İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılara “Ana vətən” mesajının kodları

YAP-çı deputat: “Azərbaycan dövləti öz vətəndaşlarının və soydaşlarının hüquqlarını müdafiə etməkdə tərəddüd etmir”

“2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi — azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir”.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib
Musavat.com yazır ki, bu sözləri Prezident İlham Əliyev Yeni İl münasibətilə xalqa təbrikində deyib. Dövlət başçısı qeyd edib ki, azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir. Təhlilçilərə görə, Prezident xüsusilə Rusiyada yaşayan azərbaycanlılara bu dəstəyi ifadə edib. Çünki ötən il azərbaycanlılara qarşı qəddar münasibət şimal ölkəsində olub.

Prezident “Əl-Ərəbiyə” telekanalına müsahibəsində Yekaterinburqda Səfərov qardaşlarının OMON tərəfindən qətlə yetirilməsini, diaspor təşkilatlarının rəhbərlərinə hücumları dözülməz adlandırıb və Rusiyadakı azərbaycanlılara qarşı aqressiv münasibəti pisləyib. Sözsüz ki, ötən il İran–İsrail arasında 12 günlük müharibə zamanı da azərbaycanlıların taleyi dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edib.


Hətta döyüşlərin getdiyi günlərdə rəsmi Bakı İsrailə çağırış edərək İrandakı Azərbaycan şəhərlərinə qarşı həssaslıq göstərilməsini tələb edib. Lakin Prezidentin “2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir” cümləsi daha çox Rusiyadakı azərbaycanlılara verilən ismarışdır…

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb.

HİKMET SON.jpeg (40 KB)

Millət vəkili qeyd edib ki, bu mesajın birbaşa dövlətin ali siyasi iradəsi tərəfindən səsləndirilməsi təsadüfi deyil: “Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə bir sıra mühüm və strateji çağırışlar ön plana çıxdı. Bu çağırışların birincisi, şübhəsiz ki, həm Azərbaycan xalqına, həm də bütün dünyaya ünvanlanan güclü Azərbaycan dövləti mesajı idi. Prezident açıq şəkildə vurğuladı ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bilməli və dərk etməlidir: Azərbaycan dövləti onun arxasındadır. Bu mesajın birbaşa dövlətin ali siyasi iradəsi tərəfindən səsləndirilməsi təsadüfi deyildi. Çünki reallıqda da 2025-ci ildə və ondan əvvəlki dövrlərdə Azərbaycan vətəndaşlarının, eləcə də Azərbaycan vətəndaşı olmayan, lakin sayı təxminən 50 milyona çatan dünya azərbaycanlılarının hüquqi vəziyyəti və təhlükəsizliyi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Prezident daha əvvəlki çıxışlarında da dəfələrlə vurğulayıb ki, Azərbaycan dünyada yaşayan bütün azərbaycanlıların vətənidir və onların təhlükəsizliyi, salamatlığı birbaşa Azərbaycan dövlətinin məsuliyyət məsələsidir. 2025-ci ildə Suriyadan başlamış Rusiyaya, İrandan Avropanın bir sıra ölkələrinə qədər uzanan geniş coğrafiyada yaşayan azərbaycanlıların hüquqları Azərbaycan dövləti üçün bir nömrəli prioritet olub. Onların hüquqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin əsas vəzifələrindən biri kimi müəyyən edilib.

Vaxtilə aldadılaraq müxtəlif terror təşkilatlarının, xüsusilə saxta “İŞİD dövləti”nin təsiri altına salınaraq Suriyaya aparılmış vətəndaşlarımızın, onların övladlarının Azərbaycana qaytarılması prosesində dövlət qətiyyətli və prinsipial addımlar atıb. Bu, Azərbaycanın öz vətəndaşına münasibətdə nə qədər məsuliyyətli və humanist siyasət yürütməsinin bariz nümunəsidir.

Qonşu İranda İsraillə yaşanan gərginlik və hərbi toqquşmalar zamanı da Azərbaycan dövləti müxtəlif kanallar və vasitələrdən istifadə edərək azərbaycanlıların yaşadığı bölgələrin hərbi hədəfə çevrilməməsi üçün ciddi səylər göstərib. Eyni zamanda Avropada yaşayan və müxtəlif yollarla bizdən “oğurlanmış” vətəndaşlarımızın geri qaytarılaraq yenidən Azərbaycana qazandırılması istiqamətində ardıcıl addımlar atılıb və bu proses davam etdirilir. Gürcüstanda isə bəzi xarici qüvvələrin məqsədli şəkildə azərbaycanlıların birliyini pozmağa yönəlmiş cəhdlərinə qarşı Gürcüstan dövlətinin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində həmin insanların vətəndaş olaraq ümumi kimliyə və sağlam ictimai mühitə qaytarılması üçün konkret addımlar atılıb”.

Millət vəkili vurğulayıb ki, Rusiyada baş verən hadisələr fonunda etnik mənsubiyyətinə görə qeyri-hüquqi davranışlara məruz qalan azərbaycanlıların müdafiəsi məsələsində də Azərbaycan dövləti daim onların yanında olub:
“Rusiya tərəfinin son dövrlərdə sərgilədiyi aqressiv davranışlar, təəssüf ki, azərbaycanlıları etnik kimliyinə görə Azərbaycana qarşı təsir alətinə çevirmək cəhdləri ilə müşayiət olunub. Hətta günahsız azərbaycanlıların qətlə yetirilməsinə qədər gedib çıxan cinayət xarakterli addımlar atılıb. Onların biznes fəaliyyətləri məhdudlaşdırılıb, milli-etnik birliyi zəiflətmək məqsədilə icma təşkilatlarına ciddi zərbələr vurulub, aqressiv davranışlarla normal həyatları pozulub.

Bütün bu proseslərdə Azərbaycan dövləti qətiyyətli mövqe nümayiş etdirib. Rusiyada yaşayan həm Rusiya vətəndaşı olan, həm də Azərbaycan vətəndaşı olan soydaşlarımızın hüquqlarının qorunması üçün mümkün olan bütün addımlar atılıb. Hətta bir neçə dəfə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona rəsmi nota təqdim edilib. Bu da göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının və soydaşlarının hüquqlarını müdafiə etməkdə tərəddüd etmir və bu məsələni prinsipial şəkildə gündəmdə saxlayır.

Əlbəttə, bütün bu proseslər bizim həmrəyliyimizi daha da gücləndirir. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər əslində dövlətlə xalqın birliyinin siyasi və hüquqi düsturudur. Çünki güclü dövlət o zaman formalaşır ki, vətəndaşları tərəfindən dəstəklənir, güclü vətəndaş mövqeyi isə o zaman yaranır ki, dövlət öz xalqının hüquqlarını qoruyur. Hazırkı tarixi mərhələdə Azərbaycanda bu iki əsas komponent — xalq–dövlət və dövlət–xalq münasibətləri həmrəylik kontekstində ən yüksək zirvəsinə çatıb. Məhz bu amil bizi daha da güclü edir. Azərbaycan Prezidentinin verdiyi güclü dövlət mesajının mahiyyəti də elə bundan ibarətdir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR