İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dərmanların keyfiyyəti araşdırılmalıdır..." - AİB sədri müvafiq qurumlara çağırış etdi

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Azərbaycanda dərman bazarında mövcud olan problemlərdən danışıb. Musavat.com xəbər verir ki, o, dərman təminatından tutmuş, həkim-pasiyent münasibətlərinə, laboratoriya xidmətlərindən məhkəmə müdafiəsinə qədər bir çox sahədə sistemli problemlərin olduğunu bildirib.


Eyyub Hüseynovun sözlərinə görə, ölkədə müəyyən dərman preparatlarının bazardan qəfil yoxa çıxması bəzən tibbi zərurətdən deyil, dərman şirkətləri arasındakı kommersiya maraqlarından qaynaqlanır. “İnsanlar illərlə istifadə etdikləri dərmanları tapa bilmirlər. Halbuki bunun arxasında bəzi hallarda dərman idxalçıları arasındakı rəqabət dayanır. Bir preparatın qarşısı alınır, onun əvəzinə başqası bazara çıxarılır”, - deyə o bildirib.

Monopoliya qaldıqca, qiymətlər də artacaq - Eyyub Hüseynov

Birlik sədri dərmanların keyfiyyəti ilə bağlı da ciddi narahatlığını ifadə edib. Onun fikrincə, vətəndaşların müəyyən dərmanların təsirsizliyi barədə şikayətləri geniş yayılıb və bu məsələ dərindən araşdırılmalıdır. Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda satılan dərman preparatlarının yan təsirlərinin öyrənilməsi istiqamətində də ciddi boşluqlar mövcuddur: “Eyni dərman müxtəlif ölkələrdə yaşayan insanlara fərqli təsir göstərə bilər. Dərmanların Azərbaycandakı təsirləri sistemli şəkildə öyrənilməli, nəticələr istehsalçı şirkətlərə çatdırılmalıdır. Təəssüf ki, bu istiqamətdə ciddi iş aparılmır”.

Qurum sədri dərman qiymətlərinin də vətəndaşların əsas problemlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, dövlət tərəfindən qiymətlərin tənzimləndiyi bəyan edilsə də, bir sıra preparatlar qonşu və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda daha baha satılır. Eyyub Hüseynov bəzi həkimlərin dərman şirkətləri ilə əməkdaşlıq etməsi, müəyyən preparatların yazılması müqabilində maddi maraqların yaranması barədə iddiaların da mövcud olduğunu bildirib. Onun sözlərinə görə, müəyyən hallarda həkimlər arasında pasiyentlərin bir-birinə yönləndirilməsi və bundan maliyyə gəliri əldə olunması praktikası formalaşıb: “Xəstə bir həkimdən digərinə göndərilir və bunun müqabilində faiz əsaslı ödənişlərdən danışılır. Bu barədə məlumatlar bizə həm vətəndaşlardan, həm də səhiyyə sistemində çalışan şəxslərdən daxil olur”.

 

Birlik sədri laboratoriya xidmətləri ilə bağlı da suallar qaldırıb. O bildirib ki, bəzi həkimlər xəstələrin başqa klinikalarda etdirdiyi analizləri qəbul etməyərək onları konkret laboratoriyalara yönləndirirlər. “Xəstənin əlində hazır analiz nəticələri olsa belə, bəzi hallarda yenidən müəyyən ünvanlara göndərilir. Bu da vətəndaşlarda haqlı narazılıq yaradır”, - deyə o vurğulayıb.

Eyyub Hüseynov, həmçinin, ürək-damar xəstəlikləri sahəsində aparılan bəzi əməliyyatlarla bağlı da müzakirələrə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, şuntlama əməliyyatı keçirmiş, lakin sonradan problemlərinin aradan qalxmadığını bildirən vətəndaşlar Azad İstehlakçılar Birliyinə müraciət edirlər. Birlik sədri hesab edir ki, səhiyyə sahəsində yaranan mübahisələrin araşdırılması üçün ixtisaslaşmış məhkəmələrin və müstəqil tibbi ekspertiza institutlarının yaradılmasına ehtiyac var. “İnsanlar böyük məbləğlər ödəyirlər, bəzən yaxınlarını itirirlər. Lakin sonradan hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Tibbi mübahisələr üzrə müstəqil ekspertiza və ixtisaslaşmış məhkəmə mexanizmi yaradılmalıdır”, - deyə o qeyd edib.

O, həmçinin pasiyent hüquqlarını tənzimləyən ayrıca qanunun qəbul edilməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, uzun illərdir müzakirə olunsa da, bu istiqamətdə ciddi irəliləyiş əldə edilməyib. Sonda o, dövlət qurumlarını bu sektorda şəffaflığın artırılması, dərman bazarına nəzarətin gücləndirilməsi və vətəndaşların hüquqlarının daha effektiv müdafiəsi üçün ciddi islahatlar həyata keçirməyə çağırıb.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR