Onlayn ictimai-siyasi qəzet
Braziliya prezidenti Luis İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampa dövlət katibi Marko Rubionun təsirini "neytrallaşdırmaq" üçün vasitəçilərsiz birbaşa ünsiyyət kanalı yaratmağı təklif edib.
Musavat.com xəbər verir ki, məlumatı CNN Brasil Braziliya liderinin müşavirlərinə istinadən yayıb.
Mənbələrə görə, son həftələrdə Lula da Silva Rubionun hərəkətlərindən narazılığını bildirib və ABŞ dövlət katibini vasitəçilikdən uzaqlaşdırmaq cəhdi ilə Trampa zəng edib.
Braziliya prezidenti Amerika liderinə bundan sonra birbaşa əlaqə saxlamağı, istər amerikalı, istərsə də braziliyalı vasitəçiləri aradan qaldırmağı təklif edib.
Kanalın mənbələrinə görə, Silva ABŞ prezidentinin Braziliya hökuməti haqqında aldığı məlumatların təhrif olunmuş və qeyri-dəqiq olduğunu xüsusi olaraq vurğulayıb. Kanal əlavə edib ki, Lula da Silvanın əsas narahatlığı Vaşinqtonun oktyabr ayında keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ehtimalıdır.
Braziliya prezident administrasiyası ümid edir ki, Lula da Silva 2026-cı ildə yenidən seçilərsə, iki lider arasındakı münasibətlər yaxşılaşacaq. Braziliya hökuməti artıq Vaşinqtona Lula da Silvanın yenidən dörd illik müddətə hakimiyyətdə qalacağı təqdirdə 2027-ci ildə ABŞ-a rəsmi səfər etməyə hazır olduğunu çatdırıb.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ