İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya səfirindən Bakıya MÜHÜM MESAJ - VİDEO, FOTOLAR

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransı keçirib.

Musavat.com bildirir ki, səfir konfrans iştirakçılarını Azərbaycan dilində salamlayıb və daha sonra bəyanatla çıxış edib.

WhatsApp Image 2026-08-21 at 11.36.31.jpeg (85 KB)

Dankan Norman bildirib ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsindən cəmi üç gün sonra Azərbaycan mediasının nümayəndələri ilə görüşməkdən böyük məmnunluq duyur:

“Bu mühüm hadisə Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın və gələcək əməkdaşlıq üçün mövcud imkanların bir daha təsdiqi oldu. Bu gün həmin imkanlar barədə fikirlərimi sizinlə bölüşmək istərdim.

Mən ilk dəfə 1999-cu ildə həyat yoldaşım Kerri ilə birlikdə Azərbaycana gəlmişdim. O zaman Azərbaycan bu il vacib rolu öz üzərimə götürmək üçün geri qayıdarkən gördüyüm ölkədən çox fərqli idi.

2025-ci ilin əvvəllərində mən Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə biləcəyim qədər çox şey öyrətdi.

Bu gün gördüyüm Azərbaycan ilk səfərimdə təsəvvür edilməsi belə çətin olan şəkildə dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi.

Bu münasibətlər baxımından əlamətdar bir dönəmdə Azərbaycana gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qərarlıyam”.

Səfir qeyd edib ki, Birləşmiş Krallıq və Azərbaycan arasında 30 ildən çox əməkdaşlıq tarixi var:

“Bu münasibətlər enerji sahəsində başlayıb. BP-nin qabaqcıl investisiyası Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz hələ də həmin sağlam təməlin üzərində qurmağa davam edirik. Lakin tərəfdaşlığımız enerji sahəsindən çox kənara çıxıb. Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir.

Azərbaycan dəyərli tərəfdaşdır; iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur. Məhz buna görə də hökumətlərimiz bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydalar təmin edən ortaq gələcək qururlar”.

Xalidə Gəray
Fotolar, video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR