Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələri ABŞ-ın məlumat təhili şirkəti Palantirdən asılılığı azaltmağa çalışırlar. Lakin ekspertlər hesab edirlər ki, şirkətin təhlükəsizlik, müdafiə və səhiyyə sistemlərinə dərin inteqrasiyası səbəbindən bu, asan olmayacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı geniş təhlil dərc edib.
Məqalədə bildirilir ki, ötən ay Fransa və Almaniyanın xüsusi xidmət orqanlarının "Avropanın suveren rəqəmsal infrastrukturunun" yaradılması barədə açıqlaması əslində Palantir üçün alternativ axtarışının başlanğıcı kimi qiymətləndirilir.
"Politico" yazır ki, Palantir hazırda Avropada polis, kəşfiyyat, ordu, səhiyyə və digər strateji sahələrdə geniş istifadə olunur. Məhz bu səbəbdən Avropanın şirkətdən tam imtina etməsi ciddi çətinliklərlə üzləşə bilər.
Fransalı deputat və rəqəmsal suverenlik tərəfdarı Filip Latomb nəşrə bildirib ki, Palantir böyük həcmdə məlumatı yüksək dəqiqliklə emal edir və illər ərzində topladığı təcrübə sayəsində bazarda rəqiblərindən xeyli irəlidədir.
"Palantirin məhsulu çox keyfiyyətlidir və müəyyən mənada asılılıq yaradır. O, Coca-Coladakı şəkər kimidir", – deyə Latomb bildirib.
Bununla belə, Avropada şirkətdən imtina tendensiyası artıq hiss olunur.
İspaniya hökuməti dövlət şirkətlərinə gələcəkdə Palantirlə yeni müqavilələr bağlamamağı tapşırıb. Fransa isə daxili təhlükəsizlik xidmətləri üçün Palantir əvəzinə yerli ChapsVision şirkətini seçib. Böyük Britaniyada isə 2027-ci ildə Milli Səhiyyə Xidmətinin (NHS) Palantirlə 330 milyon funt sterlinqlik müqaviləsinin uzadılıb-uzadılmayacağına qərar veriləcək.
"Politico" qeyd edir ki, NATO da hələlik Palantir üçün real alternativ görmür.
NATO-nun transformasiya üzrə ali komandanı admiral Pyer Vandye bildirib ki, alyansın döyüş meydanında istifadə etdiyi süni intellekt sistemləri baxımından Palantirə bərabər başqa həll mövcud deyil.
Nəşrin danışdığı NATO rəsmilərindən biri isə qeyd edib ki, Palantir peyk görüntülərinin təhlili, hədəflərin müəyyənləşdirilməsi, istifadə olunacaq silahın seçilməsi və sursat ehtiyatlarının avtomatik idarə olunması kimi funksiyaları eyni platformada həyata keçirə bilir.
Məqalədə şirkətin həmtəsisçiləri Aleks Karp və milyarder Piter Tilin siyasi mövqelərinə də toxunulur.
"Politico" yazır ki, Til ABŞ Prezidenti Donald Trampın ən tanınmış tərəfdarlarından biridir. Şirkətin ABŞ Miqrasiya və Gömrük Xidməti (ICE) və İsrail ordusu ilə əməkdaşlığı isə bəzi hüquq müdafiə təşkilatlarının tənqidinə səbəb olub. Bununla belə, Palantir bütün ittihamları rədd edərək fəaliyyətinin demokratik ölkələrin təhlükəsizliyinə xidmət etdiyini bildirir.
Müəllif hesab edir ki, Avropa üçün əsas məsələ təkcə Palantirdən imtina deyil, ümumilikdə ABŞ texnologiyalarından asılılığı azaltmaqdır. Onun fikrincə, əgər Avropa hökumətləri Palantirə alternativ yarada bilməsələr, gələcəkdə Amerikanın süni intellekt şirkətlərindən asılılıq daha da dərinləşəcək.
Arayış: Palantir Technologies 2003-cü ildə ABŞ-da yaradılmış məlumat analitikası və süni intellekt şirkətidir. Şirkət əsasən ABŞ hökuməti, Pentaqon, NATO, kəşfiyyat orqanları və iri korporasiyalar üçün böyük həcmli məlumatların emalı, təhlili və qərar qəbuletmə sistemlərinin hazırlanması ilə məşğuldur. Son illər Palantir müdafiə, təhlükəsizlik və süni intellekt sahəsində dünyanın ən nüfuzlu texnologiya şirkətlərindən biri hesab edilir.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ