Onlayn ictimai-siyasi qəzet
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsalında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 14,9565 milyon manat dəyərində dərman istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,9 % çoxdur.
Tibbi maska istehsalı isə 3,9 milyon ədədə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maska istehsalı 2,1 dəfə artıb. 1 avqust 2026-cı il tarixinə hazır məhsul ehtiyatları da açıqlanıb. Həmin tarixdə anbarlarda 553,7 min manatlıq dərman və 1,5 milyon ədəd tibbi maska olub.
Qeyd edək ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə farmakonəzarətin təşkili, yəni dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlərin və digər arzuolunmaz nəticələrin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi xüsusi önəm kəsb edir.
Nazirlər Kabinetinin “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında" Qərarı ilə dərman vasitələrinin qeydiyyat müddəti ərzində də farmakonəzarət sənədlərinin ekspertiza xidmətlərinin həyata keçirilməsi, həmin sənədlərin təqdim edilməsi üzrə müddətin hesablanması, dövrülüyü və digər məsələlərlə əlaqədar dəqiqləşmələr və əlavələr edilib. Tarif (qiymət) Şurasının 2 aprel 2025-ci il tarixində keçirilmiş növbəti iclasında bu Qaydanın tələblərinə uyğun olaraq dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri tənzimlənib.
Dərman istehsalının artması xaricdən dərman asılılığımızı azaltmaq üçün kifayət edirmi? Bəs keyfiyyət necə, əsas məsələ budur...
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, SSRİ-nin ilk antioksidant preparatı “Meksidol”un həmmüəllifi Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb:

“Bu gün dövlət büdcəsinin artmasında və gəlirlərinin formalaşmasında dərman satışının böyük əhəmiyyəti var. Lakin bir şərtlə, əgər dərmanları özümüz tam istehsal etsək, büdcəmizə, dövlətimizə və xalqımıza nə qədər böyük xeyir vermiş olarıq. Hazırda çoxsaylı maddi imkanlarımız dərman alışı səbəbindən xarici ölkələrə və xarici firmalara axır.
Təbii ki, Prezident İlham Əliyev Azərbaycanda dərman zavodunun açılması ilə bağlı qərar verdi və müvafiq dərman zavodu açıldı. Lakin bu cür dərman zavodlarının geniş şəbəkəsinin qurulması üçün ölkəmizdə daha böyük imkanlar var. Bu imkanlar nədən ibarətdir? Dərmanlar həm sintetik üsullarla, həm də təbii vasitələrdən alınır. Azərbaycanın florası, faunası bizə imkan verir ki, bu istiqamətdə böyük işlər görək. Həmçinin bu sahə üzrə kifayət qədər potensiallı əczaçı alimlərimiz - müvafiq kimyaçılarımız, fiziklərimiz, riyaziyyatçılarımız, həkimlərimiz və farmakoloqlarımız var. Zamanında Sovet dövründə Farmakologiya Elmi-Tədqiqat İnstitutunda çalışmış alimlərimiz olub. Yəni dünyanın müasir tələblərinə uyğun dərmanlar almaq üçün həm elmi, həm də təbii potensialımız var və bunlardan səmərəli istifadə etməliyik".
Farmakoloq qeyd edib ki, ən vacib məsələlərdən biri dərmanın keyfiyyətidir: “Dərmanları nə qədər çox özümüz istehsal etsək, onların keyfiyyətinə də özümüz nəzarət edərik. Çox hissəsini yerli istehsal hesabına təmin etdikdə, xaricdən gətirilən dərmanların keyfiyyət məsələsi bizi bu qədər narahat etməz. Həmçinin dərman zavodlarının açılması yeni iş yerləri deməkdir. Müvafiq elmi və texniki sahələr üzrə nə qədər mütəxəssisimiz işlə təmin olunar, büdcəmiz artar və xaricdən asılılığımız aradan qalxar. Dərman sənayesi son dərəcə böyük bir sahədir. Bəzən ”dərmanın keyfiyyəti yoxdur" ifadəsi işlədilir. Amma bu hal hər zaman dərmanın özü ilə əlaqədar olmur. Bu, qəbul etdiyimiz ərzaq məhsullarının, içdiyimiz suyun keyfiyyətindən də asılıdır. Çünki dərman qəbul edərkən insan qida da qəbul edir. Yediyimiz qidalar, tərəvəzlər, meyvələr və içdiyimiz sular nə qədər təmiz olarsa, dərmanın təsiri də bir o qədər güclü olar. Tələbələrimə də hər zaman tövsiyə edirəm ki, həkim olarkən hansı dərmanların hansı qidalarla qəbul edilib-edilməyəcəyinə mütləq diqqət yetirsinlər. Bu, çox vacib məsələdir. Həkimlərimizdən də xahiş edərdim ki, bu məqamı nəzərdən qaçırmasınlar, çünki düzgün qidalanma dərmanın müalicəvi təsirini dəfələrlə artırır.
Öz təcrübəmdən də qeyd edim ki, mən B6 vitamininin sintetik analoqu olan “Meksidol” preparatının həmmüəllifiyəm və SSRİ-nin ilk antioksidant preparatının yaradıcılarındanam. Görün, sintetik üsulla alınan bu preparatın ideyasını vaxtilə Nobel mükafatı laureatı, akademik Nikolay Semyonov vermişdi. Bəxtim gətirdi ki, ulu öndər Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən dönəmdə, institutumuzun direktoru ilə eyni soyadı daşıdığım üçün məni SSRİ-nin həmin elmi planına daxil etdirmişdi. O zaman cavan idim, böyük bir layihənin tərkibində olduğumu sonradan anladım. Ümumilikdə yerli dərman sənayesini inkişaf etdirmək üçün bütün elmi və təbii imkanlarımız mövcuddur və bu potensialdan maksimum istifadə etməliyik".
Afaq MİRAYİQ,
“Yeni MÜSAVAT”
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ