İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam klubu “qaçqın” “Dinamo Kiyev”ə qarşı – Kim daha şanslıdır?

Ağdam təmsilçisi “Qarabağ” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində növbəti sınağına çıxacaq. Avropa Liqası ilə erkən vidalaşan Qurban Qurbanovun komandası üçün artıq geri dönüş yolu yoxdur. Ağdam təmsilçisi qrup mərhələsinə gedən yolda ümidlərini qorumaq istəyirsə, Ukraynanın nəhəng klublarından biri olan Kiyev “Dinamo”sunu mütləq keçməlidir. Qarşılaşma Polşanın Lyublin şəhərində yerləşən Motor Lublin Arena stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Motor Lublin Arena | Lublin

Qeyd edək ki, "Qarabağ" bu rəqibi mübarizədən kənarlaşdıracağı təqdirdə UEFA Konfrans Liqasının pley-of mərhələsinə yüksələcək və qrup mərhələsinə vəsiqə uğrunda son sınağa çıxacaq.

Bəs "Qarabağ"ın şansı varmı?

İdman yazarı Kənan Məstəliyev Musavat.com-a deyib ki, oyunun afişası böyükdür, dünənin bu gün ilə baş-baş gəlməsidir: “Sovet futbol tarixinin ən güclü komandası, son illərdə postsovet məkanının ən güclü komandasına qarşı oynayacaq. Ad olaraq möhtəşəm matçdır. Amma "Dinamo"nun sadəcə adı qalıb, tarixinin heç kölgəsi də deyil. "Qarabağ" isə ötənilki fantastik çıxışdan sonra yenilənmə mərhələsini keçir, tam gücü və formasını hələ bərpa etməyib. Kimin üstün gələcəyini görmək çox maraqlı olacaq”.

Kənan Məstəliyev: 'UEFA reytinqinin 90%-dən çoxu “Qarabağ” Futbol Klubunun  uğurudur'

Jurnalist bildirib ki, "Dinamo" uzun illərdir adına layiq çıxış etmir, ötən mövsüm Ukrayna liqasında yalnız 4-cü pilləni tuta bilib, Avroliqanın ilk təsnifatında "Universitatya Krayova"nı iki qolsuz matçın sonunda penallarda keçib, sonra PAOK-a hər iki matçda məğlub olub. “Heyət super deyil, üstəlik, psixoloji olaraq çox dağınıqdırlar. Baş məşqçi İqor Kostyuk da çemodan vəziyyətindədir, yəni hər an qovula bilər”,_ Məstəliyev bildirib.

Onun fikrincə, "Qarabağ" hələ tam forma yığmadan belə kiyevliləri darmadağın edəcək gücdədir: “Qurban Qurbanovun yetirmələri Sofiyadakı tempi bu dəfə də ortaya qoysalar, "Dinamo"nun şansı yoxdur. Cütün aşkar güclü tərəfi məhz bizik. Digər tərəfdən, bunu bilə-bilə "əvvəlki "Dinamo" deyil" deyib meydana çıxsaq, problem yaşaya bilərik. Ona görə də matça da, rəqibə də ciddi və hörmətlə yanaşmaq lazımdır”.

K.Məstəliyevin fikrincə, Kiyev təmsilçisi oyun planında xüsusi heç nə ilə fərqlənmir, klassik 4-2-3-1 üzərində oyun qurur, cinahlardan aktiv istifadə edərək təhlükə yaratmağa çalışır, mərkəzdən də bəxtlərini sınaya bilirlər: “Amma taktiki intizam problemləri var. Planı sabit həyata keçirə bilmirlər, oyun ərzində kökdən tez-tez düşərək sadə səhvlərlə yadda qalır, bu səbəbdən çətinliklər yaşayırlar. "Qarabağ" isə bu baxımdan güclü komandadır. Fiziki, təbii aritmiyadan başqa "köhlən atlar"ın matç zamanı belə enişli-yoxuşlu oyunu olmur, kollektiv öz planını doğru və sabit yerinə yetirir. Amma bəzi suallar da var. Məsələn, Savonun yerində kim oynayacaq? Musa oynayacaq, elə də olmalıdır. Sefas hücumçu deyil, ora öyrəşməyib, orada Qurbanlı qədər effektiv ola bilməz, çünki ampluaca uyğun gəlmir. Sonra uyğunlaşacaq, yaxşı oynayacaq, qollar vuracaq, bu sonranın söhbəti olacaq. Komandanın bitiricilik problemi var və Musaya şans verilməlidir. İnanmaq olar ki, ağdamlılar elə ilk matçdaca bunu sübut edəcək və Bakıya komfort üstünlüklə qayıdacaqlar”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR