Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycanın 2027-ci il dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Proqnozlara əsasən, növbəti ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat təşkil edəcək.
Musavat.com bildirir ki, bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625,0 milyon manat və yaxud 1,6 faiz, 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 49,4 milyon manat və yaxud 0,1 faiz çoxdur.
Növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artımla 42 milyard 400,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 795,4 milyon manat və yaxud 9,8 faiz çoxdur.

2027-ci ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 71,4 milyon manat və ya 2,3 faiz çox olmaqla 3 milyard 166,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,2 faiz olmaqla) proqnozlaşdırılır.
2027-ci ilin büdcəsi hazırlanarkən neftin bir barelinin orta illik qiyməti 65 dollar, ÜDM artımı 2,7 faiz, inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə sabit götürülüb.
Bu göstəricilərlə hesablanmaqla 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47,0 faizini və ya 18 milyard 430,0 milyon manat təşkil edəcək. Bu, cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520,0 milyon manat və ya 9,0 faiz, 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74,8 milyon manat və ya 12,7 faiz çoxdur.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80,6 faizi və ya 14 milyard 850,0 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi və ya 3 milyard 580,0 milyon manatı neft-qaz sektorunun payına düşəcək.

Dövlət Gömrük Komitəsi gələn il büdcəyə 6 milyard 865,0 milyon manat təmin edəcək. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3,0 milyon manat, 2025-ci ilin faktı ilə müqayisədə 495,1 milyon manat çoxdur.
Gələn il dövlət büdcəsi gəlirlərinin 11 milyard 900,0 milyon manatı və ya 30,3 faizi Dövlət Neft Fondundan transfert olunacaq. Bu, 2026-cı ildə nəzərdə tutulan 12 milyard 855 milyon manatdan 7,4 faiz azdır.
Büdcənin vergi gəlirlərinə baxdıqda, ötən il və bu il qəbul edilən qərarların təsirini görmək mümkündür. Belə ki, gələn il Vergi Xidməti xəttilə fiziki şəxslərin gəlir vergisi formasında büdcəyə 3 milyard 70 milyon manat daxil olması proqnozlaşdırılır. Bu, cari il üçün nəzərdə tutulan 2 milyard 566,8 milyon manatdan 503,2 milyon manat, yaxud 16,4 faiz çoxdur. Bu artımda cari ildən fiziki şəxslərin əmək haqqından hesablanan gəlir vergisinin bərpası və 2027-ci ildən artırılması mühüm paya malikdir. Belə ki, gələn il qeyri-dövlət sektorunda əmək haqqı 2500 manatadək olduqda 5faiz, 2500 manatdan 8 min manatadək olduqda 125+ 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8 min manatdan çox olduqda isə 675 manat+8000 manatdan çox olan məbləğin 14 faizi həcmində hesablanacaq. 2028-ci ilin yanvarın 1-dən sonra isə vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 7 faiz, 2500 manatdan 8000 manata qədər olduqda 175manat+ 8000 manatın 10 faiz, 8000 manatdan çox olduqda isə 14 faiz vergiyə cəlb olunacaq. Nəzərdə tutulmuş dəyişikliklərə görə 2028-ci ildən sonra bu dərəcələr dəyişməyəcək.
Fiziki şəxslərin gəlir vergisi proqnozunun artırılması həmçinin qismən orta aylıq əmək haqqında gözlənilən artımla bağlıdır. Belə ki, hökumət 2027-ci ildə orta aylıq əmək haqqının bu ilə gözlənilən 1185,5 manatdan 1288,3 manata yüksələcəyini proqnozlaşdırır.
Gələn il hüquqi şəxslərin mənfəət vergisi olaraq büdcəyə 6 milyard 983 milyon manatın daxil olacağı nəzərdə tutulur. Bu, cari ildəki 6 milyard 580 milyon manatdan 403 milyon manat, yaxud 6,1 faiz çoxdur.
Mənfəət vergisindən daxilolmaların mühüm bir hissəsi neft-qaz sektorunda çalışan şirkətlərin ödədiyi vergilərdən ibarətdir. Yenilənmiş proqnoza görə, cari ilin sonuna “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə bu mənbədən büdcəyə ümumilikdə(SOCAR-ın ödənişləri xaricində) 2,5 milyard manat daxil olacaq. Növbəti il üçün neftin orta qiymətinin cari ildə mövcud qiymətdən 30 dollardan çox aşağı götürülməsi, həmçinin Azərbaycanın neft ixracının həcm baxımından sürətlə azalmasının davam etməsi şəraitində(2026-cı ilin yanvar-avqustunda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz) 2027-ci ildə neft-qaz sektorundan mənfəət vergisi ödənişlərində azalma olacağını ehtimal etmək olar. Xüsusilə ABŞ-İran müharibəsi Hörmüz boğazının tam açılması şərtilə başa çatması variantında neft qiymətlərinin kəskin enişi AÇG-dən ödənilən mənfəət vergisinin azalmasına gətirib çıxara bilər.

Vergi Xidməti gələn ƏDV hesabına büdcəyə 4 milyard 686 milyon manat təmin etməlidir. Bu, cari il üçün proqnozlaşdırılan 4 milyard 434,8 milyon manatdan 252,1 milyon manat, yaxud 5,7 faiz çoxdur. ƏDV proqnozundakı artım gələn ilə gözlənilən 5,3 faizlik inflyasiya artımı ilə təxminən eynidir. Burada həmçinin ÜDM-də gözlənilən 2,7 faizlik yüksəlmənin də təsiri var.
Gələn Vergi Xidmətinin xəttilə daxil olması gözlənilən daha bir vergidə – yol vergisində kəskin artım proqnozlaşdırılır - cari ildəki 191,4 milyon manatdan 307 milyon manata qədər. Böyük ehtimalla, bu artım Prezident İlham Əliyevin sentyabrın 10-da imzaladığı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmanı ilə bağlıdır. Həmin fərmana əsasən 2027-ci ilin yanvarınadək Avtomobil Yolları Fondu(AYF) da daxil olmaqla, məqsədli büdcə fondlarının ləğv edilməsi nəzərdə tutulur. Bu il yol vergisindən formalaşan AYF-nin gəlirlərinin 250 milyon manat olması nəzərdə tutulurdu.
Bundan əlavə, gələn il Vergi Xidməti aksizlərdən büdcəyə 1 milyard 669 milyon manat (cari ilin proqnozu 1 milyard 482 milyon manat); hüquqi şəxslərin əmlak vergisidən 400 milyon manat (376 milyon manat); hüquqi şəxslərin torpaq vergisindən 48 milyon manat (47 milyon manat); mədən vergisindən 155 milyon manat (151 milyon manat); sadələşmiş vergidən 467 milyon manat (429 milyon manat); həmçinin qeyri-vergi mənbələrindən Dövlət rüsumundan 420 milyon manat (362 milyon manat), sair daxilolmalardan 225 milyon manat (201 milyon manat) təmin edəcək.
Dünya,
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ