İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana yenə “sendviç” bənzətməsi

ABŞ-ın mümkün sanksiya tədbirlərinin təsir dairəsinə düşə biləcək ölkələr sırasında adımızın çəkilməsi və İranın qonşu dövlətlərə hədələri...

ABŞ-nin İrana qarşı başlatdığı yeni iqtisadi təzyiq kampaniyası, xüsusilə Azərbaycanın adının Ağ Evin mümkün sanksiya tədbirlərinin təsir dairəsinə düşə biləcək ölkələr sırasında çəkilməsi Bakının qarşısında yeni suallar yaradır.

“Reuters” İranla iqtisadi əlaqələrini davam etdirən ölkələrin Vaşinqtonun yeni sanksiyalarından təsirlənə biləcəyi ölkələr sırasında Azərbaycan və Ermənistanla yanaşı, Çin, BƏƏ, Türkiyə, İraq, Oman, Pakistan və Hindistanın da adını çəkib. Bununla belə, Azərbaycanın İranla iqtisadi münasibətlərinin həmin ölkələrin bir qismi ilə müqayisədə daha məhdud olduğu vurğulanıb.

Məsələnin əsas mahiyyəti isə ondadır ki, söhbət hazırda Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiqindən getmir. Donald Tramp İranı iqtisadi cəhətdən təcrid etmək məqsədilə Tehranla hər hansı formada iqtisadi əlaqə saxlayan ölkələrin də “ağır iqtisadi nəticələrlə” üzləşə biləcəyini bəyan edib.

Azərbaycanın vəziyyətində (ölkəmizə ətrafındakı ölkələrə görə “geosiyasi sendviç” bənzətməsi edildiyi yenə yada düşür) əsas sual budur: Vaşinqton “İrana dəstək” anlayışını nə qədər geniş şərh edəcək? Əgər söhbət yalnız İrana maliyyə yardımı göstərən və ya sanksiyalardan yayınmasına kömək edən strukturlardan gedəcəksə, Azərbaycanın riskləri məhdud qala bilər. Ancaq İranla adi ticarət, tranzit və iqtisadi əməkdaşlıq da sanksiya predmeti kimi qiymətləndirilərsə, məsələ daha ciddi xarakter ala bilər.

Tehranın reaksiyası da vəziyyətin nə qədər sərtləşdiyini göstərir. İran xarici işlər naziri Abbas Əraqçi Trampın “iqtisadi D-Day” adlandırdığı kampaniyanı ABŞ-nin daxili problemlərindən, o cümlədən dövlət borcunun və faiz xərclərinin artmasından diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib. Bununla yanaşı, Tehran artıq qonşu ölkələrə də açıq xəbərdarlıq edib. İran rəsmiləri bildiriblər ki, ABŞ-nin iqtisadi müharibəsinə və yeni sanksiyalarına qoşulan qonşu dövlətlər İran tərəfindən düşmən kimi qiymətləndirilə və onların iqtisadi maraqları hədəfə alına bilər. Beləliklə, Bakı faktiki olaraq iki tərəfdən təzyiq riski ilə üzləşir: Vaşinqton İrana iqtisadi dəstək verən və ya onunla biznes aparan ölkələr üçün ağır nəticələr vəd edir, Tehran isə ABŞ-nin sanksiya kampaniyasına qoşulan qonşuları öz maraqlarına qarşı addım atan dövlətlər kimi qiymətləndirəcəyini bildirir...
Belə vəziyyətdə Azərbaycanın strategiyası necə olmalıdır?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın ən optimal strategiyası balanslı məsafə və praqmatik neytrallıq olmalıdır:

Mütəllim Rəhimli Ədalət Partiyasının sədri seçildi - FOTOLAR - Globalinfo.az

“Azərbaycan nə Vaşinqtonun İranı iqtisadi təcrid etmək kampaniyasının fəal iştirakçısı, nə də Tehranın ABŞ-yə qarşı iqtisadi müqavimətinin dayağı olmalıdır. Ən doğru xətt milli maraqlara əsaslanan praqmatik neytrallıq, sanksiyalara həssas sahələrdən uzaqlaşma və həm ABŞ, həm də İranla siyasi dialoqu qorumaqdır. Bu yanaşma Bakı üçün ”iki tərəfdən təzyiq" riskini tam aradan qaldırmasa da, onu idarəolunan səviyyədə saxlaya bilər. İranla iqtisadi əlaqələri tam dayandırmaq düzgün olmaz. Azərbaycan üçün İran, sadəcə, ticarət tərəfdaşı deyil, həm də Naxçıvan, tranzit, enerji və regional kommunikasiya baxımından əhəmiyyətli qonşudur. Buna görə, yəqin ki, Bakı Tehranın iqtisadi izolyasiyasına qoşulmaq xəttindən uzaq dayanacaq. Amma sanksiya riskli əməliyyatlardan da maksimum uzaq dayanmaq lazımdır. Xüsusilə dollar sistemi, beynəlxalq bankçılıq, sanksiyaya məruz qalmış İran şirkətləri, neft-qazın qeyri-şəffaf dövriyyəsi, ikili təyinatlı məhsullar və sanksiyalardan yayınma mexanizmləri Azərbaycan şirkətləri üçün ciddi risk yarada bilər. Çünki Vaşinqton artıq heç bir ölkənin avtomatik olaraq sanksiyalardan kənarda olmadığını bildirir".

M.Rəhimli qeyd etdi ki, Bakı Vaşinqtonla kommunikasiya kanallarını açıq saxlayır: “Azərbaycanın mövqeyi belə formalaşdırıla bilər ki, Azərbaycan İranın iqtisadi izolyasiyasına qoşulmur, lakin ABŞ və beynəlxalq maliyyə sisteminin qaydalarını pozmaq niyyətində də deyil. Tehrana da eyni mesaj verilməlidir ki, Azərbaycan heç bir üçüncü ölkəyə qarşı İran əleyhinə iqtisadi və ya hərbi platformaya çevrilmək niyyətində deyil. Eyni zamanda İran Azərbaycanın müstəqil xarici siyasətinə təzyiq göstərməməlidir”.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın İranla iqtisadi münasibətlərinin Çin və Türkiyə ilə müqayisədə daha kiçik olması da Bakının müəyyən üstünlüyüdür. Buna görə Bakı Vaşinqtonla açıq qarşıdurmaya girmədən İranla məhdud və nəzarətli iqtisadi əməkdaşlığı davam etdirmək üçün daha çox manevr imkanına malikdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR