Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Qorunması Komissiyasının rəhbəri Vladimir Cabarov Telegram kanalında, Qərbin son iki ildə "Moldova və Ermənistanda seçkilərə təsir göstərmək üçün yeni metodlar hazırladığını və bu metodları sonradan Rusiyada tətbiq etməyi hədəflədiyini" iddia edib.

“Bakı-Xəbər” yazır ki, onun sözlərinə görə, Dövlət Dumasına seçkilər zamanı xaricdəki seçki məntəqələrində saxta sorğular və saxta exit-polllar da daxil olmaqla təxribatlar təşkil edilə bilər. Cabarov Qərb mediasının bu məlumatlara əsaslanaraq, səsvermə başa çatmamışdan əvvəl seçkiləri "saxtakarlıq" və qeyri-legitim elan edə biləcəyini deyib.
Senator həmçinin xaricdə yaşayan ruslar arasından rəy sorğuları və təşviqat aparmaq üçün könüllülərin cəlb olunduğunu iddia edib. Bundan əlavə, o, birbaşa seçki məntəqələrində təxribatların, o cümlədən korlanmış bülletenlərin, təkbaşına piketlərin və müşahidəçilər vasitəsilə seçki komissiyası üzvlərini təhrik etmək cəhdlərinin mümkünlüyü barədə də xəbərdarlıq edib. Cabarov iddia edir ki, Rusiya və xarici media, sosial şəbəkələrdə paralel olaraq seçkiləri nüfuzdan salmağa yönəlmiş tənqidi gündəm formalaşdırılacaq.
Ölkədə qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondunun bu cür fəaliyyətlərlə məşğul olduğunu deyən rusiyalı senator, fondun əvvəllər 1 milyon dollarlıq "avans"dan sonra bu məqsədlər üçün əlavə 1,5 milyon dollardan çox vəsait aldığını bildirir. O, habelə qeyd edib ki, Rusiya seçkilərinə müdaxilə layihələri Avropa Parlamentində və AŞPA-da açıq şəkildə təqdim olunur və Qərb ölkələrindən maliyyə, təşkilati və informasiya dəstəyi alır. Qeyd edək ki, Dövlət Dumasına seçkilər sentyabrın 20-də keçiriləcək.

Senatorun dedikləri nə dərəcədə real görünür? Qərb Rusiyadakı seçkilərə müdaxilə və ya təsir edə bilərmi?
Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Rusiya postsovet ölkələrində keçirilən seçkilərə hər dəfə kobud müdaxilələrlə yadda qalıb. Onun sözlərinə görə, Rusiya imperiyası hesab edir ki, onun maraq dairəsində olan ölkələrdə parlament və prezident seçkilərində ruspərəstlər qalib gəlməlidirlər.
“Buna dair çoxsaylı nümunələr gətirmək mümkündür. Məsələn, Ukraynada, Moldovada, Gürcüstanda bu illər ərzində keçirilən prezident və parlament seçkilərində çirkin oyunlardan çəkinməyiblər. İndi isə Rusiyada parlament seçkiləri yaxınlaşır və Kreml anlayır ki, cəmiyyətdə vəziyyət təhlükəlidir. Ukraynaya qarşı aparılan işğalçı müharibənin fiaskosu və müharibənin Rusiya ərazisinə transfer edilməsi Putinə və komandasına böyük bir nifrət yaradıb. PUA hücumları nəticəsində yaranan yanacaq qıtlığı rusiyalıları məmnun edə bilməz”.

Fikrət Yusifov qeyd edib ki, əgər demokratik parlament seçkiləri keçirilərsə, hakim partiya uduzacaq: “Ona görə də seçkiöncəsi Putin hökuməti təbliğat maşınını tam gücü ilə işə salmağa çalışır. İnsanların beyninə indidən yeritmək istəyirlər ki, baxın, Qərb seçkilərə yeni üsullarla müdaxilə edəcək, ona görə hazır olmalıyıq. Bunun “qara məni basınca, qoy qaranı mən basım” deyimi kimi izah edilməlidir”.
Həmsöhbətimizin fikrincə, seçkilərə müdaxiləyə ehtiyac yoxdur: “Qərb yaxşı bilir ki, normal seçki keçirilərsə, hakim partiya məğlub olacaq. Ona görə də Kreml hər vəchlə seçkiləri saxtalaşdıracaq. Qərb isə monitorinq edərək seçkilərdə saxtakarlığın ölçülərini müəyyənləşdirəcək”.
Cavanşir Abbaslı
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ