İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda pravoslavlar Pasxa bayramını bu cür qeyd etdilər – Reportaj, fotolar  



Bu il müqəddəs Pasxa Günü - İsa Məsihin dirilməsi bayramı pravoslav təqvimi ilə ötən gün, yəni aprelin 24-də qeyd edildi.

Xatırladaq ki, katoliklər Pasxanı bir həftə əvvəl, yəni aprelin 17-də qeyd etmişdilər.

Beləliklə, Azərbaycanda  pravoslavlar aprelin 23-ü axşamdan etibarən kilsələrə toplaşaraq dualar edib, ayinlər icra ediblər. Məlum olduğu kimi Bakıda yaşayan pravoslavlar adətən metronun “28 may” stansiyasının yaxınlığında yerləşən “Müqəddəs Məryəm - mövlud” rus-pravoslav kilsəsinə üz tutur, gecədən səhərə qədər dualar oxuyurlar.

Pravoslavların Pasxasını yaxından izləmək üçün adı çəkilən kilsədə olduq. Ötən illərdə olduğu kimi bu dəfə də insanlar kilsəyə axın edirdi və pandemiyanın tələblərinə uyğun olaraq maskadan istifadə edirdilər. Bununla belə, kilsə daxilində maskadan istifadə etməyənlərə də rast gəlinirdi.

İnsanlar hələ kilsəyə daxil olmazdan kilsənin həyətində satılan bədmüşk budaqları, sünbül, yasəmən, müxtəlif rənglərdə lalələr və digər güllərdən alırdılar. Yaxınlaşıb, güllərin qiyməti ilə maraqlandıq. Qiymətlər demək olar ki, ötən illə müqayisədə eyni idi, bir tək sünbülün qiyməti  1 manatdan 2 manata qalxmışdı. Digərləri - bədmüşk budaqları 3 manat, qargülü 1 manat, lalələr 2 manat, yasəmən toplumu 5 manata satılırdı. Maraqlıdır ki, alıcılar bəzən aldıqları güllərin adını və rəmzini bilmirdi, sadəcə bayramla əlaqədar simvolik olaraq, onları almağa çalışırdılar.

Qeyd edək ki, inanca görə bədmüşk budağı adətən evdəki neqativ ab-havanı, xəstəlikləri, pislikləri özünə çəkir. Buna görə də Pasxa günü bu budaqlardan alıb kilsəyə gətirir, üzərinə keşiş su çilədikdən sonra onu evə gətirib, bir küncdə saxlayırlar. Adətlərinə görə növbəti Pasxa bayramına yaxın budaqları yandırır və bayramda yeni budaqlar alırlar.

Beləliklə, kilsənin zəngləri çalındıqca insanlar növbə ilə əllərində bədmüşk budaqları, şirniyyat səbətləri ilə birlikdə kilsəyə daxil olur,  dualar edən keşişə yaxınlaşırlar. Keşiş isə dua oxuya-oxuya yaxınlaşan insanlara və onların əllərindəki şirniyyatlara, bədmüşk ağacının budaqlarına su çiləyir, “İsa Məsih dirildi” deyib, bayramlarını təbrik edirdi.

 

Bəs Pasxa bayramı necə yaranıb?

Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Dini qaydaya görə, pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc tutur. Daha sonra Böyük cümə axşamı - mənəvi təmizlənmə günü keçirilir. Həmin gün inanclara görə İsa peyğəmbərin dəfni günüdür. Ardınca gələn Böyük şənbə günü kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan pravoslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edirlər. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir.

Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl, israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə “Pasxa” sözü də qədim yəhudi dilində “xilas olma”, “qurtulma” deməkdir.



Pasxa ölüm üzərində qələbə bayramı hesab edilir. Mart ayında, gecə və gündüz bərabərləşəndən 30 gün sonra ay bədirlənirsə, ilk bazar günündə bayram edilir.

Kilsədə olarkən müşahidələrimiz belə idi - kimisi dini ayinləri yerinə yetirir, kimisi şam yandırır, dualar edirdi. Kilsənin yuxarı köşəsində xor akapella şəklində “Aleluya” oxuyurdu. Ayinləri icra edən keşiş qarşıya çıxaraq əvvəlcə rus, sonra isə Azərbaycan dilində dualar edib, dünyaya sülh və əmin-amanlıq diləyirdi.

 

Boyanmış yumurta və kuliçin anlamı...


Dua və ayinləri yerinə yetirənlər kilsənin həyətində qurulan masanın ətrafına toplaşır, əllərindəki bayram səbətlərini süfrəyə düzürdülər. Kənardan adama elə təsir bağışlayır ki, onlar bunları satmaq üçün masaya düzüb. Lakin söhbətləşəndə məlum oldu ki, pravoslavlar adətləri üzrə şirniyyatların bir qismini aparıb bayram süfrəsinə düzür, digər qismini yaxınlarına, qohumların verirlər. Kim istəsə bir qismini masada, kimsəsizlər üçün sədəqə kimi qoyub, gedir.

Boyanmış yumurta və kuliç Pasxanın əsas rəmzlərindən hesab olunur. İnanca görə, kuliç yeyən şəxslər şər qüvvələrdən, pis ruhlardan uzaq olur. Kuliçi bişirdikdən sonra onu kilsəyə gətirir, keşiş tərəfindən üzərinə dualı su səpildikdən sonra yenidən evə aparıb, bayram süfrəsinə qoyurlar.

Boyanmış yumurtaya gəldikdə isə, yumurta boyamaq adətini Mariya Maqdalena ilə əlaqələndirirlər. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və “İsa dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: “Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq bir o qədər çətindir”. Həmin anda ağ yumurta dönüb qırmızı olub. O zamandan qırımızı yumurta dirilmə, Pasxa rəmzidir. İnanca görə, yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinc rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların “ilk günahdan” xilas olması üçün işgəncəli ölümü qəbul etmiş İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir...

Qeyd edək ki, Pasxa bayramı  üzrə bir həftə davam edəcək.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR