Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması və təşkilatın tədbirlərini boykot etməsi artıq uzunmüddətli siyasi xəttə çevrilib.
Paşinyan hökuməti KTMT-nin Ermənistanın təhlükəsizliyini təmin edə bilmədiyini bildirir və ölkənin yeni təhlükəsizlik modeli axtardığını açıq şəkildə vurğulayır.
Sentyabrda Qazaxıstanda keçirilən “Rubej-2026” təlimlərində də Ermənistan iştirak etmədi. Məsələnin digər tərəfi isə KTMT-nin gələcəyidir. Ermənistan təşkilatdan çıxarsa, bu,KTMT-nin Cənubi Qafqazdakı formal iştirakını daha da azaldacaq.

Azərbaycan baxımından da bu proses diqqət çəkir. Qarabağ münaqişəsinin əvvəlki formatda aradan qalxması və Ermənistanın Rusiya ilə hərbi-siyasi münasibətlərini yenidən nəzərdən keçirməsi regionda əvvəlki təhlükəsizlik modelinin dəyişdiyini göstərir. Bu dəyişiklik Cənubi Qafqazda yeni təhlükəsizlik mexanizmlərinin formalaşması üçün zəmin yarada bilər. Ermənistanın KTMT-də iştirakdan faktiki imtinası Moskvanı təşkilatın fəaliyyət modelini dəyişməyə məcbur edəcəkmi, yoxsa Rusiya İrəvanın qərarına baxmayaraq KTMT-ni əvvəlki formatda saxlaya biləcək? Ermənistanın KTMT-ni boykotu Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövqeyinə və regionda formalaşan yeni təhlükəsizlik arxitekturasına hansı real təsirləri göstərə bilər?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, Ermənistanın yoxluğunda KTMT heç nə itirmir: "Bu müddət ərzində KTMT təlimlərini də, tədbirlərini də keçirib. Ermənistan elə bir hərbi gücü olan orduya malik deyil ki, KTMT üçün əlahiddə əhəmiyyət kəsb etsin. Sadəcə, Ermənistanın KTMT-də iştirak edib-etməməsi Rusiya üçün siyasi mahiyyət daşıyır. Çünki Ermənistan sərhədlərini rus hərbçiləri mühafizə edir və bu da Kremlin İrəvan üzərində təsiri deməkdir. Rusiya bu təsirin azalmasını istəmir deyə Ermənistanın KTMT-də iştirakını tələb edir. Lakin postmünaqişə dövründə Ermənistan bu təşkilatda fəaliyyətini dondurub və tədbirləri boykot edir, özünə yeni təhlükəsizlik tərəfdaşı axtarır. Rusiya da anlayır ki, Ermənistan bu bloka qayıtmayacaq, yəni Paşinyan hakimiyyətdə olduğu müddətdə əvvəlki iştirak olmayacaq, ona görə konkret seçim tələb edir".
Hərbi təhlilçi qeyd edib ki, Ermənistan ordusu ABŞ və digər ölkələrlə təlimlər keçirir və KTMT ilə birgə toplantılara qoşulmur, çünki Rusiyadan uzaqlaşmaq istəyir: "Qərb erməni ordusunu silahlandırır, sovet-rus hərb məktəbi sisteminin şinelindən çıxarır. Bu dəstəyi açıq şəkildə görmək olar. ABŞ ilə birgə təlimlər də buna bariz nümunədir. Odur ki, Ermənistanın bundan sonra KTMT-də fəaliyyətini bərpa edəcəyini gözləmirəm. Paşinyan administrasiyasının siyasi kursu məhz bunu diktə edir. O baxımdan, baş nazir müdafiə blokundan çıxmaqla bağlı tez-tez danışır. Amma deyir ki, Ermənistan təşkilatdan getmir, özləri çıxarsınlar. Təbii ki, üzv ölkələrdən yalnız Rusiyanı maraqlandıran məsələdir. Yəni Belarus, Qazaxıstan üçün Ermənistanın KTMT-də olub-olmaması fərq yaratmır".
Yada salaq ki, Paçinyan bu yaxınlarda Ermənistanın balanslaşdırılmış və şaxəli xarici siyasəti həyata keçirdiyini bəyan edib: “Bizi KTMT-dən çıxmaqla hədələməyə ehtiyac yoxdur. Çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar. Çıxarmaq istəmirlərsə, qoy çıxarmasınlar”.
Emil Salamoğlu
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ