmək istəmirəm, çünki hər halda dustaqdırlar. Ancaq ümumiyyətlə, bu cür mövzularda istənilən tərəfin radikalı, üzr istəyirəm, cahildir. İstər guya Allahı müdafiə edən (!) dindar olsun, istər dini təhqir edən ateist. Bir-birinin həyatına şəxsən qarışmayana qədər hər kəsin inanc azadlığı var. Olmalıdır, yəni. Xaricdə Uçan Makaron Canavarına sitayiş edən təriqət var. Aşsüzəni papaq kimi qoyurlar. Bizim xalq da ümumilikdə dini radikallığa neqativ yanaşır. Radikal ateistləri sevəcəklərinimi düşünürsünüz?

Bu cür müzakirələr mənə adətən Hüseyn Cavidin başına gələni xatırladır. Sovet hökuməti qurulandan sonra “Allahsızlar Cəmiyyəti” adlı təşkilat yaradıbmışlar. Bir gün onun üzvləri Hüseyn Cavidi tənqid edirlər: “Sən niyə bizim cəmiyyətə üzv olmursan?”. Cavid deyir: “Siz Allaha inanırsınızmı?” Deyirlər, əlbəttə, yox, Allah-din, hamısı əfsanədir, cəfəngiyatdır. Cavid deyir: “Olmayan bir şeylə necə mübarizə aparırsınız?”

Söhbət bununla bağlanır, ancaq axırda Cavidi repressiya edirlər.

Sonda isə epiqrafdakı ata sözümüzün bir alt-versiyası haqda. Deyir, bir gün kiməsə “apar atı bulağa” tapşırırlar. Adam imtina edir: “Ağzımda yara var, atı suya apara bilmərəm”. Ağızdakı yara ilə atın suvarılması arasında əlaqəni tapan oxuculara fıştırıq mükafatı veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR