İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-nin “neytral vasitəçilik” təklifinin pərdəarxası

Həbsdə olan erməni canilərin ailələri ilə görüşünü təşkil etmək təkcə “humanitar təşəbbüs” deyil - Bakıdan reaksiyalar

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin kommunikasiya rəhbəri Zara Amatuni “Sputnik-Ermənistan”a bildirib ki, tərəflərin müraciəti və razılığı olacağı təqdirdə qurum neytral vasitəçi kimi Azərbaycanda saxlanılan ermənilərin ailələrinə, xüsusilə də Ruben Vardanyanla görüşmək istəyən arvadına kömək edə bilər. Bu açıqlama məhz Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonanbendin Bakıya gəlmək təşəbbüsünün gündəmdə olduğu bir vaxtda səslənir. Zonanbend artıq Ermənistan hakimiyyəti ilə görüşüb, onun Bakıya beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində səfər etmək niyyəti də çoxdan məlumdur.

BQXK-nın “neytral vasitəçi” kimi çıxış etməyə hazır olduğunu açıqlaması ilk baxışdan “humanitar təşəbbüs” təsiri bağışlaya bilər. Lakin bu təklifə yalnız “humanitar missiya” prizmasından baxmaq doğru olmaz. Çünki söhbət Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verən şəxslərdən gedir və onların ətrafında beynəlxalq ictimai rəy formalaşdırılması cəhdləri artıq uzun müddətdir davam edir. Aydındır ki, bu cür “vasitəçilik” təklifi, sadəcə, bir ailənin Vardanyanla görüşmək istəməsindən ibarət deyil. Burada beynəlxalq humanitar mexanizmlərdən istifadə etməklə əsas məqsəd Bakıya təzyiq göstərilməsi və Vardanyan məsələsinin yenidən beynəlxalq gündəmə gətirilməsidir.

Xatırladaq ki, BQXK 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərib. Lakin Qarabağ işğal altında olduğu dövrdə “neytral” qurumun Xankəndidə ayrıca missiyası fəaliyyət göstərib və Bakıdakı nümayəndəliyə deyil, İrəvandakı struktura tabe olub. Zamanında Laçın yolunda BQXK avtomobillərindən istifadə etməklə Azərbaycana bəyan edilməmiş yüklərin keçirilməsi faktı da ciddi qalmaqal yaratmışdı. 2025-ci ilin sentyabrında Azərbaycan hökumətinin qərarı ilə BQXK-nın ölkədəki fəaliyyəti dayandırılsa da, təşkilatın Cenevrədəki qərargahı Bakı ilə dialoqu davam etdirir. 2025-ci ilin dekabrında Cenevrədən gələn nümayəndələr Azərbaycanda münaqişə ilə bağlı saxlanılan şəxslərə baş çəkiblər.
Bəs BQXK-nın Bakıya “neytral vasitəçilik” təklifinə ekspertlər nə deyirlər?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin sözlərinə görə, bu məsələ xeyli vaxtdır ki, gündəmdə saxlanılır.

Çingiz Qənizadə: “Vətəndaşın məsuliyyətli olması əsas şərtdir” | Modern.az

“Söhbət onların ailələri ilə görüşməsindən getmir. Hətta Azərbaycan bu müraciəti nəzərdən keçirə də bilər. Sadəcə, bu görüşü böyük bir siyasi kampaniyaya çevirəcəklər. Onsuz da belə rəy yaradırlar ki, guya bu cinayətkarlar siyasi fəaliyyətinə görə həbs olunub. Üstəlik, onları girov adlandıranlar var. Halbuki bu şəxslər separatçı bir rejimə rəhbərlik ediblər. Hələ xeyli cinayətkar Ermənistana qaçıb. Əslində Balasanyan və başqaları da Bakı Hərbi Məhkəməsində mühakimə olunmalı idi. İndi isə bu qatillərdən siyasi məhbus obrazı düzəldirlər. Ona görə, əgər görüşə şərait yaradılsa belə, onlar bu məsələni beynəlxalq ictimaiyyət üçün siyasi prosesə çevirəcək. Sözügedən komitə də öz maraqlarını güdür və görüşün təşkilində rol almaqla piarını aparmaq niyyətindədir”, - deyə Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi hesab edir ki, bu təklifə yalnız rəsmi Bakı cavab verə bilər və dövlətin yerinə münasibət bildirmək səlahiyyətində deyil: “Biz, sadəcə olaraq, hüquq-müdafiə təşkilatı kimi məsələyə yanaşmamızı ortaya qoya bilərik. Zənnimcə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin belə bir təşəbbüslə çıxış etməsinə müsbət rəy olmaya bilər. Ancaq Ermənistan hökumətinin Azərbaycanla danışıqlar aparması mümkündür. Hazırda təmaslar var və İrəvan Bakıdan xahiş edə bilər ki, ailələri ilə görüşə şərait yaradılsın. Amma bunun necə qarşılanacağını deyə bilmərəm. Sözsüz ki, onlar ailə üzvləri ilə görüşə bilər. Hazırda telefon əlaqəsinə də şərait yaradılır. Amma Ermənistandan onların bura gəlməsi, bu səfərin özü belə siyasi gündəm yaratmağa hesablanıb. Əfsus ki, Avropa Parlamenti, Avropa Şurası və bir sıra təsisatlar da bu məsələdə qərəz nümayiş etdirir”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə düşünür ki, BQXK növbəti oyuna cəhd edir: “Əvvəla, Vardanyanın həyat yoldaşından başqa heç birinin ailəsi Bakıya gəlmək istədiyini deməyib. Ona görə də bu məsələni bir adamın üzərində şou qurmaqla gündəm yaradırlar. Vardanyanın guya siyasi məhkum olduğu haqda beynəlxalq aləmdə rəy yaradıblar və bu fikri gücləndirmək üçün həmin komitə də prosesə qoşulub. Biz Qırmızı Xaçın Qarabağda hansı oyunlardan çıxdığını yaxşı xatırlayırıq. İndi də guya hərbi canilər üçün canıyanan olublar. Əslində bu təşkilat 5-10 separatçı-cinayətkara görə öz nüfuzuna zərər vurmaqdadır. Sual yaranır ki, komitə niyə erməni məhbusların ailələri ilə görüşü üçün dəridən-qabıqdan çıxır? Deməli, burada maraqlar var, nəinki humanizm, insan haqları və s. Odur ki, məhz sözügedən təşkilatın vasitəçiliyinə qarşı çıxmaq lazımdır. Əgər belə bir görüş olacaqsa, bunu artıq Bakı və İrəvan öz arasında həll edə bilər. Yəni digər məsələlərdə ikitərəfli dialoq olduğu kimi, bu mövzuda da vasitəçisiz danışmaq mümkündür”.

Hüquqşünasın fikrincə, hərbi cinayət törətmiş şəxslər ətrafında spekulyasiyalara yol verilməsi qəbulolunmazdır: “Xüsusən də Vardanyanla bağlı kampaniyanın şahidiyik. İndi də ailəsi ilə görüş məsələsini ortaya atıblar. Sonra da müxtəlif bəyanatlar verərək Azərbaycanı ittiham etmək istəyirlər. Yəni bu məsələdə humanizmdən daha çox, siyasi hiylələr görmək olar. Ümumiyyətlə, bu adamlar Xocalı soyqırımından tutmuş, Gəncə və Bərdə terroruna, ekosid və urbisid cinayətlərinə qədər bir çox qanlı hadisələrin əsas icraçıları olan separatçı rejim rəhbərləridir. Onlar layiqli cəzalarını alıblar və insanlıqdan uzaq əməllərinə görə bədəlini ödəyirlər. İsrail faşist canilərini tapmaq üçün onilliklər sərf etdi, keçmiş Yuqoslaviya caniləri isə yalnız beynəlxalq birliyin müdaxiləsi ilə mühakimə olundular. Azərbaycan isə bu ağır missiyanın öhdəsindən təkbaşına gəldi. İndi isə o təşkilat bu adamlara görə canfəşanlıq edir...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR