İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluq məlumat yaydı

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanın ekstradisiya sorğusunu təmin edib. Beynəlxalq axtarışda olan Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana təhvil verilməsi ilə bağlı razılıq əldə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluğun Böyük Britaniyanın səlahiyyətli orqanlarına ünvanladığı ekstradisiya sorğusu və beynəlxalq prosedurlara uyğun təqdim edilən sənədlər əsasında aparılan danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edilib.

İstintaq materiallarına əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılan cinayət işi üzrə Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməkdə şübhəli bilindiyi qeyd olunur.

Bildirilir ki, o, əldə edilən vəsaitlər hesabına Bakıda fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar alıb, daha sonra həmin malları səyyar şəkildə sataraq vəsaitləri nağdlaşdırıb. İstintaq onun digər qanunsuz əməllərdə də iştirak etdiyini ehtimal edir.

Toplanmış sübutlar əsasında barəsində təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və İnterpolun Bakıdakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Böyük Britaniya ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun zəruri tədbirlər həyata keçirilir.

Baş Prokurorluq bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar və İnterpol ilə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2026

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR