İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin, Tramp və Netanyahu üçün “qaynar payız” yaxınlaşır - Üç lider milyonların qarşısına çıxır...

2026-cı ilin payızı dünya siyasətində mühüm siyasi sınaqlardan birinə çevriləcək. 18-20 sentyabr aralığında Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilər prezident Vladimir Putin üçün Ukrayna müharibəsi fonunda daxili siyasi dəstəyin göstəricilərindən biri olacaq.

Oktyabrın 27-də isə diqqətlər İsrailə yönələcək. İlk dəfə 7 oktyabr hadisələrindən və sonrakı genişmiqyaslı müharibələrdən sonra keçiriləcək parlament seçkiləri baş nazir Benyamin Netanyahu üçün faktiki olaraq siyasi hesabat xarakteri daşıyacaq. Son sorğuların bir hissəsində Netanyahu blokunun rəqiblərindən geri qalması onun qarşısında ciddi siyasi suallar yaradıb.

Bundan cəmi bir həftə sonra-3 noyabrda Amerikada keçiriləcək aralıq seçkiləri Donald Trampın ikinci prezidentlik dövrünün ən mühüm siyasi sınaqlarından birinə çevriləcək. Burada söhbət prezident seçkisindən getməsə də, Konqresdə qüvvələr nisbətinin dəyişməsi Tramp administrasiyasının qanunvericilik gündəliyinə və hakimiyyət imkanlarına birbaşa təsir göstərə bilər. Üstəlik, hazırda Trampın reytinqi, iqtisadi vəziyyət və davam edən xarici siyasət böhranları seçki mübarizəsini daha da sərtləşdirir.
Beləliklə, Putin üçün əsas sual Ukrayna müharibəsinin yaratdığı təzyiqlərin Rusiya daxilində siyasi sistemə nə dərəcədə təsir göstərdiyidir. Tramp üçün məsələ onun siyasətinə seçicinin verdiyi qiymət və Konqres üzərində nə qədər siyasi manevr imkanını qoruyacağıdır. Netanyahu isə müharibələr, təhlükəsizlik, daxili siyasi parçalanma və koalisiya mübarizəsinin fonunda yenidən seçicinin qarşısına çıxacaq. İsraildə seçkinin nəticəsinin Netanyahu üçün referendum xarakteri daşıya biləcəyi artıq geniş müzakirə olunur.

Üç ölkə, üç fərqli siyasi sistem, üç fərqli lider fonunda dünya bu suallara cavab axtarır:

Putin seçkilərdən Ukrayna müharibəsi fonunda daha güclü siyasi mandatla çıxa biləcəkmi? Tramp Konqresdə hakimiyyət üstünlüyünü qoruyacaq, yoxsa aralıq seçkilər onun siyasətinə ciddi zərbə vuracaq? Netanyahu müharibələr və artan daxili siyasi narazılıq fonunda hakimiyyətini saxlaya biləcəkmi? Bu üç seçkinin nəticələri yalnız həmin ölkələrin daxili siyasətinə deyil, Rusiya-Ukrayna müharibəsinə, ABŞ-ın xarici siyasətinə və Yaxın Şərqdəki güc balansına necə təsir edəcək?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirdi ki, 2026-cı ilin payızı dünya siyasətində mühüm siyasi sınaqlar dövrü ola bilər:

sa.jpg (46 KB)

“Rusiya, İsrail və ABŞ-da keçiriləcək seçkilər fərqli siyasi sistemlərdə baş versə də, hər üçündə hakimiyyət sınağa çəkiləcək. Rusiyada keçiriləcək seçkilər Putin üçün Ukrayna müharibəsinin daxili siyasi nəticələrini ölçmək baxımından əhəmiyyətlidir. Putinin seçkilərdən qalib çıxması müharibənin davam edəcəyini göstərəcək. Əksinə, olarsa bu iqtisadi və sosial problemlərin ictimai fikirdə önəmli olduğunu deməyə əsas verəcək. İsraildə isə Netanyahu üçün vəziyyət daha mürəkkəbdir. Müharibələr, təhlükəsizlik məsələləri, girovlarla bağlı problemlər və cəmiyyətdə siyasi parçalanma seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Seçkilərin nəticələri həm də Netanyahu hökumətinin fəaliyyətinə verilən qiymət olacaq. Bu isə onun və İsrailin siyasi gələcəyinə ciddi təsir göstərəcək.

ABŞ-da aralıq seçkiləri Tramp üçün fərqli sınaq yaradır. Burada əsas məsələ prezidentin özünün seçilməsi deyil, onun Konqresdə siyasi dayaqlarını qoruyub-qorumamasıdır. Respublikaçıların mövqelərinin zəifləməsi Trampın qanunvericilik təşəbbüslərini və daxili siyasətini çərçivəyə sala bilər”.

M.Rəhimlinin sözlərinə görə, bu üç seçkinin nəticələri yalnız daxili siyasətlə məhdudlaşmayacaq:

“Rusiyada nəticələr Ukrayna müharibəsinin davam etdirilməsi və Qərblə münasibətlərin gələcəyinə, ABŞ-dakı nəticələr Vaşinqtonun xarici və daxili siyasətinə, İsraildə isə Yaxın Şərqdə müharibələrə və regional münasibətlərə təsir göstərəcək. Buna görə də 2026-cı ilin payızı təkcə seçkilər mövsümü deyil, həm də dünya siyasətinin əsas istiqamətlərinin müəyyənləşəcəyi mərhələ kimi qiymətləndiriləcək”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR