İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın taleyi BU TARİXDƏ həll olunacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın qurumdakı statusu ilə bağlı mühüm qərarın verilməsi gündəmə gəlib. İrəvanın uzun müddətdir təşkilat qarşısında öhdəliklərini yerinə yetirməməsi fonunda onun səsvermə hüququnun dayandırılması məsələsi rəsmi olaraq müzakirə mərhələsinə çıxarılır.

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev RIA Novosti agentliyinə açıqlamasında bildirib ki, Ermənistanın səsvermə hüququndan məhrum olunması məsələsi noyabr ayında təşkilatın ali səviyyəli toplantısında nəzərdən keçiriləcək.

Onun sözlərinə görə, məsələ noyabrın 11-də Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının gündəliyinə daxil ediləcək. Həmin iclasda Ermənistanın təşkilat qarşısındakı maliyyə və institusional öhdəlikləri də ayrıca qiymətləndiriləcək.

Vasilyev xatırladıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə ödəniş etmədikdə və ya öhdəliklərini yerinə yetirmədikdə, onun təşkilat daxilində bir sıra hüquqları, o cümlədən kvota üzrə vəzifələrə namizəd irəli sürmək və səsvermədə iştirak etmək imkanları məhdudlaşdırıla bilər.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, Ermənistanla bağlı bu vəziyyət artıq iki ildən çoxdur davam edir. Rəsmi İrəvan bu müddətdə KTMT Katibliyində kvota əsasında tutulan vəzifələrə öz nümayəndələrini irəli sürməyib, eyni zamanda təşkilatın Birləşmiş Qərargahında çalışan erməni hərbçiləri də geri çağırıb.

Son illər Ermənistanın KTMT ilə münasibətlərində müşahidə olunan soyuqluq və təşkilatın fəaliyyətində faktiki iştirakdan uzaqlaşması bu qərarın təsadüfi olmadığını göstərir. İndi əsas diqqət noyabrda Moskvada keçiriləcək iclasa yönəlib. Heç şübhəsiz ki, həmin toplantıda veriləcək qərar təkcə Ermənistanın təşkilatdakı gələcək statusuna deyil, həm də KTMT-nin daxili birliyinə və regiondakı təhlükəsizlik balansına təsir göstərə biləcək bir addım olacaq.

Ermənistan həqiqətən də KTMT-də səsvermə hüququnu itirəcəkmi? Bu qərar İrəvanın təşkilatdan tam uzaqlaşmasının başlanğıcı sayıla bilərmi? Paşinyan hakimiyyəti Rusiyanın rəhbərlik etdiyi hərbi blokla münasibətlərə birdəfəlik nöqtə qoymağa hazırlaşır? Ermənistanın Qərbə inteqrasiyası KTMT ilə yolların ayrılmasını sürətləndirəcəkmi? Moskvanın bu addımı regionun siyasi və hərbi balansına necə təsir edəcək?

504133390_9902155496539127_1868465114107924207_n.jpg (114 KB)

Politoloq Rəhman Bayramov hesab edir ki, Ermənistanın KTMT-də səsvermə hüququnun dayandırılması məsələsinin gündəmə gətirilməsi əslində son iki-üç ildə baş verən proseslərin məntiqi nəticəsidir:

“Bu qərar qəfil ortaya çıxmış addım deyil. İrəvan uzun müddətdir təşkilatın fəaliyyətində faktiki iştirak etmir, hərbi təlimlərdən imtina edir, maliyyə öhdəliklərini yerinə yetirmir və KTMT-ni Ermənistanın təhlükəsizlik maraqlarına cavab verməyən struktur kimi təqdim edir. Belə olan halda təşkilatın nizamnaməyə əsaslanaraq hüquqi mexanizmləri işə salması gözlənilən idi. Lakin burada əsas məsələ Ermənistanın səsvermə hüququ deyil. Əsas məsələ Rusiyanın İrəvana göndərdiyi siyasi mesajdır. Kreml göstərmək istəyir ki, hər hansı üzv dövlət həm təşkilatın üzvü olaraq qalmaq, həm də onun fəaliyyətini faktiki boykot etmək siyasətini sonsuza qədər davam etdirə bilməz. Bu addım təkcə Ermənistana deyil, eyni zamanda KTMT-nin digər üzvlərinə də ünvanlanmış ciddi xəbərdarlıqdır. Əslində Ermənistanla Rusiya arasında etimad böhranı dünənin məsələsi deyil. 2020-ci il Vətən müharibəsindən sonra bu münasibətlərdə ciddi çatlar yaranmağa başladı. Ermənistan cəmiyyətində və hakimiyyətində belə bir fikir formalaşdı ki, KTMT və Rusiya İrəvanın təhlükəsizlik gözləntilərini doğrultmadı. Paşinyan da məhz bu narazılığı öz xarici siyasət kursunun əsas istiqamətlərindən birinə çevirdi. Son illər Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi, ABŞ-la hərbi əməkdaşlığın artması və Fransa ilə silah müqavilələrinin imzalanması da bu siyasətin davamıdır. Hesab edirəm ki, artıq Ermənistanın KTMT-dən formal çıxıb-çıxmaması əsas məsələ deyil. Çünki İrəvan faktiki olaraq bu təşkilatdan siyasi və hərbi baxımdan uzaqlaşıb. Əgər noyabrda səsvermə hüququnun dayandırılması ilə bağlı qərar qəbul edilərsə, bu, yeni vəziyyət yaratmayacaq. Sadəcə son illərdə formalaşmış siyasi reallıq hüquqi müstəviyə keçiriləcək”.

Politoloq diqqətə çatdırıb ki, Moskvanın da vəziyyəti düşünülən qədər rahat deyil:

“Rusiya yaxşı anlayır ki, Ermənistanı tamamilə itirmək Cənubi Qafqazda geosiyasi mövqelərinin daha da zəifləməsi deməkdir. Buna görə də Kreml bir tərəfdən təzyiq siyasəti yürüdür, digər tərəfdən isə münasibətlərin tam qırılmasına imkan verməməyə çalışır. Çünki Ermənistanın tam şəkildə Qərbin təhlükəsizlik sisteminə inteqrasiya etməsi Rusiyanın regiondakı maraqlarına ciddi zərbə vuracaq. Hesab edirəm ki, noyabrın 11-də Moskvada keçiriləcək KTMT sammiti təkcə Ermənistanın təşkilatdakı statusu ilə bağlı qərar verməyəcək. Həmin toplantı həm də Rusiyanın postsovet məkanında təsir imkanlarının, Ermənistanın isə yeni geosiyasi seçimlərinin növbəti sınağı olacaq. KTMT ətrafında baş verənlərə yalnız təşkilatdaxili prosedur kimi baxmaq düzgün deyil. Bu proses Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik strukturunun formalaşmasının tərkib hissəsidir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR