Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17 Globemaster III" hərbi-nəqliyyat təyyarəsi Latviyanın paytaxtı Riqadan uçaraq Moskvaya enib.
Musavat.com xəbər verir ki, "Flightradar24" məlumatlarına görə, "07-7181" bort nömrəli və "RCH4555" çağırış siqnallı təyyarə avqustun 25-də Riqadan havaya qalxaraq Moskvanın Vnukovo hava limanına eniş edib.
Təyyarənin Moskvaya uçuşunun məqsədi, eləcə də göyərtəsində sərnişin və ya yükün olub-olmadığı hələlik açıqlanmayıb.
Məlumata görə, təyyarə avqustun 23-də ABŞ-nin Vaşinqton yaxınlığındakı Endryus aviabazasından Riqaya gəlib. Bu isə uçuşun diqqətlə izlənməsinə səbəb olub.
Kremlin sözçüsü Dmitri Peskov isə jurnalistlərə bildirib ki, ABŞ hərbi təyyarəsinin Moskvaya enməsi barədə onun məlumatı yoxdur.
ABŞ hərbi təyyarəsinin Rusiyaya belə uçuşu olduqca nadir hadisə hesab olunur. Təyyarənin Moskvaya səfərinin arxasında diplomatik görüş, logistika, şəxsi heyətin daşınması və ya digər məqsədin olub-olmadığı hələlik məlum deyil.
Hazırda Vaşinqton və Moskva tərəfindən uçuşun məqsədi ilə bağlı rəsmi açıqlama verilməyib.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ