Onlayn ictimai-siyasi qəzet
Fransanın Jirond bölgəsində baş verən meşə yanğınları gözlənilməz təhlükəni üzə çıxarıb. Le Porj (Le Porge) kəndində alovların təsiri nəticəsində torpağın altında qalmış İkinci Dünya müharibəsinə aid təxminən 400 sursat və minaatan mərmisi aşkar edilib.
Musavat.com xəbər verir ki, rəsmi açıqlamaya görə, yanğın zamanı ard-arda eşidilən güclü partlayışlar da məhz bu sursatların yüksək temperaturun təsiri ilə partlaması nəticəsində baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, əvvəlcə partlayış səslərinin qaz balonlarından qaynaqlandığı güman edilsə də, sonradan bunun müharibə dövründən qalmış partlayıcı sursatların alışması nəticəsində baş verdiyi müəyyən olunub.
Le Porj bələdiyyəsinin meri Martial Zaninetti bildirib ki, yanğının ikinci gecəsində 100-dən çox partlayış səsi eşidilib və yaşananlar döyüş zonasını xatırladıb. Yanğın nəticəsində 180-dən çox ev zərər görüb.
Merin sözlərinə görə, həmin ərazidə belə böyük sursat ehtiyatının olması barədə bələdiyyənin də məlumatı olmayıb.
Partlayışlar nəticəsində bəzi mərmilər ətrafa səpələnib, hətta onlardan biri yaşayış evinin içərisindən keçib. Bundan sonra hadisə yerinə xüsusi mina və bomba zərərsizləşdirmə qrupları cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
Fransa mətbuatının məlumatına görə, tapılan sursatlar arasında həm Fransa, həm də Almaniya ordularına məxsus minaatan və tank əleyhinə mərmilər var.
Təxminən 10 gün davam edən meşə yanğını artıq nəzarət altına alınsa da, mütəxəssislər ərazinin tam təhlükəsiz elan edilməsi üçün axtarış və təmizləmə işlərini davam etdirirlər. Bu səbəbdən okean sahili, bəzi düşərgələr və La Jenny ətrafındakı ərazilərə giriş hələ də məhdudlaşdırılıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ