Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Xalqımız bir vaxtlar Azərbaycanın işğal olunduğu günü böyük kədər, qəm, qüssə ilə anırdı. Ancaq hər birmizin daxilində bir inam yaşayırdı: “Biz tezliklə öz torpaqlarımıza-dədə-baba yurdlarımıza qayıdacağıq”. Həmin unudulmaz, sevincli, yaddaşlara əbədi həkk olunan günü Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz bəxş etdi bizə. Artıq 3 ildir ki, xalqımız Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərini qürurla, təntənə ilə qeyd edir. Hər il avqustun 26- da laçınlılar da “Laçın şəhəri günü”nü böyük sevinclə qeyd edirlər, özü də doğma dəd-bəbə yurdlarında, isti ocaqlarında.

Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə nəticəsində imzalanmış Üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.Vətən müharibəsi başa çatdıqdan bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər edir, hər dəfə yeni müəsissələrin, yaşayış komplekslərinin özülü qoyulurdu. Dövlətimizin başçısı və Birinci xanım Laçın rayonuna ilk səfərlərini 2021- ci ilin fevral ayında reallaşdırdılar. Həmin gün rayonun Güləbird kəndində Azərbaycan Bayrağı ucaldıldı və su elektrik stansiyasının açılış mərasimi keçirildi. 2022- ci il sentyabrın 21-də isə Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı. Ümumiyyətlə, son 5 ildə Prezident İlham Əliyevin Laçına baş tutan 9 səfəri bu rayonun simasını tamamilə dəyişdi. Dövlətimizin başçısının və Birinci xanımın Laçın rayonuna hər səfəri laçınlılar üçün yada qalan oldu. Çünki hər səfər zamanı yeni obyektlərin, yaşayış komplekslərinin, təhsil, mədəniyyət müəssisələrinin, habelə turizm mərkəzlərinin açılış mərasimləri keçirilir, yenilərinin isə bünövrəsi qoyulurdu. Məhz bunun nəticəsidir ki, bu gün Laçın rayonu nəinki Azərbaycanın, hətta beynəlxalq aləmin turizm mərkəzinə çevrilir.
Bu gün Laçın rayonu özünün yeni inkişaf dövrünə qədəm qoyub. Dövlətimizin başçısı cənab İlham Əliyev bu inkişafı yüksək qiymətləndirərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Dağ zirvəsində yerləşən Laçın rayonunun Zerti kəndindəki “Laçın” İstirahət Kompleksi bölgənin turizm potensialını əks etdirən müasir istirahət mərkəzi olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərin bərpası və regionda turizmin inkişafına xidmət göstərən mühüm layihələrdən biridir. Bununla yanaşı, Laçın rayonunun enerji potensialı, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir, bölgənin beynəlxalq statusunu və əhəmiyyətini artıran layihələr uğurla icra edilir. Bu, həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Laçın İstirahət Kompleksi isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma və memarlıq yanaşmalarının parlaq nümunələrindən biridir.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır və Laçını yenidən canlandırır. Mürəkkəb coğrafi relyefə malik olan Laçında Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Bu cür beynəlxalq hava limanları həm təyinatı üzrə istifadə baxımından, həm də ümumiyyətlə strateji nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Ümumiyyətlə, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Bütövlükdə, Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. İndiyədək Laçın rayonuna (şəhər, Zabux və Sus kəndləri daxil olmaqla) 956 ailə, ümumilikdə 3650 nəfər sakin köçürülüb. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Kəndlər bərpa edildikcə, sakinlər mərhələli şəkildə dədə-baba yurdlarına köçürüləcəklər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Baş plana əsasən, şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ