Onlayn ictimai-siyasi qəzet
Fransada 2027-ci il prezident seçkilərinə hazırlıq fonunda Avropanın gələcəyi ilə bağlı diqqətçəkən təşəbbüs irəli sürülüb. Keçmiş baş nazir, “Renaissance” partiyasının lideri və prezidentliyə namizəd Qabriel Attal Avropa İttifaqının mövcud modelinin artıq öz imkanlarının sərhədinə çatdığını bildirərək “Avropa Birləşmiş Ştatları”nın yaradılmasını təklif edib. Attalın fikrincə, 27 ölkədən ibarət hazırkı format çərçivəsində Avropanın daha da inteqrasiyası çətinləşir və buna görə də daha sıx əməkdaşlığa hazır olan ölkələrdən ibarət vahid nüvə formalaşdırılmalıdır. O, söhbətin vahid Avropa dövləti yaratmaqdan getmədiyini, əsas məqsədin iqtisadi, texnoloji və ekoloji sahələrdə daha dərin inteqrasiyaya nail olmaq olduğunu vurğulayıb. Attal bu modeldə dövlətlərin ənənəvi suveren səlahiyyətlərinin qorunmasını nəzərdə tutur və təşəbbüsə qoşulacaq ölkələrdə ümumavropa referendumlarının keçirilməsini mümkün ilk addım kimi göstərir. Bu təklif Fransanın 2027-ci il prezident seçkisinə hazırlıq dövründə Avropa məsələsinin əsas siyasi mövzulardan birinə çevrildiyini də göstərir. Attal may ayında prezidentliyə namizədliyini rəsmən açıqlayıb və bununla mərkəzçi siyasi düşərgədə Emmanuel Makronun siyasi irsinin davamı ilə yanaşı, yeni Avropa modeli məsələsini də seçki gündəminə gətirib.

İndi əsas sual budur: “Avropa Birləşmiş Ştatları” ideyası real siyasi layihəyə çevrilə bilərmi?

Politoloq Əli Orucov bu təklifi Musavat.com-da belə dəyərləndirib:
“Dünyada gedən sürətli dəyişikliklər və artan təhlükəsizlik problemləri, Rusiyanın işğalçılıq siyasəti, ABŞ-nin öz maraqlarını önə çəkməsi Avropanın müstəqil olaraq müdafiəsini təmin etməyi zəruriləşdirib. Eyni zamanda qərarların qəbulunun yubadılması, Avropa İttifaqına üzv ölkələrin bir çox hallarda milli maraqlarını kollektiv maraqlardan üstün tutması daxili ziddiyyətləri də artırmaqdadır. Birliyin çevik, operativ, effektiv qərarlar qəbul etməsi üçün artıq müəyyən mexanizmlər yaradılır. Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, Birlik daxilində nəinki yekdillik yoxdur, hətta parçalanma meyilləri mövcuddur və ABŞ-dən asılılıqları öz fəsadlarını büruzə verir. Hazırda Aİ-də iki dövlət dominantlıq edir - Almaniya və Fransa. Bu iki dövlət eyni birlikdə təmsil olunsalar da, aralarında gizli rəqabət var. Berlin və Paris liderlik uğrunda mübarizə aparır. Fransa nüvə arsenalına arxalanmaqla çəkindirici güc kimi özünü görür. Fransa siyasətçisi “Avropa Birləşmiş Ştatları”na bənzər müəyyən təkliflər irəli sürüb. Lakin millətçi kəsimin güclənməsi və cəmiyyətdə möhkəmlənməsi bu ideyanı şübhə altına atır. Xüsusən də Almaniyada son əyalət seçkilərində Almaniya üçün Alternativ partiyasının uğur qazanması digər Avropa ölkələrində də baş qaldırmaqdadır. Əgər birliyin daha da təmərküzləşməsi və vahid strukturların rolunun artırılması baş verərsə, məncə, bu, təmsil olunan kiçik dövlətlərin əriməsi qorxusu yaratdığından həvəs göstərməyəcəklər”.
Cavanşir Abbaslı
Musavat.com
19 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ