Onlayn ictimai-siyasi qəzet
Moskva Bakıya hücum etdi, Qərbdəki agentura şəbəkəsi də hərəkətə keçdi – Əli Kərimli əməliyyatının pərdəarxası
Leyla Yunusla Cəmil Həsənlinin Əli Kərimli haqqında Qərb mediasına göndərdikləri “SOS” məktubu təsadüfi hüquq müdafiəsi deyil; Rusiyanın Azərbaycana qarşı başlatdığı informasiya savaşının coğrafiyasını genişləndirmək cəhdidir
“Yeni Müsavat” yazarının əldə etdiyi məlumata görə, Rusiyanın Azərbaycana qarşı başlatdığı total media hücumu ilə eyni vaxtda Qərbdəki köhnə şəbəkə də hərəkətə keçib.
Özünü Azərbaycanın hüquq müdafiəçisi adlandıran Leyla Yunus və AXCP-nin siyasi xəttini xaricdə müdafiə edən olmayan Milli Şuranın rəhbəri Cəmil Həsənli Qərbin bir sıra media qurumlarına məktub göndərərək Əli Kərimli ilə bağlı yeni kampaniya başlatmağa çalışıblar.
Məktub adi müraciət deyil. Bu, “SOS” işarəsi ilə Qərb mediasının redaksiyalarına ötürülən siyasi donosdur. Mətnin dili elə qurulub ki, oxuyan adam Əli Kərimlinin həbsxanada son nəfəsini verdiyini, ölümün bir addımlığında dayandığını düşünməlidir.
“Dərin narahatlıq doğuran məlumat”, “kritikləşən vəziyyət”, “dözülməz isti”, “su verilmir”, “sistemli təzyiq”, “psixoloji işgəncə”…
Sözlər xüsusi seçilib. Məqsəd faktı olduğu kimi təqdim etmək deyil, Qərb auditoriyasında emosional partlayış yaratmaqdır. Məktubun üzərində iri hərflərlə “SOS!” yazılıb. Ardınca bildirilir ki, Əli Kərimlinin vəkili məhkəmədən “dərin narahatlıq doğuran məlumat” verib. Guya Əli Kərimli məhkəmə iclasında dəfələrlə su istəyərək deyib: “Bu dözülməz istidə mənə su vermirlər”.
Müraciətin ümumi tonu və onun ətrafında yaradılan təbliğat elə qurulub ki, növbəti mərhələdə “Əli Kərimli susuzluqdan huşunu itirdi, öldü” başlığının meydana çıxmasına yalnız bir addım qalır. Yəni hadisə hələ baş verməyib, amma onun beynəlxalq media üçün dramatik versiyası qabaqcadan hazırlanıb.
Bir stəkan su “SOS”a çevrilib. Məhkəmə zalındakı adi bir epizod beynəlxalq siyasi donosun əsas materialı edilib.
Telefon zəngi “işgəncə”, təmir səsi dövlət terroru oldu
Leyla Yunusla Cəmil Həsənlinin Qərb mediasına göndərdikləri “işgəncə dosyesi”nin digər elementləri də eyni dərəcədə “ciddidir”.
Əli Kərimlinin sosial media hesablarında yayılan iddialara görə, təcridxananın həyətində aparılan təmir işlərinin səs-küyü onun rahat yatmasına mane olur. Haradasa telefon zəng çalır, bu da AXCP sədrinə qarşı “psixoloji işgəncə” kimi təqdim edilir.
İndi Leyla Yunusla Cəmil Həsənli təmir səsini, telefon zəngini və su istənilməsini bir qovluğa yığıb Qərb mediasına göndərirlər. Ardınca gözlənilən proses bəllidir: əvvəl hansısa xarici sayt bu iddiaları dərc etməli, sonra beynəlxalq təşkilatlar həmin yazıya istinadən bəyanat verməli, daha sonra Avropa parlamentariləri dövriyyəyə girməli, sonda isə Azərbaycan hakimiyyətinə qarşı yeni sanksiya və təzyiq çağırışları başlamalıdır.
Bu mexanizm bizə çoxdan tanışdır.
Əvvəl Bakıdan donos göndərilir. Sonra donos Qərb mediasında “xəbər” olur. Daha sonra həmin “xəbər” Bakıya beynəlxalq ittiham kimi qaytarılır.
Mənbə özləridir. Xəbəri yazdıran özləridir. Sonra həmin xəbərə istinad edən də yenə özləridir.
Beləcə, bir telefon zəngi “işgəncə faktı”, təmir səsi “sistemli repressiya”, bir stəkan su isə “ölüm təhlükəsi”nə çevrilir.
Psixiatriya qanunundan da Əli Kərimli ssenarisi düzəltdilər
Məktubun ən absurd hissələrindən biri “Psixiatriya yardımı haqqında” qanuna edilmiş dəyişikliklərin guya Əli Kərimliyə qarşı istifadə edilə biləcəyi barədə iddiadır. Əli Kərimlinin həmin qanuna əsasən psixiatriya müəssisəsinə yerləşdirilməsi barədə heç bir rəsmi qərar, tibbi rəy və ya təsdiqlənmiş məlumat yoxdur. Amma Leyla Yunusla Cəmil Həsənliyə fakt lazım deyil. Onlara qorxu ssenarisi lazımdır.
Əvvəl havadan ehtimal yaradılır. Sonra həmin ehtimal təhlükə kimi təqdim edilir. Ardınca təhlükə “Azərbaycan hakimiyyətinin gizli planı” adlandırılır. Nəhayət, uydurulmuş ssenari Qərb mediasına hazır ittiham kimi ötürülür.
Hadisə yoxdur – ehtimal var.
Fakt yoxdur – “SOS” var.
Sübut yoxdur – Azərbaycan dövlətinə qarşı hökm var. Bu, hüquq müdafiəçiliyi deyil. Bu, siyasi manipulyasiya və informasiya təxribatıdır.
Moskva Şərqdən, onun şəbəkəsi Qərbdən vurur
Məsələnin əsas mahiyyəti məktubun məzmunundan daha çox onun meydana çıxdığı zamandadır.
Rusiya hazırda Azərbaycana qarşı açıq informasiya savaşı aparır. Rusiyanın media məkanında ölkəmizi və birbaşa Prezident İlham Əliyevi hədəfə alan ittihamlar ard-arda dövriyyəyə buraxılır. Müxtəlif bloqerlər, teleqram kanalları, şovinist siyasətçilər və Kremlin təbliğat maşınının digər elementləri eyni tezisləri müxtəlif formalarda təkrarlayırlar.
Məhz həmin anda Leyla Yunus və Cəmil Həsənli Əli Kərimli mövzusunu götürərək hücumun coğrafiyasını genişləndirir.
Moskva rusdilli informasiya məkanında Azərbaycanı hədəfə alır. Leyla Yunusla Cəmil Həsənli isə Qərb mediasında ikinci cəbhə açmağa çalışırlar.
Bir tərəfdə Azərbaycan “Rusiyanın düşməni” kimi təqdim olunur. Digər tərəfdə “müxalifət liderini susuzluqdan öldürən avtoritar dövlət” obrazı hazırlanır.

Mətnlər fərqlidir, sifarişin siyasi istiqaməti eynidir. Mərkəzlər ayrı görünür, hədəf birdir.
Hədəfdə Azərbaycan dövləti, onun beynəlxalq nüfuzu, Qərblə münasibətləri və Prezident İlham Əliyevin siyasi mövqeyi dayanır.
Buna təsadüf demək siyasi korluq olardı.
Bu, sinxron informasiya hücumudur. Rusiya öz media resursları ilə Azərbaycanın üstünə gəlir, onun Qərbə yerləşdirilmiş köhnə agentura şəbəkəsi isə “insan hüquqları” pərdəsi altında eyni prosesi Avropa və Amerika mediasında başladır.
Leyla Yunusun Moskva izi
Leyla Yunusun kimliyi və hansı siyasi məktəbdən çıxması Azərbaycan cəmiyyətinə məlumdur.
O, fəaliyyətə başladığı ilk dövrlərdən Moskvanın adamı kimi tanınıb. Onun Azərbaycan siyasətində Rusiyanın xüsusi xidmət orqanlarının maraqlarını ifadə etməsi barədə uzun illərdir ciddi iddialar, hətta təkzibolunmayan faktlar mövcuddur. Eyni iddialar həyat yoldaşı Arif Yunus haqqında da dəfələrlə səsləndirilib.
Bu iddiaların qarşılığında cəmiyyətə inandırıcı və əsaslandırılmış cavab təqdim edilməyib.
İndi Rusiya Azərbaycana qarşı hücuma keçən kimi Leyla Yunusun Qərb redaksiyalarına “SOS” məktubları göndərməsi həmin köhnə dosyeni yenidən açır.
Əgər bu, sadəcə Əli Kərimlinin hüquqlarının müdafiəsidirsə, niyə məhz Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşdiyi və Moskvanın ölkəmizə qarşı total media kampaniyasına başladığı anda həyata keçirilir?
Niyə Moskvanın hücumu ilə Leyla Yunusun Qərbdəki fəaliyyəti eyni vaxta düşür?
Niyə müxtəlif istiqamətlərdən gələn zərbələr sonda eyni nəticəyə – Azərbaycanın beynəlxalq mövqelərinin zəiflədilməsinə xidmət edir?
Çünki burada söhbət bir məhbusdan getmir. Əli Kərimli bəhanədir. Əsas hədəf Azərbaycandır.
Köhnə “ağır xəstə” tamaşası bu dəfə Əli Kərimli üçün oynanılır
Leyla Yunus belə kampaniyaların texnologiyasını yaxşı bilir. Çünki vaxtilə həmin ssenarinin baş qəhrəmanı özü olub.
O, Azərbaycanda həbsdə olduğu vaxt Qərbə göndərilən müraciətlərdə az qala ölüm ayağında olan, səhhəti hər an çökə biləcək ağır xəstə kimi təqdim edilirdi. Xarici media və beynəlxalq təşkilatlar vasitəsilə onun ətrafında böyük humanitar şou qurulmuşdu.
Sonradan Qərb ölkələrindən birində çəkilən filmdə də Leyla Yunus çətinliklə yeriyən, ayaq üstə dura bilməyən ağır xəstə qadın obrazında göstərilmişdi. Kamera qarşısında əsa ilə hərəkət edən, yanında həyat yoldaşı dayanan həmin obraz Qərb auditoriyasına xüsusi mesaj verməli idi: “Azərbaycan həbsxanası bu qadını bu hala salıb”. Həmin fotonu da xatırlatma üçün bu yazıya daxil edirik.
İndi görünür, Leyla Yunus “sağalıb”, ayağa qalxıb və vaxtilə özü üçün yazılan ssenarini Əli Kərimli üçün tətbiq etməyə başlayıb. Bu dəfə baş rolda Əli Kərimlidir. Dekorasiya dəyişib, ssenari dəyişməyib.
Əvvəl “səhhəti kritikdir” deyilir. Sonra “sistemli işgəncə” iddiası ortaya atılır. Daha sonra “həyatı təhlükədədir” tezisi dövriyyəyə buraxılır. Sonda Qərbdən Azərbaycana qarşı təzyiq və sanksiya tələb olunur.
Cəmil Həsənli də bu tamaşada öz yerini tutub. Daim Azərbaycan əleyhinə kampaniyalarda görünən Cəmil Həsənlinin adı məktuba “professor”, “tarixçi”, “keçmiş prezidentliyə namizəd” möhürü vurmaq üçün əlavə edilib.
Leyla Yunus “hüquq müdafiəçisi”, Cəmil Həsənli “professor”, Əli Kərimli isə “ölüm təhlükəsində olan Avropa gələcəyinin lideri”…
Qərb mediası üçün personajlar hazırlanıb, rollar bölüşdürülüb, mətn yazılıb. Qalıb sifarişli tamaşanı yayımlamaq. Bu, hüquq müdafiəsi deyil – Azərbaycana qarşı siyasi donosdur
Əgər məqsəd həqiqətən Əli Kərimlinin saxlanma şəraitini yaxşılaşdırmaqdırsa, bunun hüquqi yolları var: vəkil müraciəti, məhkəmə şikayəti, Ombudsmana müraciət, tibbi müayinə, monitorinq və aidiyyəti dövlət qurumlarından rəsmi cavab tələb etmək.
Amma Leyla Yunusla Cəmil Həsənli hüquqi prosedur axtarmırlar. Onlar Azərbaycan dövlətinə qarşı istifadə ediləcək beynəlxalq siyasi material hazırlayırlar.
Məktubun ünvanı təcridxana rəhbərliyi deyil. Məktubun ünvanı Qərb mediası, beynəlxalq təşkilatlar, Avropa parlamentləri və Azərbaycanla münasibətləri olan xarici hökumətlərdir.
Deməli, məqsəd Əli Kərimliyə su vermək deyil. Məqsəd Azərbaycanı yeni beynəlxalq təzyiq dalğasının altına salmaqdır.
Rusiya informasiya məkanında Azərbaycan dövlətçiliyi hədəfə götürülür. Leyla Yunusla Cəmil Həsənli isə Qərb mediasında Azərbaycan hakimiyyətini “müxalifət liderini ölüm həddinə çatdıran rejim” kimi təqdim etməyə çalışırlar.
Bu qədər uyğunluq təsadüf ola bilməz. Bu, eyni əməliyyatın iki cinahıdır. Moskva bir tərəfdən vurur, onun Qərbə inteqrasiya olunmuş şəbəkəsi digər tərəfdən.
Əli Kərimli isə bu hücumda qorunmalı siyasi şəxs olmaqdan daha çox, Azərbaycan əleyhinə informasiya silahına çevrilir. Bir stəkan su siyasi donosa çevrilib. Telefon zəngi “işgəncə faktı” olub. Təmir səsi “dövlət terroru” kimi təqdim edilib.
Olmayan psixiatriya ssenarisi beynəlxalq təhlükəyə çevrilib.
Bütün bunların üzərinə də böyük hərflərlə “SOS” yazılıb.
Amma bu “SOS” Əli Kərimlinin səsi deyil. Bu, Azərbaycana qarşı yeni cəbhə açmaq istəyən köhnə şəbəkənin döyüş siqnalıdır.
Musavat.com,
Təhlil şöbəsi
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ