İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizi sazişi – Azərbaycan faktoru burada da öz sözünü deyir

ABŞ Ermənistanla TRIPP - Zəngəzur dəhlizi ilə bağlı saziş imzalayıb.

Musavat.com bildirir ki, bu barədə yerli mediaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Cəmi bir neçə saniyə əvvəl mən sizin gözləriniz qarşısında Ermənistan-ABŞ TRIPP Çərçivə Sazişi imzaladım”, XİN başçısı Ararat Mirzoyan bildirib. Xatırladıb ki, bir neçə gün əvvəl o və ABŞ-nin dövlət katibi Marko Rubio ilkin sazişi imzalayıb. “Müqavilə imzalandı və sənəd Ermənistana göndərildi. İndi mən erməni tərəfi olaraq imzalamışam. Beləliklə, məsafədən imzalanma prosesi başa çatıb və saziş ratifikasiyaya hazırdır”, Mirzoyan bildirib. Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi bundan əvvəl Strateji Əməkdaşlıq üzrə TRIPP Çərçivə Sazişinin mətnini dərc edib.

Beləliklə, Zəngəzur dəhlizi ilə bağlı daha bir addım atıldı, özü də seçkilər ərəfəsində...

Bir neçə gün əvvəl Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirmişdi ki, dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq. Şərq-Qərb dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd edib: “Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək”.

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin ölkəsinin ərazisindən keçən hissəsində işlərə 2026-cı ilin ikinci yarısından başlanacağını demişdi. Azərbaycan Prezidenti hələ ötən il Vaşinqton görüşündən sonra vaxt itirmədən işlərə başlamağın zəruriliyi barədə xəbərdarlığını etmişdi. Beləliklə, Azərbaycan faktoru burada da öz sözünü deyir. Görünən budur ki, seçkilərdən sonra Ermənistanda ilkin addımlara başlanılacaq, elə bürokratik aparatın müvafiq addımlar atması da bundan xəbər verir.

Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, TRIPP Çərçivə Sazişinin imzalanması Cənubi Qafqazda yeni mərhələnin başladığını göstərən mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər:

Tural İsmayılov: “Rusiya ABŞ-ilə Ermənistan arasındakı müqavilədən  narahatdır” | KONKRET

“Bu proses həm Ermənistanın, həm də Azərbaycanın regionda iqtisadi əlaqələrin genişləndirilməsi və kommunikasiya xətlərinin açılması istiqamətində daha praktik mərhələyə keçid etdiyini göstərir. Ermənistan baxımından bu saziş ölkənin uzun illərdir üzləşdiyi nəqliyyat blokadasının yumşaldılması və regional iqtisadi sistemə daha aktiv inteqrasiyası üçün mühüm imkan kimi görünür. İrəvan üçün bu tip layihələr xarici investisiyaların cəlbi, tranzit ölkə statusunun gücləndirilməsi və iqtisadi diversifikasiyanın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır”.

T.İsmayılov qeyd edib ki, Ermənistanın Qərblə əməkdaşlıq xəttini dərinləşdirməsi də bu kontekstdə onun xarici siyasətində yeni mərhələnin formalaşdığını göstərir: “Azərbaycan isə bu prosesdə əsas təşəbbüskar və regional nəqliyyat arxitekturasının formalaşdırıcısı kimi çıxış edir. Bakı illərdir Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasını, qarşılıqlı suverenliyə hörmət əsasında əməkdaşlığın genişlənməsini və regionun iqtisadi inteqrasiyasını müdafiə edir. Azərbaycanın irəli sürdüyü nəqliyyat baxışı bu gün daha geniş beynəlxalq qəbul qazanmaqla regionun əsas inkişaf xəttinə çevrilir. Azərbaycanın mövqeyi həm də real infrastruktur və logistik imkanlarla gücləndirilir. Ölkə artıq Şərq -Qərb və Şimal - Cənub nəqliyyat dəhlizlərinin əsas həlqələrindən biri kimi çıxış edir və bu status onun regional təsirini daha da artırır. Bu baxımdan Zəngəzur istiqamətində kommunikasiyaların açılması ideyası da Azərbaycanın uzunmüddətli strateji xəttinin davamı kimi görünür”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan üçün bu proses həm də yeni iqtisadi reallığa uyğunlaşma mərhələsidir: “Regionda sərhədlərin və kommunikasiya xətlərinin açılması İrəvanın iqtisadi əlaqələrini genişləndirə, ölkəni regional ticarət dövriyyəsinə daha dərindən inteqrasiya edə bilər. Bu isə Ermənistan iqtisadiyyatının daha açıq və çevik modelə keçidini sürətləndirə bilər. Nəticə etibarilə, TRIPP sazişi həm Ermənistan, həm də Azərbaycan üçün fərqli, lakin bir-birini tamamlayan strateji imkanlar yaradır. Azərbaycanın regional liderlik və bağlantı təşəbbüsləri, Ermənistanın isə iqtisadi inteqrasiya və açılma maraqları bu prosesdə ortaq nöqtədə görüşür və bu da Cənubi Qafqazda daha sabit və əməkdaşlığa əsaslanan yeni mərhələnin formalaşmasına şərait yaradır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR