Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Omanda keçirilən dolayı danışıqlardan sonra Tehranın Vaşinqtonla münasibətlərdəki mövqeyini bir daha dəqiqləşdirib.
Musavat.com xəbər verir ki, Əraqçi İran tərəfinin nəticəyə yönəlmiş "real danışıqlar" tərəfdarı olduğunu, lakin bunun üçün ABŞ-nin səmimiyyət nümayiş etdirməli olduğunu bəyan edib.
Nazir bildirib ki, hazırda tərəflər arasında ən böyük maneə ABŞ-nin illərdir apardığı siyasət nəticəsində yaranmış "inamsızlıq divarı"dır.
Əraqçinin sözlərinə görə, Tehran dialoqa hazırdır, lakin bu dialoq yalnız İran xalqının hüquqlarına hörmət edildiyi və etimadın bərpası üçün real addımlar atıldığı təqdirdə uğur qazana bilər:
"Biz danışıqlara çox ciddi yanaşırıq və real nəticələr əldə etməyə çalışırıq. Lakin bir şərtlə ki, qarşı tərəf də eyni ciddiliyi nümayiş etdirsin. ABŞ-nin öz davranışı ilə ucaltdığı inamsızlıq divarı hələ də ortadadır. Biz ümid edirik ki, danışıqların uğurla başa çatması üçün lazımi əminlik mühiti yaradılacaq".
Abbas Əraqçi həmçinin vurğulayıb ki, fevralın 6-da Masqatda keçirilən 8 saatlıq görüşlər "yaxşı başlanğıc" olsa da, İranın uranı öz torpağında zənginləşdirmə hüququndan heç vaxt vaz keçməyəcəyini qeyd edib. O, ABŞ-nin raket proqramı və regional məsələləri müzakirə masasına gətirmək cəhdlərini "qeyri-mümkün şərtlər" adlandıraraq rədd edib. Nazirin bu bəyanatı Donald Trampın ABŞ aviadaşıyıcısından verdiyi "ya razılaşma, ya da ağır nəticələr" xəbərdarlığından sonraya təsadüf edir.
Hazırda Tehran Masqatda aparılan sınaq xarakterli danışıqların nəticələrini təhlil edir və müzakirələrin davam etdirilib-etdirilməyəcəyi barədə yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ