Onlayn ictimai-siyasi qəzet
Rusiyada sentyabrda Dövlət Dumasına seçkilər keçiriləcək. Səsvermə 18-20 sentyabr tarixlərində olacaq və 450 deputat seçiləcək: 225-i partiya siyahıları, 225-i isə birmandatlı dairələr üzrə. Hazırda federal siyahılarda 2 816, birmandatlı dairələrdə isə 1 620 namizəd qeydiyyatdadır. “Yabloko”nun seçkidən çıxarılmasından sonra federal siyahı uğrunda 10 partiya mübarizə aparır.
Rəqəmlər böyük rəqabət görüntüsü yaratsa da, burada diqqətçəkən başqa məqam var: illərdir ki, Rusiyanın aşağı parlamentində-Dumada azərbaycanlı deputat yoxdur...
Bu, seçki sisteminin etnik kvota nəzərdə tutmaması ilə izah oluna bilər. Amma məsələ yalnız bununla bitmir. Azərbaycanlı namizədin Duma mandatı qazanması üçün ən azı partiyalardan birinin dəstəyi lazımdır. Deməli, burada əsas sual “azərbaycanlılar niyə seçilmir” yox, “Rusiya siyasi sistemi niyə azərbaycanlı namizədə etibar etmir?” sualıdır.
Üstəlik, Azərbaycan nümunəsi müqayisə üçün maraqlıdır. Milli Məclisdə rus icmasının nümayəndəsi, Rus İcmasının sədri Mixail Zabelin deputat kimi fəaliyyət göstərir. Mixail Zabelin hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputatlığa namizəd irəli sürülür və uzun illərdir mandat daşıyır.
Rusiya tərəfinin yuxarıda qeyd etdiyimiz yanaşması isə Moskva-Bakı münasibətlərinin indiki mərhələsində xüsusilə diqqətçəkəndir. Təbii ki, bunu birbaşa “azərbaycanlılara qarşı etimadsızlıq” kimi qiymətləndirmək olmaz. Lakin siyasi sistemin böyük və fəal bir icmaya federal parlamentdə davamlı təmsilçilik yaratmaması düşündürücüdür. Azərbaycan isə rus icmasına parlamentdə təmsil olunmaq imkanı verib. Ona görə də məsələ yalnız seçki riyaziyyatı deyil, həm də siyasi etimad və qarşılıqlı münasibət məsələsidir.
Bəs bu vəziyyətin, bu münasibətin səbəbləri nədir?
Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, səbəb çox sadə və aydındır:

“Bu gün Rusiya vətəndaşı olan azərbaycanlılar da işğal edilmişlərdən hesab edilir. Yəni Rusiyanın nəzərində həmişə biz aşağı kateqoriyadan hesab edilirik. Ona görə də bütün istiqamətlərdə bizi mümkün qədər sıxışdırmağa, kənarda saxlamağa çalışırlar. Düzdür, Rusiya konstitusiyasında azərbaycanlıların da vətəndaş kimi hüquqları var, seçkidə də iştirak etmək, dövlət qulluğunda da işləmək hüquqları verilir, lakin reallıqda, praktikada bu hüquqların təmin olunmasına müxtəlif əngəllər yaradılır. Rusiyanın rəsmi dairələri daim əllərindən gələni edirlər ki, azərbaycanlıların seçkili orqanlarda, dövlət qurumlarında yer tutmasının qarşısı alınsın. Niyə alınsın? Ona görə ki, onlara görə yalnız hər yerdə, hər yerin önündə ”böyük rus milləti" olmalıdır, azərbaycanlılar bu cür yerlərə layiq deyillər. Ancaq bu vəziyyət bizi kədərləndirirmi? Xeyr. Çünki Rusiya nə qədər bizi özündən kənara itələsə, bu bizim xeyirimizədir. Yəni azərbaycanalılara olan bu münasibət bütövlükdə Rusiyanın özünün əleyhinə işləyir".
Siyasi ekspert onu da qeyd etdi ki, Rusiyadan fərqli olaraq Azərbaycanda etnik, milli ayrı-seçkilik siyasəti tətbiq edilmir: “Azərbaycan dünyaya tolerantlıq nümunəsi təqdim edən dövlətdir. Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan bütün millətlərə sayından, dinindən, dilindən asılı olmayaraq bərabər yanaşır, heç bir ayrı-seçkilik etmir. Azərbaycanda istər dövlət qulluğunda, istər parlamentdə, digər seçkili orqan olan bələdiyyələrdə Azərbaycan vətəndaşı olan bütün millətlər təmsil olunurlar. Milli azlıqların təmsilçiləri sırasında generallar, yüksək vəzifələr tutan şəxslər, deputatlar var. Konkret olaraq Milli Məclisdə 30 ildir Rus icmasının rəhbəri Mixail Zabelin deputatdır. Zabelinin namizədliyi hakim partiya tərəfindən irəli sürülür. Amma Rusiyada belə deyil. Rusiyada yaxşı işlərdə ruslar önə çəkilir, amma pis işlərdə azərbaycanlılar və digər milli azlıqlar yada düşür. Məsələn, Ukraynaya qarşı müharibəyə göndərmək məsələsində azərbaycanlılar, həmçinin Rusiyada yaşayan müsəlman millətlər yada düşür və onlar daha çox müharibəyə göndərilir. Yəni bizləri orada ucuza xərclənəcək xam mal kimi görürlər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ