Onlayn ictimai-siyasi qəzet
Donald Trampın xarici siyasətinin təməlində sadə bir prinsip dayanır: ABŞ o qədər güclüdür ki, həm müttəfiqlər, həm də rəqiblər Vaşinqtonun iradəsi ilə hesablaşmağa məcburdur. Lakin İranla altı aydır davam edən müharibə və Kanada ilə dərinləşən qarşıdurma bu yanaşmanın ən ciddi sınağına çevrilib.
Musavat.com xəbər verir ki, CNN-in siyasi analitiki Stiven Kollinson Tramp administrasiyasının hazırkı vəziyyətini təhlil edərkən belə qənaətə gəlib.
Kollinson xatırladır ki, Tramp administrasiyasının dünya görüşünü prezidentin yaxın müşaviri Stiven Miller ilin əvvəlində açıq şəkildə ifadə etmişdi: real dünya “güc, zor və qüdrət” tərəfindən idarə olunur.
Ancaq CNN analitikinin fikrincə, indi həmin nəzəriyyə eyni vaxtda tamamilə fərqli iki ölkədə – ABŞ-nin düşməni İranda və ən yaxın tarixi müttəfiqlərindən biri Kanadada sınaqdan keçirilir.
İran altı aydır ABŞ-nin hərbi üstünlüyünə müqavimət göstərir. Kollinson qeyd edir ki, Tramp müharibəni başladıb, lakin indiyədək onu istədiyi nəticə ilə başa çatdıra bilməyib. Vaşinqton buna görə indi Tehrana qarşı daha geniş iqtisadi müharibəyə hazırlaşır.
ABŞ maliyyə naziri Skott Bessent İranın qlobal maliyyə əlaqələrinə qarşı “iqtisadi hücum” elan edib. Məqsəd İranın xarici ticarət və maliyyə kanallarını mümkün qədər bağlamaq, ölkə iqtisadiyyatına təzyiqi kritik həddə çatdırmaqdır.
Lakin CNN burada əsas problemi göstərir: sanksiyaların həqiqətən dağıdıcı olması üçün ABŞ-yə dünyanın böyük hissəsinin dəstəyi lazımdır. Vaşinqton isə Trampın siyasəti nəticəsində bir sıra ənənəvi müttəfiqləri ilə münasibətlərini özü gərginləşdirib.
Xüsusilə Çin amili ciddi maneədir. İranın ucuz neftinin satışında iştirak edən Çin banklarına qarşı hələlik ciddi addım atılmayıb. Pekin isə maraqlarını qoruyacağını açıq bildirib və ötən il ABŞ üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaq imkanından istifadə edərək Vaşinqtona qarşı öz iqtisadi silahlarının olduğunu göstərib.
Üstəlik, Tramp gələn ay Çin lideri Si Cinpini dövlət səfərində qəbul etməyə hazırlaşır. Kollinsonun fikrincə, bu da prezidentin İran məsələsinə görə Pekinlə böyük qarşıdurmaya gedib-getməyəcəyi barədə suallar yaradır.
Ancaq Trampın güc siyasətinin daha paradoksal sınağı Kanadadır.
Kanadanın Baş naziri Mark Karni Vaşinqtonla ticarət danışıqlarını dayandıraraq bildirib ki, Tramp dövründə ABŞ “dəyişib” və iqtisadi inteqrasiyadan silah kimi istifadə edir.
CNN diqqəti olduqca qeyri-adi mənzərəyə çəkir: Amerikanın ən yaxın və ən etibarlı müttəfiqlərindən Kanada hazırda Vaşinqtonla iqtisadi qarşıdurmada, ABŞ-nin əsas düşmənlərindən İran isə hərbi və iqtisadi qarşıdurmadadır.
Tramp Kanadanın müqavimətinə son dərəcə sərt reaksiya verib: “ABŞ həmişə Kanadadan daha böyük, daha zəngin və daha güclü olacaq”.
O, Kanada rəhbərliyini “sıraya düzülməyə” də çağırıb.
Ottava isə geri çəkilmək niyyətində olmadığını göstərir. Karni ABŞ-nin Kanadanın üçüncü ölkələrlə ticarət əlaqələrinə və ölkənin fransız və ingilis dilliliyini qoruyan qaydalarına təsir göstərmək cəhdlərindən də narazılığını ifadə edib.
“Heç bir dövlətə gələcəyimizi diktə etməyə imkan verməyəcəyik”, – Kanada baş naziri bildirib.
Kollinsonun fikrincə, Trampın qarşısındakı dilemma məhz buradadır. ABŞ iqtisadi və hərbi baxımdan həm Kanada, həm də İrandan qat-qat güclüdür. Lakin bu üstünlük avtomatik olaraq qarşı tərəfin təslim olması demək deyil.
Kanada ilə uzunmüddətli tarif müharibəsi ABŞ avtomobil sənayesinə də ağır zərbə vura, Kanada mallarının və istehlakçılarının boykotu isə Miçiqan və Men kimi siyasi baxımdan mühüm ştatlarda respublikaçılara problem yarada bilər. İranla iqtisadi savaşın genişləndirilməsi isə enerji qiymətlərini artıraraq amerikalı istehlakçıların özünə zərbə vura bilər.
CNN analitiki burada Tramp siyasətinin əsas paradoksunu görür: gücü nümayiş etdirmək üçün tətbiq edilən təzyiq ABŞ-nin özünə ciddi iqtisadi zərər vurmağa başladıqda Tramp geri çəkilərsə, rəqibləri gələcək təhdidlərinin etibarlılığına daha az inanacaqlar.
Kollinson təhlilini Tramp administrasiyasının “güc qanununa” qarşı başqa bir qanunla tamamlayır:”İnsanlar öz suverenlik və müstəqilliklərinin daha böyük xarici güc tərəfindən təhdid edildiyini düşündükdə, onu qorumaq üçün son dərəcə yüksək bədəl ödəməyə hazır ola bilərlər”.
Başqa sözlə, CNN-in təhlilinə görə, Trampın “güclü olan diktə edir” nəzəriyyəsinin taleyi indi iki tamamilə fərqli cəbhədə – Tehran və Ottavada həll olunur.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ