Onlayn ictimai-siyasi qəzet
Regionda gərginliyin pik həddə çatdığı bir vaxtda Türkiyə qonşu İranda baş verə biləcək hərbi eskalasiyaya qarşı genişmiqyaslı hazırlıqlara başlayıb.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin Türkiyə diplomatik mənbələrinə istinadən yaydığı məlumata görə, Ankara İran və ABŞ arasında mümkün hərbi münaqişə ilə bağlı bütün ssenariləri dərindən analiz edir.
Diplomatik mənbə bildirib ki, Türkiyə rəhbərliyi münaqişənin miqyası və gedişatına uyğun olaraq müxtəlif hərəkət planları hazırlayıb. Bu planlara ilk növbədə İrandakı Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və lazım gələrsə, onların operativ təxliyəsi daxildir.
Ankara tərəfindən nəzərdən keçirilən tədbirlər arasında İranın suverenliyini poza biləcək hər hansı addım yer almır. Diplomatik mənbə xüsusi olaraq vurğulayıb ki, Türkiyənin bu hazırlıqları yalnız müdafiə və təhlükəsizlik xarakteri daşıyır: "İranın suverenliyini pozacaq hər hansı hərbi və ya siyasi hərəkət qətiyyən nəzərdən keçirilmir".
Qaçqın dalğası və sərhəd təhlükəsizliyi
Türkiyə həmçinin münaqişə baş verəcəyi təqdirdə İrandan gələ biləcək kütləvi qaçqın axınına qarşı da ehtiyat tədbirlərini gücləndirir. Şərq sərhədlərində nəzarətin artırılması və mümkün humanitar böhranın qarşısının alınması üçün müvafiq qurumlara tapşırıqlar verilib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ