İnsanlara hürriyət, millətlərə istiqlal!

“70 faizlə ŞOK endirim” yazıb insanları aldadırlar”: alıcılardan etiraz - paytaxt dükanlarından reportaj

Artıq qış fəslini geridə qoyub yaz mövsümünə keçid etmişik. Bu səbəbdən də əksər geyim mağazaların vitrinlərində qış kolleksiyalarına son endirimlərlə bağlı elanları görmək olur. Çox vaxt isə “ŞOK” endirim, 70 faiz endirim  yazaraq mağazalar alıcıları cəlb etməyə nail olurlar. Amma insanlar əksər vaxtlarda aldadıldıqlarını, bəzi mağazalarda “endirim”lərin olduğundan da artıq şişirdildiyini deyirlər.

Ekspertlər qeyd edirlər ki, yüksək məbləğə satılan geyimlərin sonradan 70 faiz endirimlə təklif olunması  insanları aldatmamalıdır. Əslində isə o mallar elə endirim qiyməti ilə satılan dəyərdə olur. Sadəcə olaraq mövsüm başlayanda 3-4 dəfə artıq qiymətə satışa çıxarılır, mövsüm bitəndən sonra isə həmin geyimlər dəfələrə ucuz qiymətə satılır...   

Musavat.com-un əməkdaşı olaraq paytaxtda ən çox alıcısı olan geyim mağazalarına yollandıq, bu il vəziyyət necədir, yenə də yalançı endirimlər varmı, onu öyrənməyə çalışdıq.

Müşahidələrimizi isə ilk olaraq məşhur markalardan biri olan “Çinici” mağazasında apardıq. Burada ən böyük endirim kampaniyasının şahidi olduq. Qış kolleksiyasına aid olan geyimlər endirimə düşmüşdü, məsələn, 145 manata olan donun qiyməti 45 manata enib. Mağazada diqqətimizi çəkən başqa bir nüans da oldu. Endirimdə olan malların sayı az idi. Digər geyimlər çox yüksək qiymətə satışa çıxarılmışdı. Alıcılar da bununla bağlı şikayət etdilər. “Bir-iki mala yalandan endirim adı qoyurlar, digərləri od tutub yanır”.

e51bff74-53c9-4379-8642-c4a1f777edd0.jpg (146 KB)
                                                                      
Buradan çıxıb “Bershka” geyim mağazasına gedirik. Mağazaya daxil olarkən “30% endirim” yazılmış lövhələr və alıcı sayının çoxluğu diqqətimizi çəkdi. Satıcının dediyinə görə endirimlər əsasən qış geyim kolleksiyasına aiddir: “Endirimlər qış geyimlərindən olan gödəkcə və şalvarlara şamil edilir və yay paltarlarında endirimlər hələ ki yoxdur.  Məsələn, 109 manatlıq  gödəkcə  30% endirimlə 76 manata düşüb”. Burada məhsulların qiyməti baha olduğuna və geyimlərə endirim çox edilmədiyinə görə alıcılar tez bir zamanda mağazanı tərk edirdilər.

42631985-4faa-4abe-84ec-d019c380ca9f.jpg (102 KB)

Buradan da çıxıb, keçirik yaxınlıqda yerləşən “Zara” mağazasına. Dünya markalarından sayılan “Zara” geyim mağazasına daxil olduğumuz zaman burada da endirim qiymətin yalnız bir geyimə aid edilməsi nəzərimizi çəkdi. Qadın pencəyinin qiyməti 40% endirimlə 149 manatdan  89 manata düşüb.  

Müşahidələrimizi Nizami rayonunda yerləşən geyim mağazalarında davam etdiririk.  

İlk olaraq “New Yorker”  mağazasına daxil oluruq. Burada “Geyimlərdə 40-50%  endirim” elanı  diqqətimizi çəkir. Satıcı bizimlə söhbətdə bildirdi ki, mağazada endirimlər olanda alıcı sayı daha çox olur: "Hazırda endirimlər əsasən qış geyimlərinə aiddir, ancaq yay paltarlarında da endirimlər var. Hazırda geyimlərin öz qiymətləri ilə endirilmiş qiymətləri arasında 5-6 manat fərq var. Alıcılar da bu fürsətdən istifadə edərək mağazadan əli boş çıxmırlar".

91123dc2-c395-462d-bb7e-89b3657ccaac.jpg (144 KB)

Satıcı ilə söhbətimizi bitirdikdən sonra elə yaxınlıqda yerləşən “Lc Waikiki” və  “Sarina” geyim mağazalarına keçdik. Buradakı satıcılarla  söhbətimiz zamanı  geyimlərdə 50% endirim olduğunu öyrəndik. Həmçinin satıcı onu da əlavə etdi ki, geyimlərə qoyulan qiymət maya dəyərindən 8-9 manat çoxdur. “Məsələn 28 manatlıq geyimin maya dəyəri 20 manatdır”. Mağazadakı paltarlara baxarkən xanımların söhbətinə də şahid olduq: “Mövsümə aid olmayan paltarların qiymətləri hələ enib, belə bahadır. Yeni paltarlara da guya endirim olub, amma qiymətlərə yaxın gediləsi deyil”.

Flora Əsgərli
Musavat.com

22dbc07d-17c4-4922-90bb-1ece665845f8.jpg (140 KB)

0c4d7e0c-d0f3-498e-aac6-a149b896ee5e.jpg (144 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR