Onlayn ictimai-siyasi qəzet
“Süni intellektlə (Sİ) bağlı qorxular real olsa da, onun bəşəriyyəti məhv etməsi perspektivi qeyri-müəyyəndir”. Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, süni intellekt planetə nəhəng zərər vura, məsələn, atom elektrik stansiyalarını məhv edə, nəqliyyat qovşaqlarının və iri istehsal müəssisələrinin fəaliyyətinin pozulmasına səbəb ola bilər. O əlavə edib ki, dövlətlərin bu texnologiyalardan istifadə barədə razılığa gəlməyə çalışması məntiqli olardı, amma korporasiyalar buna imkan verməyəcək.
“Odur ki, bircə şey qalır: qalibin mərhəmətinə ümid etmək. Bizim sevimli, insan əli ilə yaradılmış “ağıllı dost”umuz olan süni intellektin göstərəcəyi humanizmə ümid etmək. Bəlkə valideynlərə yazığı gələr”, - Medvedev vurğulayıb.
Dmitri Medvedevin səsləndirdiyi xəbərdarlıq kibertəhlükəsizlik və süni intellekt (Sİ) mütəxəssislərinin real qiymətləndirmələri ilə üst-üstə düşür. Sİ-nin özbaşına "insanlığı məhv etməsi" filmi ssenari kimi görünsə də, onun kritik infrastruktura törədə biləcəyi kiber və əməliyyat təhlükələri tamamilə realdır.
Kimya elmləri doktoru, Radiasiya Problemləri İnstitutunun yaradıcısı, uzun illər Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri olmuş akademik Adil Qəribov Musavat.com-a deyib ki, indiki dövrdə atom elektrik stansiyaları da, əksər texnoloji qurğuların istismarında rəqəmsal idarəetmə sistemləri geniş şəkildə istifadə olunur: “AES-lərdəki sterjenlərin hərəkəti, sonra bəzi məsələlər nəzərə alınaraq ikiqat nəzarətdə aparılır. Biri tam avomatlaşmış, yəni rəqəmsal idarəetmə yolu ilə aparılır, ikincisi də əllə idarəetmə də var. Bəli, müəyyən qəza hallarında və yaxud da hər hansı bir gərginlik, hər hansı bir dəyişiklik olan vaxtı süni intellektin qabaqlayıcı xəbərdarlığı vacibdir. Amma məsələnin digər tərəfi də var. Ona görə də, Dmitri Medvedev o sözü deyirsə, o, məsələdən agah olan adamdır, prezident olub, uzun müddət Baş nazir olub. Deməli süni intellektin AES-lərə ehtimal olunan təsirlərini nəzərə alır. Amma bu gün dünyada olan Atom Elektrik Stansiyalarının 99 faizində idarəetməyə hələlik süni intellektin girişi o səviyyədə yoxdur. Hər bir reaktorun da xüsusi bir göstəricisi var. Məsələn, müəyyən parametrlər reaktorun idarəetməsi ilə bağlıdır. Bu sterjenlərin yeridir, yanacağın səviyyəsidir, neytron selidir, müxtəlif məsələlərdir yəni. Əlbəttə, gələcək reaktorlarda, hansı ki, tam şəkildə avtomatlaşdırılmış və yaxud da rəqəmsallaşdırılmış idarəetmə sistemi tətbiq olunarsa, bu təhlükə gözlənilə bilər. Amma ki, reaktor istehsal edənlər süni intellektdən yaxşı xəbərdardırlar və ona görə də onlar yer qoymayacaqlar ki, süni intellekt AES-lərdə idarəetmə sisteminə müdaxilə etsin, onun hər hansı iş rejimini pozsun”.
Akademik yaxın günlərdə “Euronews”-da yayılmış xəbərə diqqət çəkib: “Verirdilər ki, gələcəkdə süni intellekt atom bombalarının düyməsini avtomatik şəkildə idarə eləyə bilər. Amma bu olmayacaq, çünki dünya buna yol verməyəcək. Dünyada olan başlıqların 60 faizi Rusiyadadır. Deməli, Rusiya kritik sistemlərinə girib düyməni sıxa, atom bombalarını partlada bilər. Bu, icrası mümkün olmayan ehtimaldır. Digər tərəfdən Rusiya atom bombaları Avropaya, Amerikaya istiqamətlənib. Rusiyaya müdaxilə bu ölkələrdən ola bilər. Bu isə həmin ölkələrə a heç bir halda sərf eləməyəcək. Çünki atom bombalarının trayektoriyasını dəyişdirmək çox çətin məsələdir. Süni intellekt, əlbəttə, gələcək üçün bütün sahələrdə olduğu kimi AES-lərdə də tətbiqi yararlıdır, gərəklidir. AES-lərin yeni idarəetmə üsullarını kəşf etmək, idarəetmənin optimallaşdırılması baxımından süni intellekt çox gözəl nəticələr verə bilər. Bilirik ki, süni intellekt də hər bir sahə üzrə data bazanın əsasında işləyir. Atom energetikasında da data bazaları ən azı 20 ildir ki, formalaşıb. Allah eləməsin, süni intellektdən istifadə etməklə o data bazalarına kənardan müdaxilə edərlərsə, çox şey dəyişə bilər. Amma yəqin ki, bunun qarşısının alınması yolları işlənilib və onun üçün dövlətlər rahat nəfəs alırlar. Ona görə də arxayın ola bilərsiniz ki, süni intellektlə nüvə reaktorlarının iş rejiminə girmək indi qeyri-mümkündür və gələcəkdə də buna yol verilməyəcək. Yəni süni intellektdən istifadə olunmaqla AES-in işinə müdaxilə olsa belə, bu və ya digər kritik hərəkətlərin icrası komandası verilsə belə həmin komanda da o biri komanda ilə uzlaşmalıdır. Bu isə mümkünsüzdür”.
E.Məmmədəliyev,
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ